Bakıda MDB və ATƏT DTİHB-dən olan müşahidəçi missiyalarının rəhbərləri arasında danışıqlar olub

MDB və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycanda keçirilən parlament seçkilərini müşahidə edən missiyalarının rəhbərləri Leonid Anfimov və Ditmir Buşati Bakıda danışıqlar aparıblar.

“Report” xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin məlumatında bildirilib.

Tərəflər Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi və orada beynəlxalq müşahidəçilərin iştirakı məsələlərini müzakirə ediblər. Xüsusilə, missiyaların formalaşdırılması prinsipləri, uzunmüddətli müşahidəçilərin işi, yekun bəyanatların hazırlanmasına yanaşmalar müzakirə olunub.

“Seçki kampaniyasının hazırlanması və keçirilməsinin müşahidəsinin nəticələri barədə bəyanat üzərində işləmək üçün biz Koordinatorlar Şurası yaradırıq. Onun tərkibinə Birlik dövlətlərinin və orqanlarının nümayəndə heyətlərinin rəhbərləri daxildir. İşimizin nəticələrini sentyabrın 2-də baş tutacaq yekun mətbuat konfransı zamanı açıqlamağı planlaşdırırıq”, - məlumatda bildirilib.

Ditmir Buşati öz növbəsində Leonid Anfimovu ATƏT-in müşahidəçilər missiyasının seçki kampaniyasının monitorinqinə yanaşmaları və onun kəmiyyət tərkibi barədə məlumatlandırıb.

“Tərəflər seçki kampaniyası zamanı belə görüşlərin keçirilməsinin və məlumat mübadiləsinin faydalı olması barədə razılığa gəliblər”, - MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən bildirilib.