Bakıda "manatlıq" taksilərin əsas toplanma yeri olan metronun "20 Yanvar" stansiyasının ətrafı həmin taksilərdən təmizlənib. Lakin taksilərin ərazidən yığışdırılması özü ilə bir sıra problemlər yaradıb. Ərazidən daha çox Sumqayıt istiqamətinə gedən taksiləri indi sərnişinlər əl-əl axtarırlar. Taksi sürücüləri isə avtomobillərini harada gəldi saxlayırlar.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis baş leytenantı Rüstəm Əhmədli bildirib ki, sözügedən ərazidə avtobus zolaqlarının salınması ilə nəqliyyatın hərəkətinə maneə törədən avtomobillərin hərəkəti dayandırılıb.
Maraqlıdır, bütün narazılıqalara baxmayaraq ''manatlıq'' taksilərin yığışdırılması doğrumu qərardır? Problemi aradan qaldırmaq üçün hansı tədbirlər görülməlidir?
Nəqliyyat eksperti İlqar Hüseynli “Sherg.az”a bildirib ki, Bakıda "manatlıq" taksilərin yığışdırılmasının alternativ yollarını tapmaq lazımdır:
''Yəni istənilən halda sərnişinlərin daşınma xidmətini təşkil etmək lazımdır. Əslində "manatlıqlara" görə "20 Yanvar" ərazisində sıxlıq yaranırdı. Bir sözlə, ciddi böhranlı durum yaşanırdı. Əgər taksi dayanacaqları yaradılsaydı, növbəlilik sistemi ilə sərnişinlərin daşınması həyata keçirilə bilərdi. İndiki halda bu xaosun qarşısını ala bilməyəcəyik. Çünki insanların çoxu Sumqayıtdan Bakıya gələrək işləyirlər. Avtobusların intensiv təşkili isə problemi aradan qaldırmayacaq. Məsələn, "Avtovağzal" metrosunda geniş parking imkanları var. Burada da insanlar Sumqayıta rahat gedib-gələ bilərdilər. Yəni, problemin həlli üçün taksi dayanacaqlarının yaradılması mütləqdir. Yaxud da "20 Yanvar"-dan "Sumqayıt"-a metrobus xəttləri də çəkilə bilər. Bunun üçün isə çox vəsaitə ehtiyac yoxdu. Bir sözlə, bu istiqamətdə dünya ölkələrinin təcrübəsindən yararlanmalıyıq. Həmin ölkələrdə nəqliyyat vasitəsi çox olsa da sıxlıq yoxdur".