Bu ölkə də Ermənistan-Azərbaycan münasibətlərinə ksenofobiya və islamofobiya eynəyindən baxır və həqiqətləri görmür
Fransa və Niderland kimi bəzi Avropa ölkələrinin başlatdığı anti-Azərbaycan kampaniyasına okeanın o tayından Kanada da qoşulub. Bu dövlətləri ölkəmizə qarşı bir araya gətirən və mehribanlaşdıran əsas amil "erməni məsələsi"dir. Məlumdur ki, Kanadanın xarici işlər naziri Melani Joli növbəti dəfə Azərbaycanın ünvanına qərəzli bəyanatla çıxış edib. Ermənistan mediasının tirajladığı xəbərdə bildirilir ki, M.Joli ölkəsinin Azərbaycana "təzyiqləri davam etdirdiyini" bəyan edib. Bu azmış kimi, Joli onu da əlavə edib ki, Kanada rəsmi Bakıdan Ermənistanın ərazi bütövlüyünə hörmət etməsini və "erməni əsirləri azadlığa" buraxmasını tələb edir. Rəsmi Bakı Kanadanın xarici işlər nazirinin Azərbaycanın 2023-cü ilin sentyabrında Qarabağda keçirdiyi əməliyyatın ildönümü ilə əlaqədar yaydığı bəyanatını pisləyib. Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə kanadalı naziri manipulyasiya və faktları təhrif etməkdə günahlandırıb. XİN rəsmisi Azərbaycanın 2023-cü ildə Qarabağ bölgəsində tam suverenliyini bərpa etdiyini, Ermənistan silahlı qüvvələrinin bölgədə qanunsuz mövcudluğuna və dəstək verib saxladığı separatçı rejimə son qoyulduğunu qeyd edib. Qərb ölkələrinin qərəzli yanaşmasına, ədalətsiz mövqe sərgiləməsinə ilk dəfə rast gəlmirik. Ancaq öz tarixindən "bixəbər" ölkənin Azərbaycana qarşı qərəz və böhtan dolu bəyanatla çıxış etməsi yetərincə absurd görünür. Artıq mövcud olmayan bir problemin həlli üçün "öz müqəddəratını təyin etmə" prinsipinə istinad edən kanadalı nazir Azərbaycana dərs keçməkdənsə, öz biabırçı tarixi ilə məşğul olsa, daha məqsədəuyğun olar. Ermənilərin Qarabağ bölgəsini guya məcburi şəkildə tərk etməsi barədə əsassız ittiham irəli sürən Joli Kanadanın aborigen əhalisinin kökünün kəsilməsi faktını gözardı edir.
Məlumat üçün bildirək ki, XVI əsrin sonunda avropalıların Şimali Amerikaya gəlməsi ilə müstəmləkə siyasətinin əsası qoyulub. Avropa imperiya dövlətləri qitənin geniş ərazilərini işğal edərək yerli əhalini onların qanunlarına uyğunlaşmağa məcbur ediblər. Kanadanın yerli xalqları da bu qəddar müstəmləkə siyasətlərindən öz paylarını alıblar. Əvvəllər onlar indiki Kanada ərazisində yaşayan yeganə insanlar olsalar da, məcburi assimilyasiya siyasəti nəticəsində onların sayı əhəmiyyətli dərəcədə azalıb və hazırda ölkənin ümumi əhalisinin təxminən 5 faizini təşkil edirlər. Bir neçə il əvvəl Kanada katolik kilsəsi tərəfindən aşkar olunan kütləvi məzarlıq onların azalmasına əyani sübutdur. Nişansız qəbirlər Kanadanın keçmiş assimilyasiya siyasətinə dair dəhşətli sübutlar təqdim edir. XVIII əsrdən başlayaraq isə Kanadadakı müstəmləkə və post-müstəmləkə hakimiyyətləri yerli əhalini Avropaya tabe etmək üçün müxtəlif assimilyasiya vasitələrindən istifadə ediblər. Məsələn, minlərlə yerli uşaq ailələrindən ayrılaraq, kilsə tərəfindən idarə olunan internat məktəblərində, xüsusən də katolik kilsəsi tərəfindən dini missionerlik təcrübələrinə məruz qalıblar. Mədəni köklərini itirmək üçün onlara ana dillərində danışmaq da qadağan edilib, adları da dəyişdirilərək Avropa adları ilə əvəz olunub, məktəblilər cinsi istismara da məruz qalıb. Kanadanın assimilyasiya siyasəti bir çox yerli qəbilələrin yoxa çıxmasına, onların mədəniyyətinin və həyat tərzinin məhvinə gətirib çıxarıb. Minlərlə insan itkin düşüb, bir neçə yüzillikdən sonra meyitlərinin qalıqları kütləvi məzarlıqlarda aşkara çıxıb. Kanada öz xalqına belə hörmət qoymayıb. Avropalı müstəmləkəçilərin əlində marionetə çevrilərək yerli sakinlərə faciələr yaşadıb. 