Sergey Xomenko: Azərbaycanda keçirilən seçkilərdə ictimai asayiş təmin edilib

Azərbayanda keçirilən seçkilərdə ictimai asayiş təmin edilib, seçki məntəqələri Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun avadanlıqla təchiz olunub.

Bu barədə “Report”un Qarabağ bürosuna Belarus Respublikası Milli Məclisi Respublika Şurasının sədr müavini Sergey Xomenko deyib.

“Bu gün Azərbaycanda əsl bayramdır. Mən Azərbaycan ərazisində hüquq ictimaiyyətinin nümayəndələri və tələbələr, hərbçilər və idman ictimaiyyəti ilə artıq ünsiyyətdə olmuşam. Hamı bu günü xalqın öz iradəsini səmimi şəkildə ifadə günü kimi gözləyirdi”, - o qeyd edib.

Sədr müavini əlavə edib ki, seçicilər Milli Məclisə seçkilərə görə hər bir Azərbaycan vətəndaşının üzərinə düşən məsuliyyətin dərəcəsini dərk edirlər. “Hamı deyirdi ki, parlamentdə Azərbaycanın əsl vətənpərvər şəxsləri təmsil olunmalıdır”, - o bildirib.

Xomenko həmçinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpasında nəzərəçarpacaq irəliləyiş olduğunu da qeyd edib.

“Bizim hərbi əməliyyatlardan sonra hazırda bərpa olunan ərazidə olmağımız çox simvolikdir. Qarabağ torpağında əldə edilən tərəqqi də göz önündədir... Mən həm də yüksək təşkilatçılıq səviyyəsinə diqqət çəkmək istəyirəm. Baş çəkdiyimiz seçki məntəqələri Azərbaycanın Seçki Məcəlləsinə uyğun avadanlıqla təchiz olunub, ictimai asayiş təmin edilib”, - o vurğulayıb.

“Üstəlik, biz Bakıdan Füzuliyə qədər çox uzun məsafə qət etmişik və hər yerdə insanların bayram əhval-ruhiyyəsi, seçki günü hökm sürməsi lazım olan nizam-intizamı müşahidə edilir”, - S.Xomenko bildirib.