Azərbaycan hakimiyyətində və cəmiyyətində təxribatlara qarşı immunitet formalaşıb
“Prezidentin çıxışındakı mesajlar bütün ictimai-siyasi fəalların, media nümayəndələrinin, cəmiyyətin gündəlik diqqət mərkəzində olmalıdır”
VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev kifayət qədər mühüm məqamlara təmas etdi. Dövlət başçısı proqram xarakterli çıxışında daxili və xarici siyasətlə bağlı mühüm mesajlar verdi. Azad olunan ərazilərin yenidənqurması, intensiv məskunlaşmadan tutmuş, sosial təminatın və təhlükəsizliyimizin daha da gücləndirilməsi kimi məsələlərə toxundu. Ölkə rəhbəri Azərbaycanın yeni dövr üzrə prioritetlərini bir daha bəyan etdi.
Dövlət başçısının çıxışını "Sherg.az"a dəyərləndirən millət vəkili Nəsib Məhəməliyev deyib ki, Prezidentin çıxışı proqram xarakterli olmaqla, deputatlara, Azərbaycan xalqına, dostlarımıza, düşmənlərimizə yönəlik ciddi mesajlarla yadda qaldı. Deputat vurğulayıb ki, Prezident müasir dövrün reallıqları, geosiyasi qarşıdurmalar, ölkənin qarşısında duran vəzifələr, xarici təhdidlər, ideoloji təxribatlar, Qarabağa qayıdış, işğaldan azad olunmuş torpaqlarda aparılan tikinti-quruculuq-bərpa işləri barədə geniş məlumat verdi:
"Dövlət başçısı problemlərin həlli yollarından, qlobal güclərin maraqlarının toqquşduğu regionumuzda sabitliyin saxlanılması, sərhədlərin toxunulmazlığı istiqamətində dövlətin gördüyü işlərdən danışdı. Bugünkü reallıqlar ondan ibarətdir ki, Cənubi Qafqazda dayanıqlı sülhün əldə olunması qlobal gücləri narahat edir. Tarixən olduğu kimi, yenə də “erməni” kartından bir alət olaraq istifadə olunur. Ermənistan sürətlə silahlandırılır, sülh müqaviləsinin imzalanması müxtəlif bəhanələrlə uzadılır. Bununla da, həmin qüvvələr Azərbaycanı gərginlikdə saxlamağa çalışırlar. Azərbaycanın qələbəsini, müstəqil siyasət aparmasını həzm edə bilmirlər. Açığı, bu təzyiqlər, təxribatlar gözlənilən idi. Heç kimə sirr deyil ki, vahid mərkəzdən verilmiş komanda əsasında təşkil olunur. Əfsuslar olsun ki, təxribatlarda öz daxilimizdəki destruktiv qüvvələrdən, bəzi media qurumlarından, 5-ci kolon nümayəndələrindən də istifadə olunur".
Parlamentari qeyd edib ki, Azərbaycan hakimiyyətində və cəmiyyətində təxribatlara qarşı immunitet formalaşıb:
"Güclü siyasi iradəyə malik, beynəlxalq münasibətlər sistemini, təhlükəsizlik sistemini peşəkarcasına mənimsəmiş, bütün oyunları pozan Liderimiz var. Ordu quruculuğuna, ən müasir silahların, döyüş texnikasının alınmasına, hərbi-sənaye kompleksinin inkişafına xüsusi diqqət yetirilir. İqtisadiyyat şaxələndirilir, yeni əlaqələr qurulur. Yəni əldə olunmuş qələbələrin saxlanılması, suverenliyin, sabitliyin qorunması üçün nə lazımdırsa, dövlət tərəfindən lazımi addımlar atılır, tədbirlər görülür. Cənab Prezidentin çıxışındakı bir məqamı xüsusilə vurğulamaq istərdim. Bu da milli birlik, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, hər bir azərbaycanlının qürurla yaşamasıdır. Məhz qürurla yaşaması, öz dövləti ilə fəxr etməsi ən vacib məsələdir. Heç bir maddiyatla əvəzlənməyən hisslərdir. Biz 30 illik işğal dövrünü “məğlub xalq” sindromu ilə yaşamışıq. Bizi “məğlub xalq” xəstəliyindən xilas edən, ləkələnmiş qürurumuzu bərpa edən şəhidlərimizə Allah rəhmət eləsin, qazilərimizə, silahlı qüvvələrimizə, Müzəffər Ali Baş Komandanımıza, bütövlükdə xalqımıza can sağlığı versin. Prezidentin çıxışındakı mesajlar, Milli Məclis üzvləri ilə yanaşı, bütün ictimai-siyasi fəalların, media nümayəndələrinin, cəmiyyətin gündəlik diqqət mərkəzində olmalıdır".