Hazırda Azərbaycan dövlətinin qarşıya qoyduğu əsas məqsədlərdən biri Ermənistanla sülh sazişinin imzalanmasıdır. Əgər Ermənistan hakimiyyəti özündə siyasi iradə taparsa, iki dövlət arasında sülh sazişinin imzalanması mümkündür. Amma Ermənistanın bu gün də davam etdirdiyi destruktiv əməllər, Qərblə əməkdaşlığın İrəvanı revanşizmə həvəsləndirməsi sülh prosesinə ciddi əngəllər və təhdidlər yaradır. Ermənistan hazırda ABŞ, Fransa və Hindistan tərəfindən intensiv şəkildə silahlandırılır. Bu fəaliyyət ABŞ-nin Ermənistan vasitəsiylə Cənubi Qafqazda yeni bir gərginlik mərkəzinin yaradılması məqsədi ilə həyata keçirilir.
Avqustun 21-də Caliber.az informasiya portalı öz mənbələrinə istinadən yazıb ki, Qərb dövlətləri, o cümlədən ABŞ üçüncü dövlətlərin köməyi ilə İrəvana öldürücü silahlar göndərir. Məlumatda Fransa, Almaniya və ABŞ silahlarının İran vasitəsilə Ermənistana çatdırıldığı vurğulanıb. ABŞ-nin Azərbaycandakı səfirliyindən isə məlumat verilib ki, ABŞ nə birbaşa, nə də üçüncü tərəflər vasitəsilə İrəvana öldürücü silahlar tədarük etməyib. Səfirlikdən bildirilib ki, regionda sabitlik və Azərbaycanla Ermənistan arasında dayanıqlı sülhə nail olmaq ABŞ üçün mühüm əhəmiyyət kəsb edir.
ABŞ-nin məlumatı təkzib etməsinə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a söyləyib ki, Amerika Birləşmiş Ştatları faktların təhrif edilməsi ilə məşğul olur:
"Hər halda Caliber.az-ın yaydığı məlumatı səfirin kobud və aqressiv şəkildə yalanlamağı çıxış yolu deyil. Düzgün formada prosesə aydınlıq gətirilməlidir. Əks halda ABŞ səfirinin sözügedən məlumatı təkzib etməsi obyektivliyi ehtiva etmir. Nəzərə almaq lazımdır ki, son aylarda ABŞ-nin rəsmi şəxslərinin Ermənistana dəfələrlə səfərlər həyata keçirdiyini görmüşük. USAİD-in rəhbəri Samanta Pauer Ermənistan ərazilərini su yoluna çevirib. Bunları heç kəs özündən uydurmur. ABŞ-nin Ermənistanı silahlandırması ilə bağlı məsələnin ortaya çıxması ortada olan bir mənzərədir. Bununla bağlı konkret işlər görülməlidir. ABŞ mütləq şəkildə düzgün açıqlama verməlidir. Aqressiv ritorikadan fikirlər səsləndirmək ABŞ-nin Ermənistanı silahlandırmadığı anlamına gəlmir. Bizim üçün konkret faktlar olmalıdır. İndiyə qədər Amerikanın uğursuz cəhdləri söyləməyə əsas verir ki, ABŞ Ermənistan və Azərbaycan arasında sülh məsələsində faktları kanstatasiya edir və reallığın yanında yer almamağa çalışır".