Bozqurd həyat tərzidir - ŞƏRH

Azadlığın rəmzi sayılır

Eyni zamanda xilaskarlıq və yolgöstərən mənasını daşıyır

Qurd kürəyini heç bir yerə söykəmədən döyüşür. Həyat uğrunda mübarizədə çox bacarıqlıdır, çox ağıllı və möhkəmdir

  Avropa çempionatının 1/8 final mərhələsinin Avstriya-Türkiyə matçında iki qolun müəllifi olan Merih Demiralın qol sevinci zamanı bozqurd işarəsi göstərməsi böyük səs-küyə səbəb olub. Türkiyəli futbolçunun jesti rəsmi Ankara ilə Berlin arasında gərginlik yaradıb. Almaniya daxili işlər naziri Nensi Faeser “Türk ifrat sağçıların işarələrinə stadionlarımızda yer yoxdur” deyərək futbolçuya sanksiya çağırışı ilə Avropa Futbol Federasiyaları Birliyinə (UEFA) müraciət edib. UEFA isə dərhal Merih Demiral barədə araşdırmaya başlayıb və ona qarşıdakı iki oyunda iştirak etməmək cəzası verib. UEFA bildirib ki, araşdırma qurumun İntizam Reqlamentinin müvafiq maddəsinə uyğun olaraq başlanıb. Sözügedən maddə ilə futbol meydançalarında “siyasi, ideoloji, dini və ya irqi təbliğat ehtiva edən hər hansı davranış” qadağan olunur. Demiral "İnstagram" hesabında qol sevincini göstərən video paylaşaraq "Günaydın, Türkiyəm. Nə mutlu Türkəm deyənə” sözlərini paylaşıb. Məlum hadisədən sonra bozqurd işarəsi ilə bağlı Türkiyədə müzakirələr başlayıb. Öncə qeyd edək ki, tarixi araşdırmalara görə, Bozqurd işarəsi Altaylardan üzü bəri gələn türk simvoludur. Milliyyətçilik, türkçülük və turançılıq ideyasını daşıyanların əksəriyyəti bozqurd işarəsini öz ideya mənsubiyyəti üçün simvol seçiblər. Qərbə köç edən hunlar, qıpçaqlar və peçeneqlər kimi bir neçə türk qövmü öz nəsilləri, kimliklərini təmsil və ifadə etmək üçün bu işarədən istifadə ediblər. Türklərin totemlərindən ən yayğını olan bozqurd haqda bir neçə rəvayət var. Ən çox qəbul ediləni Aşina soyunun dişi qurddan törəməsidir. Sonradan bu nəslin Ergenekondan çıxmasına da bozqurdun yol göstərdiyi rəvayət edilir. Göytürklər imperiyasını Aşina yaradıb. Bozqurdun totem seçilməsi yalnız bununla bağlı deyil. Qurd məğlub ola biləcəyi heç bir döyüşə girmir, arxasını heç kəsə çevirmir, digər qurdla ətrafı seyr edəndə belə üz-üzə dayanır. Əhliləşməyən, qəfəsə sığmayan yeganə yırtıcıdır. Ona görə də Bozqurd - azadlığın rəmzi sayılır. Müzakirələr davam edərkən türkiyəli tarixçi, professor İlbər Ortaylı bozqurd simvolu və onun türk tarixindəki yeri haqda danışıb: “Türk tarixində bozqurd bir simvoldur. Biz səhradan yox, bozqırlardan gələn millətik, buna görə də qurd bizim üçün vacib və anlamlı simvoldur. Bunun dastanları, hekayələri var. Qurd kürəyini heç bir yerə söykəmədən döyüşür. Həyat uğrunda mübarizədə çox bacarıqlıdır, çox ağıllı və möhkəmdir. Buna görə də qurdun həyat və azadlıq uğrunda mübarizə aparan xalqlar üçün xüsusi simvolik dəyəri və önəmi var. Qurtuluş savaşında da simvol idi. Dövlət bundan çox istifadə edib, əsərlərdə də var. Bunun heç kimə dəxli yoxdur. Əcnəbilər Atatürkə “Bozqurd” da deyirdilər. Atatürk də bozqurd simvolunu qəbul etmişdi. Sikkələrdə istifadə olunub, o dövrü xatırlayın".
  Türkiyəli futbolçunun bozqurd göstərməsi və onun ətrafında yaranmış qalmaqal Azərbaycan ictimaiyyətində də müzakirələrə səbəb olub. Hətta ziddiyyətli fkirlər də gündəmə gətirilib. Məsələn, tanınmış hüquqşünas Əkrəm Həsənov deyib ki, tərəfarlar da, əleyhdarlar da əyləncə olan futbolu siyasiləşdirirlər. Onun fikrincə, oyunu o qədər ciddiyə almaq lazım deyil. Lakin ekspert başqa məqama da diqqət çəkib və iddia edib ki, bozqurd simvolunun Azərbaycana aidiyyəti yoxdur. Ə.Həsənova görə, qurd və it totemləri qədim türklər və monqollara xasdır: "Yəni köçəri monqoloid irqli etnoslara aiddir. Azərbaycan xalqının mütləq əksəriyyəti isə avropeiddir. Əsas etibarilə çoxsaylı yerli avropeid etnosların və gəlmə passionar monqoloid türklərin