Xəbər verdiyimiz kimi, iyulun 5-6-da Şuşada Türk Dövlətləri Təşkilatının liderlərinin iştirakı ilə sammit keçirilir. Dünən Prezident İlham Əliyev Şuşada Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüralıyevi qəbul edib. Dövlət başçısı Azərbaycanın xarici siyasətinin ən prioritet istiqamətlərindən birinin Türk dünyası olduğunu qeyd edib. Həmçinin Azərbaycan Milli Məclisində andiçmə mərasimində çıxışı zamanı Türk dünyasının bizim ailəmiz olması barədə bəyanatını bir daha xatırladıb. Prezident Təşkilata üzv dövlətlərin dövlət və hökumət başçıları ilə təşkilatın gündəliyində duran məsələlərlə bağlı ətraflı müzakirələr aparacağına və bu Zirvə görüşünün təşkilat çərçivəsində tərəfdaşlığın daha da dərinləşməsinə xidmət edəcəyinə əminliyini bildirib. Qeyri-rəsmi Zirvə toplantısının müntəzəm xarakter daşıyacağına ümidvar olduğunu deyib. Dövlət başçısı Naxçıvan Sazişinin imzalanmasından etibarən Türk Dövlətləri Təşkilatının uğurlu inkişaf yolu keçdiyini və hazırda onun dünyada böyük nüfuza malik beynəlxalq təşkilatlardan biri olduğunu vurğulayıb. Azərbaycan Prezidenti dövlət və hökumət başçılarının iştirakı ilə imzalanacaq Qarabağ Bəyannaməsinin tarixi xarakter daşıdığını və bunun əməkdaşlığımızın müxtəlif sahələrdə inkişafına ciddi təkan verəcəyinə əminliyini bildirib.
Zirvə görüşünün əhəmiyyətinə toxunan baş katib Türk Dövlətləri Təşkilatının yalnız rəsmi deyil, eyni zamanda qeyri-rəsmi Zirvə toplantısını da ölkələrimiz arasında əməkdaşlığın və tərəfdaşlığın daha da dərinləşməsinə xidmət göstərən amil kimi qiymətləndirib. Zirvə toplantısının nəqliyyat, əlaqələr, iqlim dəyişikliyi kimi çox vacib mövzulara həsr olunduğunu və bu məsələlər üzrə türk dövlətləri arasında əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd edib. Baş katib nəqliyyat və əlaqələr sahələrində çoxtərəfli əməkdaşlığın önəminə toxunub və bunun Türk dünyasının güclənməsinə əməli töhfə verəcəyinə əminliyini bildirib. Kubanıçbek Ömüralıyev bu xüsusda Orta Dəhlizin əhəmiyyətini vurğulayıb. Türk Dövlətləri Təşkilatının Baş katibi Zirvədə qəbul olunacaq Qarabağ Bəyannaməsinin təşkilatın inkişafı və qarşıda duran məqsədlərin həyata keçirilməsi baxımından önəmini qeyd edib. Bunu tarixi bəyanat kimi dəyərləndirib. Həmçinin Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində sahəvi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində də yeni təşəbbüslərlə çıxış etməsinin alqışlandığını və çox müsbət qiymətləndirildiyini deyib. Prezident İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı da qəbul edib.
Millət vəkili Nəsib Məhəməliyev deyib ki, Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitinin Şuşada keçirilməsi, siyasi və mənəvi cəhətdən tarixi hadisədir. Deputatın sözlərinə görə, Şuşa Türk dünyasının, eyni zamanda islam dünyasının mədəniyyət paytaxtı elan olunub:
"Şuşada və işğaldan azad olunmuş ərazilərdə, çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Bir çox dövlət başçıları, o cümlədən türk dövlətlərinin liderlərinin görüşləri baş tutub. Son illər dünyada və regionda mürəkkəb proseslər gedir. Yeni dünya nizamı qurulur. Hər bir dövlətin qarşısında duran əsas məsələ, öz milli təhlükəsizliyini qorumaqdır. Bu baxımdan, siyasi, iqtisadi, etnik-dini, mədəni dəyərləri birləşdirən dövlətlər, blok, təşkilat formatında birləşir, beynəlxalq müstəvidə vahid mövqedən çıxış edirlər. Türk Dövlətləri Təşkilatının yaradılması tarixi zərurətdən irəli gəlir və zamanın tələbidir. Prezident İlham Əliyev fevral ayının 19-da Milli Məclisdə çıxışı zamanı xüsusilə vurğuladı ki, "bizim bir ailəmiz var, o da Türk dünyasıdır". Türk Dövlətləri Təşkilatı ildən-ilə daha da təkmilləşir. Hər bir sammitdə, rəsmi və yaxud qeyri-rəsmi görüşlərdə, Təşkilatın güclənməsi, nüfuzunun artması istiqamətində əhəmiyyətli addımlar atılır. Üzv ölkələr arasında siyasi, iqtisadi, mədəni əlaqələr inkişaf etdirilir. Təhlükəsizlik problemləri həllini tapmır".
Parlament üzvü diqqətə çatdırıb ki, Türk Dünyası böyük bir coğrafiyanı əhatə edir və geniş təbii resurslara, insan kapitalına, nəqliyyat-logistika imkanlarına malikdir: "İqtisadi cəhətdən inkişaf etmiş iki böyük bazarlara çıxış, məhz Türk dünyasından keçir. Bu günün reallığı ondan ibarətdir ki, həm Avropanın, həm Asiyanın, həm də Amerikanın Türk dünyasına ehtiyacı var. Onların hər biri Türk dünyası ilə iqtisadi-ticari-logistik əlaqələrin qurulmasında maraqlıdırlar. Siyasi baxımdan da, Türk Dövlətləri Təşkilatı beynəlxalq faktora çevrilməkdədir. Hesab edirəm ki, yaxın gələcəkdə, TDT-nın Avropa İttifaqı formatında beynəlxalq təşkilat olacağına şahidlik edəcəyik. Təbii ki, bundan ötrü üzv dövlətlər arasında inteqrasiya prosesləri sürətləndirilməli, tarixi nöqteyi-nəzərdən birləşdirici amillər önə çıxarılmalı, bölücülük elementləri aradan qaldırılmalıdır. Yalnız belə olan halda, kürəsəl, geosiyasi güclərin qarşısında duruş gətirə, inkişaf etmiş təşkilata çevrilə bilərik".