Azərbaycanın ŞƏT-lə bağları möhkəmlənəcək

Astanada keçirilən görüşlər və aparılan vacib müzakirələr bunu bir daha təsdiq edir

Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT+” formatında keçirilən görüşdə Prezident İlham Əliyev də çıxış edib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Ölkə rəhbəri bunu Azərbaycan ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirib. Prezident bəyan edib ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Dövlət başçısı qeyd edib ki, coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib: "Orta Dəhlizin tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik ötürücülük qabiliyyəti Azərbaycanın sərmayələri hesabına 1 milyon tondan 5 milyon tona qədər artıb. Biz tərəfdaşlarımızla Orta Dəhlizin rəqəmsallaşması üzərində işləyirik. Bundan başqa, Azərbaycan Ələt Beynəlxalq Dəniz Ticarət Limanının illik ötürücülük qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona qədər artırmaq niyyətindədir. Azərbaycan həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Hazırda biz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyirik, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq".
Azərbaycan rəhbəri xatırladıb ki, 2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da, beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu: "Azərbaycan Ermənistanın otuz illik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi. Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Biz 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdik, onun qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdik, Hərəkatın institusional inkişafına töhfə verdik, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdik, habelə Qadın Platformasının əsasını qoyduq. Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Biz Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq. Azərbaycanın prioritetləri sırasında həm də iqlim dəyişikliyinin mənfi təsiri səbəbindən ekzistensial təhlükə ilə üzləşən inkişaf etməkdə olan kiçik ada dövlətlərinə dəstək yer alır. Azərbaycan inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün xüsusi texniki yardım fondunun yaradılması təşəbbüsü ilə çıxış edib. Biz dünyada ən böyük beynəlxalq tədbir olan COP29-un keçirilməsinə hazırlıq istiqamətində ŞƏT ilə işi davam etdirəcəyik".
Millət vəkili Vüqar Bayramov "Sherg.az"a bildirib ki, 23 il əvvəl yaradılan ŞƏT regional əməkdaşlıq forumu statusuna malik olmaqla 9 üzv və 14 dialoq tərəfdaşı dövlətlərini özündə birləşdirir. Deputatın sözlərinə görə, təşkilata üzv olan 9 ölkənin birgə nominal ümumi daxili məhsulu (ÜDM) 24.4 trilyon dollardır və Avropa İttifaqının birgə ÜDM-dən 6.0 trilyon dollar çoxdur

"Təşkilata üzv olan dövlətlər qlobal nominal ÜDM-nin 20 faizdən çoxunu formalaşdırırlar. Dünya neft ehtiyatlarının 20, qaz rezervlərinin isə 44 faizi bu təşkilata üzv olan ölkələrin payına düşür. Dünya əhalisinin 40 faizinin məskunlaşdığı təşkilat dövlətlərinin qlobal iqtisadiyyatdakı payı hər il daha da atmaqdadır. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. Son 8 ildə Azərbaycan ilə təşkilat arasında əməkdaşlığın güclənməsi müşahidə olunub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpasından sonra regionda formalaşan yeni düzən fonunda ölkəmiz ilə əməkdaşlığın genişləndirilməsi təşkilatın da regional maraqlarına uyğundur".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan regional və bölgəni əhatə edən beynəlxalq layihələrin, o cümlədən nəqliyyat dəhlizlərinin uğurla icrasında və genişləndirilməsində xüsusi töhfəyə malik olan dövlətlərdəndir: "Azərbaycan ŞƏT-də müşahidəçi statusu almaq niyyətindədir və bu istiqamətdə də fəaliyyətin güclənməsi müşahidə olunmaqdadır. Belə bir status qarşılıqlı olaraq hər iki tərəf üçün faydalı hesab olunur. Cənab Prezidentin rəhbərliyi ilə Qərb ilə Şərq arasında mühüm körpü rolu oynayan Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyi daha da möhkəmlənməkdədir. Astanada keçirilən görüşlər və aparılan vacib müzakirələr bunu bir daha təsdiq edir".