qarışığından yaranmış gənc millətik. Nağıllarımızda belə qurd mənfi personajdır. Məsələn, Nizaminin “Xəmsə”sində və s. “İt-qurd” sözü ümumiyyətlə təhqir xarakerlidir. Nağıllarımızın, orta əsr dövlətlərimizin bayraqlarının (Şirvanşahlar, Səfəvilər, Naxçıvan və İrəvan xanlıqları və s.) heyvan rəmzi isə şirdir. Uzaqbaşı qoyun (Qaraqoyunlu və Ağqoyunlular). Qurd və it heç yerdə yoxdur axı. Həqiqi türk olan xalqların (qırğız, qazax, yakut və s.) isə hətta musiqisində də qurd elementi var. Heç Türkiyənin özündə də bozqurd ideologiyası birmənalı qarşılanmır. Çünki onlarda da monqoloid irqin genetik payı elə də çox deyil. Türkiyəlilər daha çox bizanslılar və digər yerli etnosların qarışığından formalaşan xalqdır. Biz türkdilli olan azərbaycanlıyıq, öz adımız, dilimiz, dövlətimiz var. Milli ideologiyamız azərbaycançılıqdır".
 Ekspetin məlum fikirləri sosial şəbəkədə tənqidlərə məruz qalıb. Statusa rəy bildirənlərin əksəriyyət onun yanaşmasına etiraz ediblər. Məsələn, "Türküstan" qəzetinin baş redaktoru Aqil Camal yazıb ki, milli pasportumuz "Kitabi-Dədə Qorqud" dastanlarında Qazan xanın dilindən qurd totemi səsləndirilib: "Dastanda "Qurd üzü mübarəkdir, qurddan bir xəbərləşəyin", "Ayvaz qurd əniyi erkəgində bir köküm var", "Qara başım qurban olsun qurdum, sana" və s. ifadələr var. Üstəlik, "qurd ürəkli", "elə bil qurd ürəyi yeyib", "qurd biləkli, qurd üzlü" sözlərini indiyədək eşitməmisinizsə, bu bizim problemimiz deyil. Folklorumuzda onlarla örnək var".
  Politoloq, tarixçi Vasif Əfəndiyev də narazılığını dilə gətirib: "Kitabi Dədə Qorqud"un boylarında qurda Qazan tək yanaşma məqamları az deyil. VII boyda Əmən “Yeni bayırın qurduna bənzər igidlərim” deyir. Yenə həmin boyda uzun ayrılıqdan sonra ata-oğul görüşü belə təsvir olunur: "Babasıyla Yegnək gizlü yaqa tutuban yiləşdilər. İki həsrət bir-birinə buluşdılar, issüz yerin qurdı kibi ulaşdılar". Türk totemini iki əlləri ilə göstərən futbolçu etnik lazdır. Onun türklüyə hörməti və sayğısı birlikdə yaşadığı xalqa etibarı və sədaqətidir".
  İqtisadçı-ekspert İlham Şaban da məsələyə biganə qalmayıb: "Türklər haqqında nə deyirlər? Onlar harada yaşamaqlarından asılı olmayaraq assimilyasiya olan xalq deyillər. Çində olsun, ya Almaniyada, fərq etməz. Qurdun əhliləşdirildiyinə dair hansısa nağıl var? Yox! Əvvəlcə Çar Rusiyası, sonra Sovet hökuməti türkləri assimilyasiya etmək istəyirdi. Adını da dəyişdi, amma istəyinə çatmadı. 100 il “bakılı” adlı qondarma beynəlmiləl yeni millət yaratmaq üçün milyonlar xərclənmişdi. Nə oldu? Heç zad. Soysuz, enerjisiz, özünü müdafiədə ancaq administrativ gücə arxalanan, ətrafdakılara biganələrdən ibarət bir toplum qısa müddətdə pərən-pərən oldu".
   Jurnalist Ruslan Xəlil də deyib ki, bozqurd işarəsi türkçülərin seçimidir: "Tutaq ki, biz Azərbaycan türkləri 80-ci illərin sonunda bu işarəni simvollaşdırmışıq. Bunun kimə nə ziyanı var? İnsanların seçiminə hörmət etmək bu qədər çətindir? Niyə narahatsınız? 1990-cı ilə qədər bozqurd işarəsi Türkiyədə olmayıb. Alparslan Türkeş Bakıya gələndə mitinqdə bu işarəni görüb və Türkiyədə təbliğ edib. İslamçılar və qeyri-türklər bu işarəyə qarşı çıxırlar. Bozqurda inanc islamdan daha öncəyə gedib çıxır". Digər media nümayəndəsi Dünya Sakit isə bunları yazıb: "Bozqurd türk kökənli xalqların totemidir. Azərbaycan xalqının çox böyük hissəsi də türk mənşəlidir. Mən kiçik yaşlarımdan qurda hörmət görmüşəm nənə-babalarımda. Nənəm qurda dua oxuyardı həmişə...".
  Müzakirələrə səbəb olan mövzunu "Sherg.az"a dəyərləndirən AMEA-nın elmi işçisi, türkoloq-alim Faiq Ələkbərli deyib ki, bir futbolçunun sadəcə öz sevincini paylaşması bu qədər sərt və radikal qarşılanmamalıydı. Alimin sözlərinə görə, futbol oyunlarında idmançılar öz sevinclərini müxtəlif üsullarla ifadə edirlər:

