"Azərbaycan-Çin birgə Bəyannaməsi" Azərbaycanın qələbəsi, düşmənlərinin isə iflasıdır -ANALİZ

Çin ilə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindəndir. Münasibətlərin inkişafında xüsusilə Prezident İlham Əliyevin Çin lideri Si Cinpin ilə qarşılıqlı inam və etimada əsaslanan yüksəksəviyyəli dostluq münasibətləri önəmli rol oynayır. Çin lideri Prezident İlham Əliyevi son prezident seçkilərində qələbə münasibətilə ilk təbrik edən dövlət başçılarından biri olub. Bu baxımdan iki ölkə lideri arasında indiyədək keçirilmiş səfərlər və görüşlər mühüm əhəmiyyət kəsb edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev  Astanada Şanxay Əməkdaşlıq Təşkilatının sammiti çərçivəsində Çin dövlət başçısı Si Szinpin ilə görüşüb. Görüş  bir sıra məqamlar ilə diqqət çəkib. 

Xatırladaq ki, 2019-cu ilin aprelində Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci “Bir Kəmər bir yol Forumu”nda iştirak edib. 15 sentyabr 2022-ci ildə Səmərqənd şəhərində ŞƏT Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib.
Prezident İlham Əliyev ilə Çin lideri Si Cinpin arasında Astanada baş tutan görüşün ən diqqətçəkən tərəfi isə şübhəsiz “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbul olunması oldu. Bu bəyannamə ilə iki ölkə münasibətləri strateji səviyyəyə yüksəlib.
Bəyannaməyə görə, Azərbaycan daim “Vahid Çin” prinsipini və Çinin Sincan-Uyğur Muxtar Rayonu, Tayvan və Honkonq ilə bağlı mövqeyini birmənalı olaraq dəstəkləyir. Əslində rəsmi Bakının bu mövqeyi təkcə Çinə xas deyil. Prinsip etibarilə Bakı bütün ölkələrin beynəlxalq hüquqla tanınan ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan separatçılığı dəstəkləmədiyi kimi bu kimi fəaliyyətlərin də hər zaman əleyhinədir. Bakının bu mövqeyi həm də Pekinin keçmiş Dağlıq Qarabağ münaqişəsi dövründə Azərbaycan ərazi bütövlüyünü dəstəkləməsi, həmçinin 44 günlük müharibə zamanı verdiyi dəstəklə bağlıdır. Təsadüfi deyil ki, Azərbaycan Tayvanda keçirilmiş qondarma seçkiləri də pisləyən və onları tanımadığını ilk bəyan edən ölkələrdən biri olub.
Bəyanatda həmçinin qeyd edilib ki, Azərbaycanla Çin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində əməkdaşlığı dərinləşdirməyi vacib hesab edir. Bəyanatın bu bəndi strateji və mühümdür.
Azərbaycan Çinin irəli sürdüyü “Bir Kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Hətta bu layihəni mərhum prezident Heydər Əliyev prezidentliyi dövründə düzgün qiymətləndirmiş və maraq göstərib. H.Əliyevin strateji və perspektivli gördüyü bu layihə İlham Əliyev tərəfindən davam etdirilib. 
Belə ki, Çinlə nəqliyyat-loqistikaya dair qlobal təşəbbüslər müstəvisində sıx əməkdaşlıq quran Azərbaycan bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirib və “Bir Kəmər bir yol” layihəsinin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb.  Xüsusilə qeyd edim ki, Prezident İlham Əliyevin şəxsi təşəbbüsü” ilə 10 noyabr bəyantına salınan maneəsiz hərəkət prinsipi (Zəngəzur dəhlizi) məhz “Bir Kəmər, bir Yol” təşəbbüsünə hesablanıb.

Siyasi şərhçi Fərid Şahbazlının “Sherg.az”a açıqlamasına görə, Azərbaycan-Çin birgə Bəyannaməsi Azərbaycanın qələbəsi, onun düşmənlərinin isə iflasıdır. Fərid Şahbazlının sözlərinə görə,  Azərbaycanla Çin arasında siyasi, iqtisadi və mədəni əlaqələrin tarixi çox qədim dövrlərə dayanır. Bu əlaqələrin yaranmasında və genişlənməsində “Böyük ipək yolu” mühüm rol oynayıb: 

