İran ekspertlər vasitəsilə mesaj çatdırmaqla Rusiyanı açıq şəkildə şantaj yoluna keçib
44 günlük müharibəni yekunlaşdıran üçtərəfli bəyanatın imzalanmasından 4 ilə yaxın zaman keçməsinə baxmayaraq, bu sənəd hələ də bəzi güc mərkəzlərini və regional oyunçuları narahat edir. Xüsusən, bəyanatın Zəngəzur dəhlizinin açılmasına dair 9-cu bəndi bu narahatlığın əsas səbəbidir. Ermənistanın Baş naziri Nikol Paşinyanın da altında imza qoyduğu üçtərəfli sənədin həmin bəndində Ermənistan Azərbaycanın qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təmin olunması öhdəliyini götürüb. Lakin həmin bənd Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bu günə qədər də icra olunmayıb. Zəngəzur dəhlizi hələ də işə düşməyib. Təəssüf ki, bu bəndin icrasına Ermənistandan daha çox maneə törədən, bundan narahat olan İrandır. Bu maneə və narahatlıq üçtərəfli bəyanatın imzalanmasından bəri İranda müxtəlif səviyyələrdə və tez-tez verilən açıqlamalarda özünü aydın göstərir. Rəsmi Tehran “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” olduğunu növbəti dəfə təkrarlayıb. İranın xarici işlər naziri Abbas Araqçı deyib ki, qonşu dövlətlərin sərhədlərində hər hansı dəyişiklik onun ölkəsi üçün qırmızı xətt deməkdir və bu, “tamamilə qəbuledilməzdir”. İran hər zaman olduğu kimi onu narahat edən məsələləri qeyri-müəyyən və qəti şəkildə tənqid edir. Həm də Tehran uzun zaman ərzində ilk dəfə olaraq Zəngəzur dəhlizi ideyasını açıq dəstəkləyən, lakin öz nəzarəti altında olmasını istəyən Rusiyanı da qınamağa başlayıb. Azərbaycan haqlı olaraq tələb edir ki, İrəvan Zəngəzur bölgəsindən azərbaycanlılar üçün maneəsiz keçid verməlidir. Ermənistan dəhlizin açılmasına narazılıq etməsə də, yola Rusiyanın nəzarətinə qarşı çıxır. Zəngəzur dəhlizi tələbi Azərbaycanla Ermənistan arasında müzakirə edilən sülh sazişindən çıxarılıb, amma Moskva dəhliz ideyasını dəstəkləməkdə davam edir. Ermənistan tərəfi açıqlayıb ki, onlar Azərbaycanla nəqliyyat kommunikasiyalarının təhlükəsizliyinin təmin edilməsinə özəl şirkətləri cəlb etmək imkanını nəzərdən keçirir. İran verdiyi açıqlamalarla, ilk növbədə, Ermənistanın ərazi bütövlüyünə işarə edir, Ermənistanla sərhədinin bağlana biləcəyini deyir və Zəngəzur dəhlizini bu baxımdan təhlükə görür. Halbuki üçtərəfli bəyanatda sərhədlərin dəyişdirilməsi, yaxud Ermənistan ərazisinə hər hansı iddia yer almayıb. Azərbaycan tarixi ərazisi olsa da, Ermənistanın Qərbi Zəngəzur regionuna iddia etmir və bu ərazini, sadəcə, Naxçıvanı birləşdirəcək, insanların və yüklərin hərəkətini asanlaşdıracaq tranzit zona kimi görür. Üçtərəfli razılaşmanın Zəngəzurun Ermənistanın nəzarəti altından çıxması anlamına gəlməsi barədə səslənən açıqlamaların heç bir hüquqi əsası yoxdur. Burada söhbət yalnız bir nəqliyyat dəhlizinin açılmasından gedir, heç kim bununla İranın ərazisini də məhdudlaşdırmır. Yaxud da İrana hər hansı məhdudiyyət qoyulmur, onun ərazi bütövlüyünə, təhlükəsizliyinə hər hansı təhdid yoxdur. İran dairələrinin Zəngəzur dəhlizinə NATO dəhlizi deməsi ilə Avropa İttifaqının Ermənistanda mənzillənmiş müşahidə missiyasının fəaliyyətinə susması da böyük suallar meydana çıxarır. Son vaxtlar İranın Zəngəzur dəhlizinin açılmasına qarşı arqessiv ritorikası üçtərəfli razılaşmanın tərəflərindən biri olan Rusiya ilə münasibətlərində də özünü göstərir.
