Azərbaycan-Kanada əlaqələrinin inkişafının Ermənistanla sülhə heç bir aidiyyəti yoxdur
"Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın yeni səfirini qəbul edərkən bildirdi ki, keçmiş Minsk qrupunun üzvləri münaqişənin həllinə nail ola bilmədilər, daha doğrusu, olmaq istəmədilər. Onlar Ermənistanın həyata keçirdiyi işğal siyasətinin müxtəlif səbəblər üzündən həmişəlik davam etməsini istəyirdi". Bu barədə politoloq Əlisahib Hüseynov deyib.
Ekspert bildirib ki, həmsədrlərin havadarlığına arxalanan təcavüzkar Ermənistan da torpaqlarımızı həmişəlik olaraq işğal altında saxlamağa çalışırdı: "Ancaq Azərbaycan beynəlxalq münasibətlərdə hökm sürən bütün ədalətsizliklərə və Ermənistanın güclü havadarlarının mövcudluğuna baxmayaraq, bölgədəki “status kvo”nu hərbi yolla dəyişməyi, öz torpaqlarını işğaldan azad etməyi, beynəlxalq hüququ və tarixi ədaləti bərpa etməyi bacardı. Azərbaycan bunu beynəlxalq hüquqa əsaslanaraq təmin etdi. Hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması və Cənubi Qafqazda dayanıqlı sülhün təmin edilməsi istiqamətində rəsmi Bakının göstərdiyi səylər də bilavasitə beynəlxalq hüquqa əsaslanır. Bu, Azərbaycan üçün prioritet sayılır. Ərazilərini işğaldan azad etmiş dövlətimizin Ermənistandan öncə sülh təklifləri ilə çıxış etməsi də məhz bundan qaynaqlanır. Dövlət başçısı bildirdi ki, hazırda biz ikitərəfli danışıqlarda daha yaxşı nəticələr görürük. Bunun nəticəsidir ki, indi heç bir vasitəçi tərəfindən prosesə müdaxilə yoxdur. Sərhədlərin delimitasiyası, hətta nadir hal olan demarkasiya məsələlərində də razılıqlara gələ bilirik. Düzdür, hələ yekun sülh müqaviləsi imzalanmayıb. Lakin artıq sərhədlərin delimitasiyası istiqamətində müsbət nəticələrə nail olunub".
Analitik əlavə edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin olmaması hər hansı bir ölkənin regionda fəaliyyətinin səviyyəsinin müəyyənləşdirilməsi üçün həlledici amil ola bilməz: "Bu, həmçinin Kanadaya da aiddir. Yəni ki, Azərbaycan-Kanada əlaqələrinin inkişafının Ermənistanla sülhə heç bir aidiyyəti yoxdur. Nəzərə alsaq ki, Azərbaycan ilə Avropa İttifaqının 10 ölkəsi arasında strateji tərəfdaşlıq haqqında bəyannamələrin bir çoxu məhz torpaqlarımızın işğalı zamanı imzalanıb. Deməli, Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin olmadığı hazırkı məqamda da istənilən ölkə ilə, o cümlədən Kanada ilə ikitərəfli əlaqələri inkişaf etdirmək, dərinləşdirmək mümkündür. Başqa sözlə desək, heç bir ölkə özünü ermənipərəst siyasətin girovuna çevirməməlidir. Bu, Azərbaycan Prezidentinin ən önəmli mesajlarından biridir. Sülh sazişinin başlıca şərti Ermənistanın konstitusiyasının dəyişdirilməsidir. Çünki onun tərkibində Azərbaycana qarşı ərazi iddiaları var və bu, baş verməyənə qədər sülh sazişi imzalanmayacaq. Ermənistan gerçəkdən də Cənubi Qafqazda qalıcı sülhün tərəfdarıdırsa, Azərbaycana qarşı ərazi iddialarına mütləq son qoymalıdır. Azərbaycan bununla bağlı dəfələrlə rəsmi səviyyədə xəbərdarlıqlar edib. Milli təhlükəsizliyimizə və ərazi bütövlüyümüzə birbaşa təhdidlər yaradan Ermənistanın Müstəqillik Aktında və konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarının ləğv edilməsini tələb etməyə Azərbaycanın legitim hüququ var. Bu, rəsmi Bakının birmənalı mövqeyidir və Prezident İlham Əliyev kanadalı diplomatla söhbəti zamanı bir daha bu mövqeyimizi açıq surətdə bəyan etdi".
Ə.Hüseynovun fikrincə, lokal antiterror əməliyyatından sonra Qarabağı könüllü tərk etmiş ermənilərin qayıdış hüququ müstəsna hal kimi götürülə bilməz: "Bu gün ermənilərin təəssübkeşi kimi çıxış edənlər, müxtəlif mərhələlərdə köklü Azərbaycan əhalisinin indiki Ermənistan ərazisindən etnik təmizləməyə məruz qaldığını və onlara aid maddi-mədəni irsin tamamilə dağıdıldığını da nəzərə almalıdırlar. Yalnız bu halda əsl ədalətdən danışmaq mümkündür. Beləliklə, Azərbaycan Prezidenti beynəlxalq birliyi Qərbi Azərbaycan icmasına qarşı ədalətli mövqe tutmağa çağırdı. Burada hər hansı ikili yanaşmalardan söhbət belə gedə bilməz. Qərbi azərbaycanlıların hüquqlarının təmin edilməsi rəsmi Bakı üçün prioritet məsələlərdən biridir".