İlqar Məmmədovun istefa addımı digər partiyalara sirayət etməyəcək
Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov istefa verib.
Partiyanın Siyasi Komitəsinin dünənki iclasında İlqar Məmmədovun SK sədri vəzifəsindən istefası haqqında ərizəsi qəbul olunub. Qərara alınıb ki, sədrliyin ötürülməsi işləri 30 sentyabr tarixində başa çatsın və yeni seçiləcək sədr oktyabrın 1-dən fəaliyyətə başlasın: “Respublikaçı Alternativin qurucu üzvü İlqar Məmmədova uzun illər göstərdiyi fəaliyyətə və liderliyinə görə partiya adından təşəkkür bildirildi. İlqar Məmmədovun Siyasi Komitə üzvü olaraq partiya işinin bundan sonra hansı istiqamətlərinə baxacağı növbəti mərhələdə müəyyən ediləcək".
Politoloq Oqtay Qasımovun fikrincə, İlqar Məmmədovun öz sözünü yerinə yetirməsi təqdirəlayiq davranışdır:
“İlqar Məmmədovun istefası Azərbaycan siyasətində az-az rast gəlinən hadisələrdəndir. Seçkilərin nəticəsinə etiraz əlaməti olaraq Pənah Hüseyn də bənzər açıqlama vermişdi. Bu istefalar partiyanın ali qurumu tərəfindən qəbul edildikdən sonra gerçəkləşir. İlqar Məmmədovun istefasının Azərbaycan siyasətində əsaslı dəyişikliklərə səbəb olacağını düşünmürəm. Köklü ənənələrin dəyişməsi üçün zamana ehtiyac var.
Partiyaların daxilində demokratik prinsiplərə hər zaman əməl olunmadığından bu istefanın digər partiyalara sirayət edəcəyini və analoji addımlar atılacağını gözləmirəm. İlqar Məmmədovun istefası Azərbaycan siyasətini yenidən dizayn etməyəcək. Sadəcə, təmsil etdiyi partiyada hər hansı yeniliklər baş verə bilər”.
“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə isə “Sherg.az”a açıqlamasında deyib ki, İlqar Məmmədovun istefası və Real Partiyasında yeni sədr seçilməsi ilə bağlı müxtəlif fikirlər irəli sürmək olar. Onun sözlərinə görə, bu proses Azərbaycanda müxalifət partiyalarında islahatların başlanğıcı kimi görülə bilər:
“Gözlənilir ki, Real Partiyası növbəti parlamentdə əsas müxalifət qüvvəsi kimi formalaşsın. Xarici dilləri bilən, savadlı kadrları ilə partiya elit təbəqəni təmsil edərək beynəlxalq səviyyədə tanınsın. Əlbəttə, belə bir partiyanı İlqar Məmmədovun rəhbərliyi ilə formalaşdırmaq olardımı? Yəqin ki, Məmmədovun keçmişi buna mane olur. Bu hadisə müxalifət partiyalarında geniş islahatların başlanğıcı kimi də dəyərləndirilə bilər. Bu, yalnız bir versiya olsa da, reallığa yaxın görünür”.
"ReAL"ın üzvü Ziya Muradov isə deyib ki, Azərbaycan siyasətində yeni bir səhifə açmaq lazım idi. İlqar Məmmədov bunu bacardı:
“Dürüstlüyü, siyasi təcrübəsi, iradəsi, savadı ilə bunu bacardı. Mirzə Cəlili, Sabiri zamanında anlamayıb, sonradan dərk edən cəmiyyət, İlqar Məmmədovu da anlamadı. Buna görə təəssüf edirəm. Halbuki İlqar Məmmədov kimi parlaq şəxslər, çox asanlıqla istənilən xarici ölkələrdə ən yüksək həyat şəraiti ilə yaşamaq şansını öz ölkəsində qalmağa dəyişmişdi. REAL-ın siyasi quruluşu, onun yeni sədr seçiləndən sonra daha da inkişaf edəcəyinə təminat verir. Bundan əminəm.