"Türküstanda, Uyğur diyarında, Azərbaycanda, Türkiyədə, Kərkükdə və digər bölgələrdə bozqurd işarəsi geniş yayılıb. Bozqurd türklərin qədim inanclarının simvoludur və bütün türklərə məxsusdur. Daha doğrusu, özünü türk bilən, türk ruhu ilə böyüyən hər kəs bozqurdun nə olduğunu anlayır və bu işarə onu narahat etmir. Bozqurd həyat tərzidir, eyni zamanda xilaskarlıq və yolgöstərən mənasını daşıyır. Türklərin ən çətin vaxtında dişi qurd türk körpələrinə süd verən obraz kimi xatırlanır. Həmçinin dağın ortasında çıxılmaz vəziyyətdə qalmış türklər məhz bozqurdun sayəsində dağı yararaq oradan çıxıblar və yenidən gücləniblər. Bu hadisə Ergenekon kimi də qeyd olunur. Bozqurdu sadəcə Türküstanla, Orta Asiya ilə bağlamaq doğru deyil. Türklərin olduğu, varlıqlarını qoruduğu hər yerdə bozqurd var və olacaq. Məsələni başqa istiqamətə çəkmək istəyənlərin məqsədi bəllidir. Onlar türk ruhunu qəbul etməyənlərdir. Biz türk ruhunun fəlsəfəsini, bozqurd inancının nə olduğunu bilirik".