Ümumiyyətlə, son günlər analoji bəyanatlar İranın müxtəlif vəzifəli ağızlarından eşidilir. İran XİN-in rəsmi nümayəndəsi Nasir Kənani, İranın Ermənistandakı səfiri Mehdi Sübhani, İran parlamentinin sədr müavini Əli Nikzadə, deputat Həsən Kaşqavi və digərləri bu mövzuda açıqlamalarında İranın Zəngəzur dəhlizi mövzusunda bəzən açıq, bəzən üstüörtülü şəkildə Moskvadan narazılığını çatdırırlar. Tehran unudur ki, Rusiya tərəfinin mövqeyi bütün tərəflərin razılaşdırdığı və imzaladığı üçtərəfli beynəlxalq sənədin şərtlərindən kənara çıxmır və kifayət qədər konstruktivdir. Ekspertlərə görə, İranı narahat edən əsas məqam başqadır. Tehran Zəngəzur dəhlizini hazırda öz ərazisindən keçməklə modernləşdiriləcək analoji marşrut xəttinə rəqib görür. Yəni Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirəcək əlverişli beynəlxalq nəqliyyat marşrutunun əlindən çıxması ilə razılaşa bilmir.
Politoloq Cəmaləddin Quliyev "Sherg.az"a deyib ki, İran Zəngəzur dəhlizi məsələsində xüsusi maraqlar güdür və bu maraqları Rusiya ilə deyil, Qərblə, Hindistanla uzlaşdıra biləcəyini düşünür. Analitik xatırladıb ki, ötən ilin əvvəllərində iranlı ekspertlərin bir çoxu Vladimir Putinin bölgə ilə bağlı qərarlarını Azərbaycanın təsiri ilə qəbul etməsi haqda bir az da Moskvanı qıcıqlandırmağa hesablanmış şərhlərlə çıxış edirdirlər:
"Amma uzun müddət İran təbliğatı inandırmağa çalışırdı ki, Moskva və Tehranın maraqları üst-üstə düşür. İran Zəngəzur dəhlizinə maneə olmaqla həm də Rusiyanın mənafelərini nəzərə alır və s. Bu məqsədlə Zəngəzur dəhlizini hələ vaxtilə ötən əsrin 80-ci illərində erməni irqçilərinin təklif etdiyi terminlə "NATO-Turan dəhlizi" adlandırırdılar. Türkiyənin bu dəhliz vasitəsilə Rusiyanı Mərkəzi Asiyadan sıxışdırıb çıxaracağı, Çinin uyğurlar yaşayan bölgələrinə separatizm ixrac edəcəyi haqda demoqogiya ilə məşğul olurdular. Bu demoqogiya özlərinin o qədər xoşlarına gəlmişdi ki, İran rəsmi mediasında NATO-Turan dəhlizi terminin müəllifliyi uğrunda mübahisələr də gedirdi. Təklif edilirdi ki, vaxtilə SEPAH komandiri Qasım Süleymani Moskvanı Suriyada birgə hərəkətə inandırdığı kimi indi də Qafqazda Azərbaycan-Türkiyə əleyhinə birgə davranışa inandırmaq lazımdır. Bizi təhdid edirdilər ki, Pekin-Moskva-Tehran üçlər ittifaqı yaradaraq Azərbaycanı əzəcəklər. Amma göründü ki, Pekin, Moskva bu iqtisadi praqmatizmi, real siyasəti demoqogiyaya qurban vermədilər. Azərbaycan həm Pekinlə, həm də Moskva ilə uğurlu əməkdaşlıq çərçivələri müəyyən edə, bu istiqamətdə gərəkli sazişlər də imzalaya bildi. Türkiyə xarici işlər naziri Hakan Fidanın Çinə çox mühüm nəticələri olan səfəri oldu. Əlamətdardır ki, o, səfər sırasında uyğurların sıx yaşadığı bölgəni də ziyarət etdi. Bu, həm də Türkiyənin uyğur məsələsinə həssaslığın Pekinə qarşı demarş şəklində olmayacağına verilən bir zəmanət jesti idi. Əvvəl Azərbaycanın, ardınca Türkiyənin BRICS-ə üzvlük müraciətləri də formalaşmaqda olan türk iqtisadi-siyasi birliyinin qonşulara qarşı olmamasının sübutudur".
