Analitik: Paşinyanın açıqlaması Azərbaycana dil uzatmaqdan başqa bir şey deyil

Ermənistan heç bir ehtiyac olmadığı halda Fransa, Amerika Birləşmiş Ştatları, Hindistan və digər ölkələrdən öldürücü silahlar almasına baxmayaraq Azərbaycanın guya İtaliyadan silah-sursat alması ilə bağlı bəyanatlar səsləndirir. Halbuki Azərbaycan İtaliyadan nəqliyyat xarakterli təyyarə alıb ki, bu da silah deyil.  Eyni zamanda Paşinyan yalandan bildirir ki, guya Azərbaycan ÜDM-in 17 faizini hərbi məqsədlərə xərcləyir. Azərbaycanda isə bu rəqəm 4 faiz ətrafındadır. Ermənistanda isə əksinə olaraq göstərici bundan xeyli artıqdır. Üstəlik, Ermənistan görünməyən büdcə vəsaitlərinə də malikdir ki, onun da hansı məqsədlərə sərf edildiyi müzakirə mövzusudur. Azərbaycanın silahlandığı halda Ermənistanın bunu niyə etməməli olduğu ilə bağlı da rəsmi İrəvan tərəfindən açıqlamar gəlir. Azərbaycanla Ermənistana isə fərq qoyulmalıdır. Çünki Ermənistan işğalçı dövlətdir və 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayıb. İkinci dünya müharibəsindən sonra az sayda dövlət var ki, digər ölkənin ərazisinə təcavüz edib. Həmin ölkələrdən biri də məhz Ermənistandır. Məsələn, İraqın Küveytə  təcavüzündən sonra İraqa müvafiq qaydada silah məhdudiyyəti tətbiq edilmişdi. Ermənistan hərbi potensialını inkişaf etdirirsə, sonradan bunu istifadə etməyəcəyinə zəmanət yoxdur. Buna görə də Ermənistanın hərbi vasitələr əldə etməsinin üzərində hansısa nəzarət mexanizmi olmalıdır. Həmçinin, Ermənistanı silahlandıran ölkələr də buna görə məsuliyyət daşıyırlar. 

 
Ermənistanın növbəti yalanlarını “Sherg.az”a dəyərləndirən hərbi-siyasi ekspert Həşim Səhrablı bildirib ki, Nikol Paşinyanın açıqlaması Azərbaycana dil uzatmaqdan başqa bir şey deyil:

"Nikol Paşinyan müharibədən sonra xüsusi də sülh prosesi istiqamətində ciddi addımların atıldığı bir vaxtda çalışır ki, dünya ictimaiyyətinin fikrini aldatsın. Azərbaycan dəfələrlə faktlara əsaslanaraq Ermənistanın Hindistan, Amerika Birləşmiş Ştatları və Fransa kimi ölkələrdən silahlandığını sübutla göstərib. Eyni zamanda, Azərbaycan bunu özünün milli təhlükəsizliyi üçün dünya ictimaiyyətində problem kimi ortaya qoyur. Çünki Ermənistan həqiqətən də hər an Azərbaycana qarşı təcavüzə hazır olacaq potensiala sahib dövlətdir. Heç kim iddia və ya Azərbaycan tərəfini əmin edə bilməz ki, Ermənistan təcavüzə əl atmayacaq. Ona görə də Nikol Paşinyan haqlı iradlar qarşısında çıxılmaz vəziyyətdən özünü qurtarmaq məqsədilə Azərbaycanın ölümcül silahlarla silahlandığını əsas gətirir. Azərbaycanın guya İtaliyadan silahlanma məsələsi də məhz həmin istiqamətində verilən bəyanatdır. Amma Nikol Paşinyanın bəyanatının lüzumsuzluğu özünü orada göstərir ki, Azərbaycanın indiki hərbi imkanları sayəsində Ermənistana zərbə endirmək niyyəti olsa, edərdi. Yəni bunun üçün Azərbaycanın əlavə silahlar almasına ehtiyac yoxdur. Çünki Ermənistan ordusu müharibədən sonra hələ də özünə gələ bilməyib. Eyni zamanda, əlində olan silahlarla Azərbaycanın hərbi arsenalına qarşı vuruşa bilmədiyi açıq şəkildə ortadadır. Nikol Paşinyan həmin zaman haqlı çıxardı ki, Azərbaycanın hərbi-texniki imkanları Ermənistandan zəif olardı. İndiki halda onsuz da Azərbaycan Ermənistandan qat-qat güclüdür. Paşinyan belə açıqlamalar verməklə Azərbaycanın haqlı olaraq rəsmi İrəvanın silahlandırılması fikirlərinə qarşı ortaya boş bəyanatlar atır. Həmçinin, Nikol Paşinyanın Qərb və digər dairələrdə havadarları olduğu üçün belə bəyanatlar antiazərbaycan kampaniyalarında istifadə olunur”.

Ekspert vurğulayıb ki, Nikol Paşinyan bunları sülh prosesini uzatmaq məqsədilə həyata keçirmir: 
"Əgər Ermənistan tərəfinə qalsa, günü sabah sülh müqaviləsi imzalanar. Nikol Paşinyan görür ki, Azərbaycanla növbəti qarşıdurma Ermənistan dövlətinin süqutu deməkdir. Sadəcə Azərbaycanın silahlandırılması ilə bağlı açıqlamalar antiazərbaycan kampaniyası yenidən alovlandırmağa hesablanıb. Beləliklə masa ətrafındakı görüşlərdə Azərbaycanı dalana dirəmək məqsədi daşıyır”.