Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması;
Azərbaycan və Ermənistan tərəfindən siyasi iradə ortaya qoyulub, müsbət mesajlar verilir
Azərbaycan Ermənistanla münasibətlərinin normallaşdırılmasını hədəfləyib. Lakin rəsmi Bakı hesab edir ki, Ermənistanın uzun onilliklər ərzində irəli sürdüyü bütün əsassız tələblər qeyd-şərtsiz aradan qaldırılmalı, Azərbaycanın haqlı tələbləri icra olunmalıdır. Özü də Ermənistan bəyannamələr səviyyəsində açıqlamalarla deyil, hüquqi cəhətdən əsaslandırılmış addımlar atmaqla sülhdə maraqlı tərəf olduğunu ortaya qoymalıdır. Rəsmi Bakı üçün əsas məsələ Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından tamamilə imtina etməsidir, sülh müqaviləsi bu məsələyə qayıtmanın bütün potensial risklərini aradan qaldırmalıdır. Heç kimə sirr deyil ki, Ermənistanın bütün fundamental sənədlərində hələ də Azərbaycana qarşı ərazi iddiaları var, bu, yolverilməzdir və bu, sülh müqaviləsinin bağlanması prosesinin başa çatdırılmasına əsas maneədir. Azərbaycan tərəfi dəfələrlə vurğulayıb ki, danışıqlar prosesinin formatına açığıq. Bunun üçün bilavasitə Azərbaycan və Ermənistan arasında ikitərəfli formatdan istifadə edirik. Həmçinin müxtəlif platformalardan heç vaxt imtina etməmişik. Hətta Bakı Rusiyanın təşəbbüslərinə də "yox" deməyib. Ancaq İrəvan birmənalı olaraq Moskvanın görüş təkliflərini geri çevirib. Həm Azərbaycan, həm də Ermənistan sülh müqaviləsinin mətninin təqribən 80 faizinin artıq razılaşdırıldığını vurğulayırlar. Ötən gün dövlət başçısı İlham Əliyev də bəyan etdi ki, artıq sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına nail olmuşuq: "Bəli, bu, kiçik bir addımdır. On üç kilometrlik hissə demarkasiya edilib. Bizim Ermənistanla 1000 kilometrlik sərhədimiz var. Ancaq bu, düzgün istiqamətdə atılmış addımdır və ümid edirik ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək". Məsələ ondadır ki, Ermənistan zaman-zaman qeyri-konstruktiv mövqe sərgiləyir və əsassız iddialarla Azərbaycanı ittiham edir. Bir neçə gün öncə Ermənistan Baş naziri Nikol Paşinyan iddia etdi ki, guya Azərbaycan Konstitusiya aktında da Ermənistana qarşı ərazi iddiaları yer almaqdadır. Halbuki bu iddialar tamamilə yanlışdır. Bu məsələdə Azərbaycan Konstitusiyası ilə Ermənistan Konstitusiyası arasında paralellik və bərabərlik yaratmaq cəhdi qəbuledilməzdir. Ermənistanın bu arqumentini heç bir beynəlxalq tərəfdaş qəbul etmir və bunun qeyri-ciddi olduğunu hər kəs bilir. Ermənistan Konstitusiyasından fərqli olaraq, Azərbaycan Konstitusiyasında istinad olunan 1991-ci il Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və 1918-ci il İstiqlal Bəyannaməsində Ermənistana qarşı heç bir ərazi iddiası mövcud deyil. İlk Azərbaycan Respublikası dövründə hansı ərazilərin Azərbaycanın tərkibində olduğu, onların nə zaman Ermənistan tərkibinə qatıldığı isə tarixi faktlardır və bu faktları danmaq mümkün deyil. Bu, heç bir halda hazırda Azərbaycan qanunvericiliyində Ermənistana qarşı ərazi iddialarının olması anlamına gəlmir. Ermənistan tərəfinin sülh müqaviləsi layihəsində mövcud olan “heç bir tərəf sülh sazişi çərçivəsində öz öhdəliklərini yerinə yetirməməsi ilə əlaqədar daxili qanunvericiliyinə istinad edə bilməz” müddəasını qeyd edərək, bu ölkənin Konstitusiyasındakı ərazi iddiasının zərərsiz olduğunu bildirməsi də tamamilə əsassızdır. Bir daha qeyd edirik ki, heç bir beynəlxalq