İsrail və ABŞ seçkiləri yaxından izləyir, amma hazırkı mərhələyə qədər xüsusi bir müdaxilə sezilmir
“Mən İranın pak torpağının oğluyam və türkdilli doğulduğuma görə fəxr edirəm”. Bunu İranda prezidentliyə namizəd olan Səid Cəlili sosial media hesabında yazıb. O, rəqibi Məsud Pezeşkianın türklər tərəfindən böyük dəstək almasına cavab olaraq ana tərəfdən türk (azərbaycanlı) olduğunu bildirib. Səid Cəlilinin atasının məşhədli, anasının isə ərdəbilli olduğu bildirilir. Bir müddət öncə Səid Cəlilinin tərəfdarları Məsud Pezeşkianın namizədliyini və türklərin onu dəstəkləməsini monqolların hücumu və İranda yeni monqol hakimiyyətinin qurulmasına cəhd adlandırmışdılar. Cəlilinin səsləndirdiyi son bəyanatlarından o da məlum olub ki, onun həyata keçiriləcəyini vəd etdiyi əsas layihələrin 6-sı İsfahan əyaləti ilə bağlıdır. Yəni Cəlilinin platformasında Azərbaycanla, xüsusən Urmiya gölünün bərpası ilə bağlı heç bir bənd yoxdur. O, Fars körfəzindən İsfahana su kəmərinin çəkilməsi, İsfahan-Tehran sürət qatarının təkmilləşdirilməsi, Zayəndərud çayının bərpası, İsfahan metrosu xətlərinin genişləndirilməsi və başqa bir neçə bahalı layihənin həyata keçirilməsinə söz verib. Qeyd edək ki, 28 iyunda İranda keçirilən prezident seçkilərinin birinci turunda Məsud Pezeşkian bütün rəqiblərini qabaqlayıb, Səid Cəlili isə ikinci olub. Seçkilərin ikinci turu iyulun 5-də keçiriləcək.
Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, prezidentliyə namizədlər Məsud Pezeşkian və Səid Cəlili arasında mübarizə davam edir. Analitik vurğulayıb ki, Məsud Pezeşkian ərəb və mazandaranlılar istisna olmaqla digər etnik azlıqların hakim olduğu bölgələrdə açıq şəkildə üstündür:
"Xüsusilə onu azərbaycanlılar və kürdlər dəstəkləyir. Səid Cəlili isə başda Tehran olmaqla İranın əksər iri şəhərlərində qalib gəlib. Ərəblər və mazandaranlılar isə onu dəstəkləyən əsas etnik azlıqlardır. Əslində, seçkinin ikinci turunda da namizədlər arasında ciddi fərq yoxdur. Hər iki namizədin prezident seçilmə şansı var və nisbət az qala bərabərdir. Məsud Pezeşkianın Azərbaycan əsilli olması seçkiyə marağı artırsa da, Səid Cəlili ilə ortaq cəhətləri çoxdur. Məsələ ondadır ki, hər iki namizəd mövcud rejimə sadiqdir və dövlətin ideologiyasını qəbul edir. Hər iki şəxs də İran ali dini liderinin təsdiqindən sonra seçkiyə buraxılıb. Bu fakt belə onların kimə sadiq olduğunu göstərir. Bundan başqa, SEPAH faktoru da var və əslində, yekun qərarı məhz o verəcək. Yəni İranda Ali dini lider institutu və SEPAH olduğu müddətdə etnik mənsubiyyətindən asılı olmayaraq prezident olacaq şəxs fərqli siyasət yeridə bilməz".
Ekspert diqqətə çatdırıb ki, Səid Cəlili ultramühafizəkar, Pezeşkian isə reformistdir: "Əslində, hər iki namizədin qalib gəldiyi regionlara baxdıqda onları dəstəkləyənlərin nə istədikləri aydındır. Xüsusilə etnik azlıqlar Pezeşkiandan islahatlar tələb edib mədəni hüquqlar verməsini istəyir. Amma o, prezident seçilsə belə, ən yaxşı halda iqtisadi-sosial paketlərlə xalqın rəğbətini qazana bilər. İrandakı prezident seçkilərinə diqqət ayıran ölkələr çox olsa da, İsrail və ABŞ-nin məsələyə baxışı xüsusi diqqət çəkir. Hər iki ölkə seçkiləri yaxından izləyir, amma hazırkı mərhələyə qədər xüsusi bir müdaxilə sezilmir. Bu da böyük ehtimalla hər iki namizədi yaxşı tanımaları və onlardan xüsusi yenilik gözləməsi ilə bağlıdır".