1876-cı ildə yerli xalqların rezervasiyalarda yerləşdirilməsi etnik təmizləmə və mədəni soyqırımı aktı olaraq qiymətləndirilir. Yerli xalqlar kənd təsərrüfatı və maldarlıq üçün faydalı olmayan torpaqlarda yerləşdirilib. Nəticədə onlar arasında aclıq və müxtəlif xəstəliklər geniş yayılıb. Hüquqi akt diskriminativ olmasına baxmayaraq, o hələ də qüvvədədir. 1831-1996-ci illərdə kilsə tərəfindən idarə olunan yerli xalqlar üçün 130 məktəb-internat fəaliyyət göstərirdi. Onlar yerli xalqların assimilyasiyası siyasətini reallaşdırırdı. Bütün fəaliyyət dövründə həmin məktəblərdən 150 minə yaxın tələbə keçib. Ən azı 3200 uşaq soyuq hava, pis qidalanma və xəstəliklər səbəbindən vəfat edib. Çoxu fiziki, seksual və emosional zorakılığa məruz qalıb. 2012-ci ildə yerli xalqların 325 nümayəndəsi Kanada hökumətinə qarşı maddi təzminat tələbi ilə iddia qaldırıb. 2015-ci ildə Həqiqətin Tapılması və Barışıq Komissiyası açıqladığı hesabatda həmin internat-məktəblər sistemini mədəni soyqırım adlandırıb. Kanada hökuməti yerli xalqlara 2.1 mlrd dollar təzminat ödəməyə razı olub. 2021-ci ildə Kanadanın Saskaçevan vilayətindən bu tip internat-məktəb həyətinin yanında 751 nəfərə aid məzarlıqlar tapılıb. “The Cowessess First Nation” bəyan edir ki, bu, Kanada ərazisində tapılmış ən böyük məzarlıqdır. Bir müddət sonra Britaniya Kolumbiyasında qazıntılar zamanı bu tip məktəb-internata yaxın 215 yeniyetmənin məzarlığı tapılıb. 3 yaşdan yuxarı olan uşaqlar 1900-1971-ci ildə burada dəfn edilib. Baş nazir Trudo bildirmişdi ki, bütün bunlara görə Kanada məsuliyyət daşıyır . 2022-ci ilin iyulunda Roma Papası da kilsənin Kanadada yerli xalqları zorla assimilyasiya etməsini soyqırım adlandırıb.
Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu "Sherg.az"a deyib ki, Kanadanın Xarici İşlər Nazirliyinin Azərbaycana qarşı səsləndirdiyi fikirlər, səsləndirdiyi ifadələr məntiqə zidd və qeyri-realdır. Deputatın sözlərinə görə, Kanada Azərbaycana təzyiq edə bilməz:
"Məsələnin birinci tərəfi odur ki, Kanadanın Azərbaycana təzyiq etməsi üçün əlində heç bir real rıçaq yoxdur. Digər yandan əgər Kanada demokratik ölkədirsə, insan hüquqlarına önəm verirsə, niyə 30 il Azərbaycan torpaqları işğal altında olanda ərazi bütövlüyü məsələsi Kanadanın xarici siyasət idarəsinin yadına düşməyib? Bu günə qədər hələ tapılmayan 4 minə yaxın itkin insanımızın taleyi barədə maraqlanıblarmı? Kanada Ermənistan-Azərbaycan münasibətlərinə ksenofobiya və islamofobiya eynəyindən baxır və bu həqiqətləri görmür".
Parlament üzvü vurğulayıb ki, yerli Amerika hindularının sivilizasiyasını yer üzündən silən kanadalıların haqq-hüquqdan danışmağa mənəvi haqları çatmır:
"Kanada Azərbaycana insan haqlarının qorunması ilə bağlı nəsə tövsiyə verə bilməz. Hələ soyqırımın fəsadlarından xilas ola bilməyən, etnik mənsubiyyətinə, dəri fərqinə görə ayrı-seçkiliyə məruz qalanlar məhz Kanada vətəndaşlarıdır. Yaxşı olar ki, Kanadanın xarici işlər naziri ilk növbədə öz əhalisinin hüquqları barəsində düşünsün. Azərbaycana qarşı yersiz və aqressiv bəyanatlar verməsinlər".