sazişin Konstitusiyadan üstün olmadığı hər kəsə yaxşı məlum olan faktdır. Ermənistan tərəfinin sülh sazişi layihəsini hansı formada imzalamaq niyyətindən asılı olmayaraq, Azərbaycanla Ermənistan arasında real və davamlı sülh müqaviləsinin imzalanması üçün əsas şərt başda Ermənistan Konstitusiyası olmaqla, bu ölkənin çoxsaylı hüquqi və siyasi sənədlərində təsbit edilmiş Azərbaycana qarşı davam edən ərazi iddialarına son qoyulmasıdır. Minsk qrupu ilə bağlı baş nazirin mövqeyinə nəzər saldıqda da açıq-aydın görmək mümkündür ki, Ermənistan tərəfinin keçmiş münaqişənin qalığı olan qurumun bərpasına yönələn cəhdləri bu ölkənin Azərbaycana qarşı gizli gündəminin mövcudluğunu nümayiş etdirir. Ermənistanın baş nazirinin bu problemləri gözardı edə biləcəyi ilə bağlı məntiqi bu ölkənin dayanıqlı sülhdə maraqlı olmadığını və yalnız bu vəziyyəti gələcəkdə yenidən Azərbaycana qarşı təcavüzə başlamaq üçün ehtiyat variant kimi saxlamağa çalışdığını göstərir. Ermənistan sülh prosesinə ciddi yanaşdığını sübuta yetirmək üçün ziddiyyətli bəyanatlar və təxribatçı addımlardan çəkinməlidir. Həmçinin beynəlxalq hüququn norma və prinsiplərinə öz əməlləri, eyni zamanda real addımlar ilə hörmət etdiyini göstərməlidir.
Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Ermənistanla Azərbaycan arasında gələn il sülh müqaviləsi imzalana bilər. Ekspert vurğulayıb ki, Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsini bağladıqdan sonra Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dərhal çıxması gözlənilir. Həmçinin Ermənistan Rusiyanın 102-ci hərbi bazasını və sərhəd xidmətini ölkədən çıxaracaq:
"Ermənistan rəsmiləri Rusiyanın orbitindən çıxmaq üçün hüquqi və siyasi ortam formalaşmasını gözləyir. Türkiyə ilə ilkin şərt olmadan danışıqlar gedir, Azərbaycanla da müəyyən irəliləyişlər əldə edilib. Ona görə də erməni spiker Rusiya ilə müəyyən razılaşmalara baxacaqlarını vurğulayır. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanması üçün Ermənistan hakimiyyətinin gələn il Konustitusiyada dəyişikliyə getməsi mümkündür. Konstitusiya dəyişikliyi üçün referendum şərt deyil, konstitusiya komissiyası bu işi həyata keçirə bilər. Əgər Ermənistan 2027-ci ilə kimi prosesi uzadarsa, bu müddət İrəvanın əleyhinə işləyə bilər. Xüsusilə, Baş nazir Nikol Paşinyan növbəti seçkilərə kimi Azərbaycanla sülh müqaviləsi bağlamağı planlaşdırır".
Siyasi şərhçinin qənaətincə, Qərb Azərbaycan və Türkiyə ilə normallaşma prosesi olmadan İrəvanın Rusiya və İranın təsirindən çıxa bilməyəcəyini onların diqqətinə çatdırıb: "Azərbaycan və Ermənistan tərəfindən siyasi iradə ortaya qoyulub, müsbət mesajlar verilir. Ermənistan növbəti dəfə sülh təkliflərini Azərbaycana göndərib. Məhz qarşılıqlı sülh təklifləri əsasında müqavilə hazırlanır. 17 bənddən ibarət olan sülh müqaviləsinin 13 bəndi razılaşdırılıb. Zəngəzur dəhlizinin açılması isə Ermənistan və Rusiya arasında problemə çevrilib. Dəhlizin açılması hazırda Azərbaycan üçün aktual deyil. Ermənistanla qarşılıqlı olaraq bu məsələ sülh müqaviləsindən sonra ikitərəfli razılaşma əsasında reallaşacaq. Rusiyanın Zəngəzur dəhlizinin açılması ilə bağlı hərəkətliliyi regionda geosiyasi rəqabəti qızışdırır. Görünür, Moskva Zəngəzur dəhlizini gündəmə gətirməklə regiona təsir etməyə çalışır. Prezident İlham Əliyev çevik şəkildə hərəkət edərək Azərbaycanı bütün proseslərdən uduşlu çıxaracaq".