Danışıqlar prosesində sürətli irəliləyiş var, kənar müdaxilə yoxdur
Prezident İlham Əliyev Kanadanın ölkəmizdə yeni təyin olunmuş səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən Ermənistanla sülh prosesindən danışıb. Dövlət başçısı vurğulayıb ki, hazırda ikitərəfli səviyyədə daha yaxşı nəticələr görünür. Ölkə rəhbəri bəyan edib ki, kiminsə tərəfindən bu prosesə müdaxilə yoxdur: “Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində razılıqlara gələ bilirik. Düzdür, hələ sülh müqaviləsi imzalanmayıb, lakin artıq sərhədlərin delimitasiyasına nail olunub”.
Həmçinin Prezident qeyd edib ki, Ermənistanla sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik: "Bununla yanaşı, hesab edirik ki, danışıqlar prosesi çərçivəsində kifayət qədər sürətli irəliləyirik. Bildirim ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi. Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”.
Prezident İlham Əliyev qeyd etdi ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq: "Ermənistan 28 illik bir dövrdə beynəlxalq hüququn fundamental prinsipləri ilə razılaşmaq istəmədi. Onlar bütün humanitar qanunları pozdular, BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrinə məhəl qoymadılar. Heç kim onlara zərrə qədər də irad tutmurdu". Dövlət başçısı bildirib ki, münaqişə barədə danışan bir çox ölkələr Azərbaycanın ərazi bütövlüyünə sadiqlik bəyan etmirdilər".
Prezident vurğulayıb ki, indi - biz Ermənistanın işğalçı ordusuna döyüş meydanında qalib gəldikdən və onları torpaqlarımızdan qovduqdan sonra bizim ərazi bütövlüyümüzə dəstəklə bağlı bəyanatlar eşidirik: “Amma biz bunu artıq özümüz təmin etmişik. Kiminsə bizim ərazi bütövlüyümüzü tanıyıb-tanımaması mahiyyət kəsb etmir”.
Azərbaycan Prezidenti qeyd edib ki, bu, torpaqlarımız işğal altında olan bir dövrdə önəmli idi: “Bəli, bir sıra Qərb ölkələrində ermənipərəst sentimentlərin mövcudluğu, erməni diasporunun rol oynaması məlumdur. Amma beynəlxalq hüquqa gəldikdə, bu emosiyalar kənara qoyulmalıdır. Lakin bunu anlamaq önəmlidir ki, 28 illik bir dövrdə razılaşdırıla bilməyən məsələlərin 1-2 ilə həll edilməsi çətindir. Həm də Azərbaycan ilə Ermənistan arasında substantiv danışıqlara demək olar ki, dekabr ayında başlanılıb. Çünki ondan əvvəl Ermənistan sülh müqaviləsinə dırnaqarası “Dağlıq Qarabağ” məsələsini salmaq istəyirdi və bu, qəbuledilməz idi”. Prezident İlham Əliyev vurğulayıb ki, çünki bu, bizim daxili məsələmizdir: “Beləliklə, separatçı rejim ləğv edildikdən sonra dekabr ayından başlayaraq danışıqlar cəmi 6 aydır gedir”. Dövlətimizin başçısı bildirib ki, buna zaman lazımdır və əlbəttə, sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir: “Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Bu, məlum məsələdir”.
Politoloq Abutalıb Səmədov "Sherg.az"a açıqlamasında deyib ki, sülh danışıqlarına kənar müdaxilələr iki istiqamətdən olub və prosesə uzun müddət mane olub. Ekspertin sözlərinə görə, bir tərəfdən Rusiyanın, digər tərəfdən Amerika Birləşmiş Ştatları və Avropa Birliyinin müdaxilələri prosesin uzanmasına gətirib çıxarıb:
"Onların mövqelərinin nəzərə alınması, xüsusilə danışıqların keçiriləcəyi yerlə bağlı iki tərəfin barışmaz mövqe tutması prosesə ciddi şəkildə mane olurdu. Kanada səfirinə kənar müdaxilələrdən danışan Prezident həm də Rusiyanın prosesdə olmadığı mesajını verir. Qeyd edir ki, məhz kənar müdaxilələr olmadığı üçün sərhədlərin delimitasiya və demarkasiyasında irəliləmək mümkün olub. Ancaq eyni zamanda onu da demək lazımdır ki, son dövrlər Amerika Birləşmiş Ştatları və onun Avropadakı müttəfiqləri də konstruktiv mövqe tuturlar. Onların tutduğu mövqe sülh razılaşmalarını sürətləndirməyə imkan verir. Əgər hazırda prosesdə müəyyən ləngimələr varsa, o da kənar müdaxilələrlə bağlıdır. Qranada razılaşması və orada qəbul edilmiş üç prinsipin altında Fransa, Avropa Birliyi və Ermənistanın imzası var idi. Həmin prinsiplər sülh razılaşmasının imzalanmasını ləngidirdir. Müəyyən məsələləri müzakirə etmək olar. Ancaq kommunikasiyaların bərabərlilik və qarşılıqlılıq prinsipi əsasında açılması tələbi Azərbaycan üçün məqbul deyil. Fransa kimi ölkələrin tutduğu mövqe Ermənistanın barışmaz, qeyri-konstruktiv mövqe tutmasına gətirib çıxardı".
A.Səmədov sülhə əngəl törədən digər məqamlara da diqqət yönəldib:
"Dövlət başçısının bəyan etdiyi kimi sülhə mane olan müddəalardan biri də Ermənistanın hazırkı konstitusiyası, Azərbaycana qarşı ərazi iddialarıdır. Bunun hələ hansı formada həll olunacağı məlum deyil. Çıxış yolu tapmaq mümkündürmü? Əlbəttə, ilk növbədə Qərb bu məsələdə Ermənistanı düzgün yönləndirməli, məsləhətlərini verməlidir. Hər halda ümidimizi itirmirik. Azərbaycan Prezidenti yaxın aylarda sülh sazişinin imzalanmasının mümkün olduğunu deyir və hamımız bunun mümkünlüyünə inanırıq".