Fazil Mustafa: “Bitərəfləri, yaxud başqa partiyaların nümayəndələrini də dəstəkləyə bilərik”
Siyasi partiyaların növbədənkənar parlament seçkilərinə hazırlıq prosesi davam edir. İndiyə qədər deputatlığa namizədliyini irəli sürənlərin sayı 156 nəfərdir. Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib ki, 1 nəfər öz ərizəsi ilə imtina edərək, seçki prosesindən çıxıb. MSK sədrinin sözlərinə görə, indiyədək ümumilikdə 458 səlahiyyətli nümayəndə qeydə alınıb. Qeyd edək ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyası (PA) Azərbaycanda sentyabrda keçiriləcək parlament seçkiləri ilə bağlı müşahidəçilər missiyasının formalaşdırılması üçün hazırlıq işlərinə başlayıb. ATƏT PA seçkilərə dəvət aldığını təsdiqləyib, lakin qeyd edib ki, missiyanın tərkibi barədə danışmaq hələ tezdir. Növbədənkənar parlament seçkisinə ciddi hazırlıq görən partiyalardan biri də Böyük Quruluş Partiyasıdır. Partiya sədri, millət vəkili Fazil Mustafa "Sherg.az"a açıqlamasında partiyanın bütün resurslarını seçki prosesinə cəlb etdiklərini deyib:
"Mənim namizədliyim 26 saylı 1-ci Sabunçu seçki dairəsindən irəli sürülüb, Bakıxanov qəsəbəsindən. Partiyamızın 35-dən artıq namizədi müəyyən olunub. Proses getdikcə digər namizədlərimiz də dəqiqləşəcək. Ayrı-ayrı təklifləri də nəzərə alırıq. Bitərəfləri, yaxud başqa partiyaların nümayəndələrini də dəstəkləyə bilərik. Seçki prosesində bu, həm də praktiki məsələdir. Digər partiyaların namizəd siyahısını açıqlamasını da gözləyirik. Yəni hansı dairədən daha potensiallı namizədlərimizi irəli sürməklə uğur qazanmaq mümkündürsə, onu edəcəyik. Seçki təbliğat-təşviqat kampaniyasının avqust ayına təsadüf etməsinin önəmi yoxdur. Seçkilər qış aylarına, borana da düşə bilər. Amma prosesi həyata keçirmək lazımdır. Çünki təyin olunan vaxt bizim iradəmizdən asılı deyil. Əgər seçki günü müəyyən olunubsa, bizim iradəmiz seçkidə iştirak edib-etməməklə bağlıdır. Biz partiya olaraq seçki prosesində iştirak edəcəyik. Seçki fəallığının az olma ehtimalına baxmayaraq, biz öz işimizi görəcəyik. Çalışacağıq ki, sentyabrın 1-də kifayət qədər seçicini səsvermə məntəqələrinə gəlməyə təşviq edə, inandıra bilək".