İndi Makronun siyasi səhnədəki vəziyyəti qeyri-müəyyən, dramatik və təhlükəlidir
Milli Birlik Partiyasının səs çoxluğu əldə etməməsi üçün “Respublika naminə birlikdə” prezident koalisiyasından və Yeni Xalq Cəbhəsi solçu blokundan deputatlığa namizədlər namizədliklərini geri götürüblər. Bu barədə “Le Monde” nəşri məlumat yayıb. Məlumatda qeyd olunub ki, 185 namizəd seçkilərdən imtina edib. İkinci turda iştirakdan solçulardan 121, prezident koalisiyası və digər partiyalardan 60 nəfər imtina edib”. Bildirilib ki, seçkilərə 18 saat qalmış partiyalar ikinci turda iştirak edəcək namizədlərin siyahısını təqdim etməlidir. Qeyd edək ki, Fransada keçirilən parlament seçkilərinin birinci turunda sağ Milli Birlik Partiyası qələbə qazanıb. Seçkilərin ikinci turu iyulun 7-də keçiriləcək.
Milli Birlik Partiyasının lideri Marin Le Pen deyib ki, Fransa Prezidenti Emmanuel Makron hökumət strukturlarında inzibati çevriliş hazırlayır, müxalifətdən olan baş nazirin ölkəni idarə etməsinin qarşısını almaq üçün son anda dəyişikliklərə gedir: “Prezident sabah, yəni seçkilərin ikinci turuna dörd gün qalmış milli polisə yeni rəis təyin etməyə hazırlaşır. Bundan başqa, Milli Jandarma İdarəsinə, onlarla prefektə yeni təyinatlar da olacaq. Məqsəd Jordan Bardellanın ölkəni istədiyi kimi idarə etməsinə mane olmaqdır. Bunun bir inzibati çevriliş forması olduğuna inanıram”.
Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Fransa uzunmüddətli siyasi böhran astanasındadır. Onun sözlərinə görə, Fransada Marin Le Penin öndərliyi altında ifrat sağçı Milli Ralli Partiyasının parlament seçkilərində qalib gəlməsi Prezident Emmanuel Makron üçün böyük riskdir:
"Makronun İntibah Partiyası Avropa Parlamentinə keçirilən seçkilərdə Le Penə məğlub olmağın şokunu adlamamış növbəti fiasko ilə üzləşdi. İndi Makronun siyasi səhnədəki vəziyyəti qeyri-müəyyən, dramatik və təhlükəlidir. Əsas sual budur ki, Makron özü üçün necə yer etməyə çalışacaq? Fransa parlamentinə keçirilən seçkinin ilk turunda sol partiyaların “Yeni Xalq Cəbhəsi” və “Respublika Naminə Birgə” prezident blokunun koalisiyası ikinci yeri tutub. Deməli, Fransa prezidentinin mərkəzçi sağ partiyasının mövqelərini itirməsi, dövlət idarəetməsində həddindən artıq sağçıların və solçuların rəhbərlik edəcəyi hökumət perspektivini ortaya qoyur. Bu isə Fransaya qarşı həm daxildə, həm də beynəlxalq platformalarda əks-reaksiyalar verilməsinə səbəb ola bilər. Beləliklə, Fransa sürpriz nəticələri olan uzunmüddətli siyasi böhranın astanasına gəlir".