Pənah Hüseynin təklifi havada qalacaq

İqtidarın siyasi partiyalar arasında seçki ilə bağlı debatlara efir vaxtının ayrılması barədə hələlik fikri yoxdur


  Keçmiş baş nazir, Azərbaycan Xalq Partiyasının sədri, deputatlığa namizəd Pənah Hüseyn bir təkliflə çıxış edib. Pənah bəy deyib ki, İTV və ya AzTV-də siyasi partiyalar arasında seçki ilə bağlı debatlar keçirilsin. O deyib ki, bununla bağlı Prezident İlham Əliyevə müraciət etmək lazımdır: “Təklif edirəm ki, İTV və ya AzTV efirlərində siyasi partiyalar arasında debatların keçirilməsi üçün ödənişsiz efir vaxtının ayrılması ilə bağlı Prezident İlham Əliyevə müraciət edək. Bunu TV idarə orqanlarının qərarı ilə də etmək olar. 2010-cu il seçkilərinin təcrübəsi göstərir ki, belə debatlar ən reytinqli verilişlər olur”. 
  AĞ Partiya sədri Tural Abbaslı "Sherg.az"a  açıqlamasında bu cür təkliflərin simvolik olduğunu deyib. Partiya rəhbərinin sözlərinə görə, hakimiyyət dairələri nəyin, hansı hadisələrin siyasi prosesləri daha da canlandıra biləcəyini, yaxud əksinə, sakitləşdirə biləcəyini gözəl bilirlər: 
"Əgər bugünədək iqtidar özü belə bir təşəbbüslə çıxış etməyibsə, hakimiyyətə yaxın siyasi dairələr bənzər təklifləri səsləndirməyibsə, deməli, hökumətin partiyalar və namizədlər üçün əlavə ödənişsiz efir vaxtının ayrılması barədə hələlik fikri yoxdur. O baxımdan AĞ Partiya sədri olaraq havada qalacaq müraciətin edilməsini məqsədəuyğun saymıram. Amma Pənah Hüseynin bunu dilə gətirməsinin özü bir təklifdir və artıq mediada yayılıb. Yəni belə bir təklifin edildiyini söyləmək mümkündür. Düşünmürəm ki, hakimiyyət belə bir məsələni analiz etməmiş olsun. Təbii ki, namizədlərə, partiya funksionerlərinə əlavə pulsuz efir vaxtlarının verilməsi, özlərini və platformalarını təqdim etmək üçün çıxış imkanlarının yaradılması yaxşı olardı. Bu hal seçki prosesində, təbliğat-təşviqat dönəmində canlanma yarada bilərdi. Amma bu siyasi qərar iqtidarla bağlıdır. Müxalifət partiyalarının edə biləcəyi bir şey yoxdur".