“Yalnız onu demək kifayət edir ki, qədim və orta əsrlər dönəminin ən böyük ticarət marşurutu olan “Böyük ipək yolu”  Çindən başlayıb, Orta və Ön Asiya ölkələrindən keçməklə Azərbaycan ərazisində iki istiqamətdə - Kür çayı boyunca İberiya və Kolxida, eləcə də Xəzər dənizinin qərb sahili boyunca Dərbənd- Qara dəniz istiqamətlərində Avropaya doğru davam etmişdir. Bu yolun üzərinə yerləşən Azərbaycanın Şamaxı, Quba, Bakı, Gəncə, Naxçıvan, Təbriz, Nuxa və digər şəhərləri Çin mallarının alınıb-satıldığı ən böyük ticarət mərkəzləri kimi çıxış ediblər. Azərbaycan malları da, məhz “Böyük ipək yolu” vasitəsilə həm Asiya, həm də Avropa ölkələrinə çatdırılıb.
Sevindirici haldır ki, bu gün də Azərbaycanla Çin – dünyanın ikinci ən böyük iqtisadi nəhəngi arasında əlaqələr ən yüksək səviyyədədir. 2019-cu ilin aprelində Çin lideri Si Cinpinin dəvəti ilə Prezident İlham Əliyev İkinci “Kəmər və Yol Forumu”nda iştirak edib. 15 sentyabr 2022-ci ildə isə Özbəkistanın Səmərqənd şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində iki ölkənin dövlət başçıları arasında görüş keçirilib.
Hazırda Azərbaycanda fəaliyyət göstərən 300-dən çox Çin şirkəti var ki, onlar da sənaye, kənd təsərrüfatı, tikinti, ticarət, nəqliyyat və xidmət sahələrində çox aktiv işləyirlər. Çin Azərbaycana 930,8 mln. dollar, Azərbaycandan isə Çinə 263,3 mln. dollar həcmində investisiya qoyulub. İqtisadi əlaqələr transit yol və marşurutlar sahəsində daha sürətli inkişaf edir. Azərbaycan Çin layihəsi olan “Kəmər və Yol təşəbbüsünü” dəstəkləyərək, layihənin mühüm hissəsi olan Orta Dəhlizin infrastrukturunun inkişafına əhəmiyyətli investisiyalar yatırıb. “Transxəzər” Beynəlxalq Nəqliyyat Dəhlizi - Orta Dəhliz Çindən Avropaya və geriyə yüklərin çatdırılması üçün ən səmərəli və təhlükəsiz marşruta çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi ilə Çindən Türkiyəyə yük daşımalarının müddəti 1 aydan 12 günə qədər azalıb. Çin yüklərinin Türkiyə vasitəsilə Qərbi Avropa ölkələrinə çatdırılması isə ümumilikdə cəmi 18 günə baş verir”.

Siyasi şərhçinin sözlərinə görə, iqtisadi sahədə olduğu kimi, siyasi müstəvidə də iki ölkə arasında tam qarşılıqlı anlaşma mövcuddur. Ölkələrimiz arasında münasibətlər ərazi bütövlüyü və suverenliyə qarşılıqlı hörmət, daxili işlərə qarışmama prinsiplərinə əsaslanır: 
“ İyulun 3-də ŞƏT-in Qazaxstanın paytaxtı Astanada keçirilən növbəti zamanı Prezident İlham Əliyevlə Çin DŞ-nın sədri Si Çinpin arasında keçirilən görüş bunu bir daha sübut etdi. Görüş zamanı Azərbaycan və Çin dövlət başçıları qarşılıqlı hörmət, bərabərhüquqluluq, etimad, qarşılıqlı fayda və əməkdaşlıq prinsiplərinə əsaslanaraq, dövlətlərimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə - strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə qərar verilib. Bununla əlaqədar dövlət başçıları Birgə Bəyannamə ilə çıxış ediblər. Bəyannamədə BMT himayəsi altında beynəlxalq sistemi dəstəkləmək, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə söykənən beynəlxalq münasibətlərin əsas normalarına riayət etmək, hegemonluğa və güc siyasətinə qarşı çıxmaq, real çoxtərəfliliyə sadiqlik və s. dövlətlərarası münasibətlərdə əsas prinsiplər  olaraq elan edilib. Həmçinin vurğulanıb ki, iki ölkə arasında strateji tərəfdaşlıq qarşılıqlı hörmət, bərabərlik, etimad və qarşılıqlı dəstəyə əsaslanır və Azərbaycanla Çin kənar amillərdən asılı olmayaraq bir-birini etibarlı tərəfdaş hesab edir.
Düşünürük ki, Astanada elan edilən Azərbaycan-Çin birgə Bəyannaməsi dövlətimizin və onun liderinin xarici siyasət kursunun növbəti qələbəsi, ölkəmizi siyasi və iqtisadi cəhətdən təcrid etmək, zəiflətmək və çökdürmək xətti tutan düşmənlərimizin isə növbəti məğlubiyyəti və iflasıdır. Görünən də odur ki, bundan sonra biz daha tez-tez onların belə məğlubiyyətlərinə şahidlik edəcəyik”.