Azərbaycan-Macarıstan əlaqələri iki ölkə arasında münasibətlərin qurulduğu tarixdən etibarən daim yüksələn xətlə inkişaf edir. Azərbaycanın Mərkəzi və Şərqi Avropa ölkələri ilə münasibətlərində Macarıstanla əməkdaşlıq xüsusi yer tutur. Elə Macarıstan baş naziri Viktor Orbanın jurnalistlərə açıqlmasında Azərbaycanla bağlı son çıxışı da buna nümunədir. O bildirib ki, Azərbaycan regional təhlükəsizliyin təmin olunmasında əla nümunədir. Eyni zamanda Viktor Orban qeyd edib ki, Azərbaycan sülhen necə yaradılmasında da nümunədir. Azərbaycan regionu stabil etməyin yolunu bilir.
Politoloq Züriyə Qarayeva “Sherg.az”a vurğulayıb ki, Macarıstan baş naziri Viktor Orbanın Azərbaycanın sülhə verdiyi töhfələri dəyərləndirməsi tamamilə obyektiv, qərəzsiz və regionda baş verən reallıqlara ən rasional, praqmatik münasibətin göstəricisidir:
“Təbii ki, bu Azərbaycan siyasətinə verilən dəyərdir. Belə diplomatiyanın yürüdülməsi və təqdirəlayiq şəkildə qiymətləndirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin sayəsində baş verir. Həqiqətən də Azərbaycan bölgədə və dünyada dayanıqlı sülhün yaradılmasında bir nümunədir. "Barıt çəlləyi" statusu qazanan Cənubi Qafqaz kimi geostrateji əhəmiyyətə malik olan bir bölgədə fərqli güclərin öz maraqlarını tətbiq etməyə çalışdığı bir vaxtda Azərbaycanın haqlı maraqları istiqamətində qətiyyətli mövqeyini ortaya qoyması və beynəlxalq hüquq prinsiplərinə əməl etməsi təqdirəlayiqdir. Nəzərə almaq lazımdır ki, ərazi bütövlüyümüzü təmin etməklə yalnız konstitusional hüquqlarımızı ölkəmizdə təmin etməyi bacarmadıq, eyni zamanda dünyada da bu istiqamətdə bir nümunə yaratdıq. Məsələn, Ukraynanın öz suverenliyi uğrunda daha da aktivləşməsinin Azərbaycanın yaratdığı nümunə sayəsində olduğunu deyə bilərik. Bu gün Cənubi Qafqazda dayanıqlı sülhün daha da möhkəmləndirilməsi üçün mübarizəmizi davam etdiririk. Baxmayaraq ki, riyakar xisləti olan və müxtəlif güclərin əlində oyuncağa çevrilən Ermənistanla mübarizə aparırıq. Ermənistanın arxasında dayanan super güc dövlətlərin olmasına rəğmən öz qətiyyətimizdən bir addım belə geri çəkilmirik”.