“İmkanlarımızı səfərbər edəcəyik ki, budəfəki parlamentdə üç deyil, daha çox nümayəndə ilə təmsil olunaq”
Azərbaycanda fəaliyyət göstərən partiyalar sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə hazırlıq görürlər. İlkin mərhələdə partiyalar öz səlahiyyətli nümayəndələrinin sənədlərini Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. Sonrakı mərhələdə isə namizədlərin və dairələrin müəyyənləşməsi prosesinə start verilir. İndiyə qədər 3 partiyanın - REAL, Ağ Partiya və Vətəndaş Həmrəyliyi Partiyasının səlahiyyətli nümayəndələri Mərkəzi Seçki Komissiyasında qeydiyyata alınıb. "Sherg.az"ın suallarını cavablandıran Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli seçkiyə hazırlıq prosesindən və digər məsələlərdən danışıb. Partiya təmsilçisi neçə dairədən namizəd irəli sürəcəklərinə də aydınlıq gətirib. Məlumat üçün bildirək ki, Vətəndaş Həmrəyliyi Partiyasının sədri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlıdır.
- Samir bəy, VHP-də növbədənkənar seçki hazırlığı necə gedir, səlahiyyətli nümayəndələr MSK-ya təqdim olunubmu?
- Növbədənkənar parlament seçkiləri elan olunduqdan sonra Vətəndaş Həmrəyliyi Partiyasının Siyasi Şurasının iclası keçirildi və seçkilərdə iştirakla bağlı qərar verildi. Partiyanın seçki qərargahı yaradıldı. Seçki qərargahı müvafiq tədbirləri həyata keçirir. 100-ə yaxın səlahiyyətli nümayəndənin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən təsdiq edilib.
- Namizədlərin, dairələrin müəyyənləşməsi prosesi nə yerdədir? Adətən partiyalar hakim YAP-ın namizəd siyahısını gözləyirlər…
- Budəfəki seçki mahiyyətcə növbədənkənar adlansa da, proses əvvəlcədən gözlənilən idi. Bu səbəbdən VHP-nin rəhbər orqanlarında müzakirələr aparılmış, seçkiyə ilkin hazırlıqla bağlı texniki işlər, həm də namizədlərlə bağlı müəyyən hazırlıqlar görülmüşdü. Buna görə də səlahiyyətli nümayəndələrin siyahısı qısa müddətə hazırlandı. Artıq məntəqələr üzrə müşahidəçilərimiz və namizədlərin ilkin siyahısı hazırdır. 30-a yaxın dairədə namizədlərimiz sənədlərini seçki dairəsinə təqdim edib. Bunlar daha çox kənd rayon dairələridir. Namizədlərin tam siyahısı Siyasi Şurada təsdiq olunacaq.
- Sabir bəyin namizədliyi də gündəmdədirmi?
- Əlbəttə, partiyamızın lideri həm də namizədlər siyahısının lideridir. Biz Sabir bəyin seçkiyə qatılmasının tərəfdarıyıq. Qərarı özü və Siyasi Şura verəcək. Ümumilikdə 40-dan çox dairədə namizədimizin qeydə alınmasını planlaşdırmışıq və imkanlarımızı səfərbər edəcəyik ki, budəfəki parlamentdə üç deyil, daha çox nümayəndə ilə təmsil olunaq.
- Parlament buraxılarkən "yeni dönəmə yeni parlament" arqumenti səsləndirildi. Sizə görə, yeni parlament necə formalaşmalıdır?
- Əvvəlki seçkilərindən fərqli olaraq bu seçkilərdə seçici rəyinin əsas faktor olacağı gözlənilir. Hər halda şəffaf, demokratik seçkilərin keçirilməsini istəyirik, bunu gözləyirik. Yeni dönəmə qədəm qoyan Azərbaycanda seçki institutu inkişaf etməlidir, yeni dönəmə uyğun seçkilər baş tutmalıdır. Azərbaycanın indiki durumu, bölgədəki geopolitik gəlişmələr bunu tələb edir. Ümid edirəm ki, yeni parlamentin həm seçkisi, həm də tərkibi müsbət mənada xeyli fərqli olacaq.
- Qanunverici orqanda "yaşlı-gənc" müzakirəsinə münasibətiniz necədir? Bu məsələ hər seçkidə gündəmə gətirilir…
- Bu məsələdə mənim baxışım bir qədər fərqlidir. Kiminsə sırf yaşlandığına görə gözdən salınması, yaxud savadının, təcrübəsinin və bacarığının sual altına alınması doğru olmaz. Hələ hansısa kadrın gənc olması, yaxud ingilis dilini bilməsi onun işinin öhdəsindən keyfiyyətlə gələcəyinə zəmanət vermir. Təbii ki, özü gənc olmasına baxmayaraq, düşüncəsi, təfəkkürü və işə yanaşması naftalin iyi verən kadrlar az deyil. Parlamentdə də belələri var. 1991-ci il oktyabrın 18-də, kifayət qədər mürəkkəb və cəsarət tələb edən dövrdə Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının əleyhinə səs verən bir şəxsin dairədə, yaxud ölkədə nüfuzu ola bilərmi? Yaxud da “Azərbaycan dövlətini sovet hökuməti qurub” deyən və bununla da, müstəqillik ideyası uğrunda canından, ailəsindən, hətta vətənindən məhrum olan tarixi şəxsiyyətləri görməzdən gələn gənc deputat cəmiyyətə hansı fayda verə bilər?!
- Əksər partiya seçki sisteminin dəyişməsinin zərurətindən danışır, proporsional seçki sistemini gündəmə daşıyırlar. Partiya rəsmisi kimi seçki sistemində problemlər görürsüzmü?
- Azərbaycanda siyasi sistemlə, mövcud Konstitusiya ilə bağlı islahatlara ehtiyac var. Bəzən bildirilir ki, bizdə deputat yerlərinin sayının artırılması mütləqdir. Amma məncə, say o qədər də önəmli deyil. Biz də gözləyirik ki, Konstitusiyada islahatlar olsun. Lakin bu il Konstitusiyada islahatın gerçəkləşməsi üçün referendumun keçirilməməsini həm də beynəlxalq tədbirlərlə əlaqələndirirəm. Növbəti illərdə qanunvericilik təşəbbüsü irəli sürülə bilər. Gözləyirik ki, Konstitusiyada həm bələdiyyələrin səlahiyyətləri artırılsın, həm də Milli Məclisin statusu artırılsın, idarəetmə formasında dəyişikliklər olsun.