Ekspert vurğulayıb ki, İran ekspertlər vasitəsilə mesaj çatdırmaqdan Rusiyanı açıq şəkildə şantaj yoluna keçib: "Düşünürlər ki, Rusiyanın indi zəif vaxtıdır, İrana ehtiyacı var və mümkün qədər daha çox tələblər irəli sürüb nələrsə qoparda bilərlər. Zəngəzur dəhlizinə qarşı çıxmalarını əsaslandırmaq üçün gətirilən arqumentlər isə sadəcə qeyri-ciddidir və qeyri-sağlam yanaşmanı əks etdirir. İddia olunur ki, bu ideya reallaşarsa, İranın qonşularının sayı azalacaq. Avropaya çıxışı bağlanacaq. Azərbaycanın Naxçıvana quru yolla gediş-gəlişi asanlaşacaq, İrana ehtiyac aradan qalxacaq. Türkiyənin Mərkəzi Asiya və Azərbaycana yükdaşımalarda İrana ehtiyacı aradan qalxacaq. Halbuki heç bir dəhliz başqa ərazini işğalı nəzərdə tutmur. Odur ki, qonşuların sayının azalması haqda deyilənlər cəfəngiyatdır. İranın Avropaya çıxışı isə bu gün də var. Bu çıxış Türkiyə, Azərbaycan və Mərkəzi Asiya üzərindən təmin olunur. Həm də Zəngəzur dəhlizinin olması həmin bölgədən İran-Ermənistan əlaqələrini təmin edən yolların, tunellərin, körpülərin olmasını istisna etmir. Digər arqumentlər isə məsələyə məkrli yanaşmanı, “qonşular bizdən asılı olmalıdır, asılı olmazsa düşməndir” kimi xəstə bir yanaşmanı nümayiş etdirir".
C.Quliyev əlavə edib ki, indiki halda bu yanaşma Qərbin müəyyən dairələrini qane edə, cari maraqlar üst-üstə düşə bilər. Lakin yekun olaraq Orta dəhlizin bir həlqəsi olan Zəngəzur dəhlizi Qərbin də maraqları çərçivəsindədir: "Çünki Uzaq Şərq-Avropa daşımalarında Rusiyaya və İrana daha etibarlı alternativdir. Gələcəkdə İranın Misiri belə dəhliz çəkişmələrinə cəlb edəcəyini gözləmək olar. Artıq indidən Zəngəzur dəhlizinin Süveyş dəhlizini təhdid edəcəyi haqda təhlillər dərc olunur. Amma bu cəhdlər əbəsdir, minillərdir türk ölkələri Yaxın və Uzaq Şərq, Qərb və Şərq arasında körpü rolunu oynayıb. Yenə də coğrafiyanın verdiyi bu imkanlardan bəhrələnəcək".