Exit-poll keçirən təşkilat: Nəticələr Nyu-Yorkda emal olunub axşam saatlarında açıqlanacaq

Təmsil etdiyimiz təşkilat bugünkü parlament seçkilərində eyni anda 872 məntəqədə “exit-poll” keçirir. Bu prosesə cəlb olunan 1702 nəfər indiyədək 63 min nəfərin rəyini qeydə alıb.

Bunu APA-ya açıqlamasında "Oracle Advisory Group" şirkətinin nümayəndəsi Vlada Qalan deyib.

Onun sözlərinə görə, ümumilikdə mərkəzdəki 20 data operatoru tərəfindən qeydə alınan nəticələr Nyu-Yorkdakı Data Mərkəzində emal olunduqdan sonra axşam saatlarında açıqlanacaq:

"Bu, bizim Azərbaycanda “exit-poll” keçirdiyimiz artıq 7-ci seçkidir. Təmsil etdiyim təşkilat ölkənizdə təşkil olunan referendum zamanı da “exit-poll” keçirib. Bugünkü proses səhər saatlarından başlayaraq, eyni vaxtda 872 seçki məntəqəsində keçirilir. Hər məntəqə iki nəfər olmaqla bu prosesə ümumilikdə 1702 nəfər cəlb olunub. İndiyədək ümumilikdə 63 min nəfərin rəyi soruşulub. Bütün nəticələr 20 data operatoru tərəfindən diqqətli şəkildə qeydiyyata alınır. İlk nəticələrimiz artıq yerli vaxtla səhər saat 08:20-də əldə edilib. Sonradan bu nəticələr emal olunması üçün Nyu-York şəhərindəki ofislərimizə göndərilir. İlkin nəticələrin isə bu gün axşam saatlarında açıqlanacağı gözlənilir".