Paşinyan yarımçıq layihənin üzərində azı 8-10 ay oynayacaq -ANALİTİK

Bu yolla tam saziş mətni üzərində işin bərpasını 2026-cı ilədək gecikdirməyə çalışacaq
 
 
 “Paşinyanın 13 maddədən ibarət yarımçıq saziş layihəsini Azərbaycana təqdim etməsinin və ardınca dərhal imzalamağa hazır olduğunu bildirməsinin arxasında yaxın perspektivə hesablanmış plan dayanır”.

 Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri Nikol Paşinyan 16 maddəlik layihənin 3 maddəsini kənara qoyaraq 13 maddəni Azərbaycana təqdim etdiyi anda çox yaxşı bilirdi ki, Azərbaycan bu yarımçıq və mənasız layihəni qəbul etməyəcək:

 “Ən azı ona görə ki, bu layihə Azərbaycanın 2 il əvvəl təqdim etdiyi 5 saziş prinsipinə heç minimum səviyyədə belə uyğun deyil. Hazırkı şəraitdə ana prinsip sayılan, indi və gələcəkdə ərazi iddialarından imtinaya təminat prinsipinin əks olunmadığı heç bir saziş Azərbaycan üçün məqbul deyil. Paşinyan yarımçıq saziş layihəsi təklifini irəli sürməklə layihəni imzalamaqdan imtina edən Azərbaycanı "sülhü istəməyən sizsiniz" ideyası ilə vurmaq niyyəti güdür. O cümlədən yarımçıq layihənin şərait üçün guya ən optimal və konstruktiv sənəd olduğu üzərində uzun müddət oynamaq, müxtəlif ikitərəfli və çoxtərəfli müzakirə formatlarında yarımçıq layihənin "təqdimatını" keçirmək istəyir.
Yəqin hələ uzun müddət bu layihə Ermənistanın müxtəlif dövlətlərdəki səfirlikləri, beynəlxalq təşkilatlardakı nümayəndəliklərinin xətti ilə ortada "fırladılacaq".

 A.Quliyev hesab edir ki, Paşinyan yarımçıq layihənin üzərində azı 8-10 ay oynayacaq və bu yolla tam saziş mətni üzərində işin bərpasını 2026- cı ilədək gecikdirməyə çalışacaq:
 “Zənnimcə, Nikol tam mətndə sülh sazişi üzərində işi 2026-cı ilin parlament seçkiləri ərəfəsində gündəmə gətirəcək. Ona sülh sazişi üzərində uzun iş 2026-cı ilin parlament seçkilərində öz qələbəsini bütün maraqlı tərəflərə qəbul etdirmək üçün çox lazımdır. Amma bu, Paşinyanın planlarıdır. Görək, Bakının planları necə olacaq...”.