ABŞ və Avropa ölkələri ermənilərin Qarabağa qayıtması üçün cəhdlər göstərəcəklər
“Ancaq Bakının şərtləri dəyişməyib. Qarabağ ermənilərinin qayıtması yalnız Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması ilə paralel şəkildə müzakirə oluna bilər”
ABŞ-nin vitse-prezidenti Kamala Harris, prezidentliyə namizəd qismində, Amerikanın erməni icmasına ünvanladığı müraciətdə “Dağlıq Qarabağ”dan olan ermənilərin qayıtmaq hüququndan danışıb. Qərbi Azərbaycan İcmasının bununla bağlı yaydığı bəyanatda bildirilib ki, Azərbaycanda “Dağlıq Qarabağ” adlı bölgə yoxdur. İcma qeyd edib ki, separatçılıq və işğalla assosiasiya olunan bu terminin işlədilməsi Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir: "Bundan əlavə, ABŞ vitse-prezidentinin qayıdış hüququna yalnız etnik ermənilər üçün istinad etməsi ayrı-seçkilik xarakteri daşıyır. Qərbi Azərbaycandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıtmaq hüququ ədalətin və davamlı sülhün bərqərar olunması üçün zəruri şərtdir. Vitse-prezidentin Qərbi azərbaycanlıların qayıdış hüququnu görməzdən gəlməsi sülhə kömək etmir və yanlışdır. Biz vitse-prezident Harrisə müraciət edərək, onu Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququna hörmət etməyə və qayıdış hüququ məsələsində etnik və ya dini mənsubiyyətə əsaslanan ayrı-seçkiliyə yol verməməyə çağırırıq".
Politoloq Abutalıb Səmədov "Sherg.az"a bildirib ki, prezidentliyə namizəd Kamala Harrisin ermənipərəst bəyanat səsləndirilməsində və ermənilərin Qarabağa qaytarılmasının zəruriliyindən danışmasında qeyri-adi heç nə yoxdur. Ekspertə görə, bu, ABŞ rəsmilərinin dəfələrlə səsləndirdiyi bir mövqe idi:
"Təkcə onların deyil, eyni zamanda Avropa İttifaqı rəsmiləri də bu mövqelərini dəfələrlə ortaya qoyublar. Bacarsalar bunu reallaşdırmağa da çalışacaqlar. Məsələ başqadır. Harris Co Baydendən daha artıq ermənipərəst ola bilərmi? Məlumdur ki, Bayden bütün fəaliyyətini ermənilərə qulluğa həsr etmişdi. Ancaq qəribəsi odur ki, ermənilərin ən bədbəxt günləri məhz Baydenin prezidentliyi dövrünə düşdü və o, heç nə edə bilmədi. Azərbaycan hakimiyyətinin düzgün xarici siyasəti buna imkan vermədi. Aydın oldu ki, hətta müharibəyə başı qarışsa da, bölgədə əsas söz sahibi Rusiyadır. ABŞ və Avropa ölkələri ermənilərin Qarabağa qayıtması üçün cəhdlər göstərəcəklər. Buna şübhə yoxdur. Lakin ermənilərin kollektiv şəkildə Qarabağa qayıtması baş tuta bilməz. Fərdi qaydada məsələlərə baxıla bilər".
Analitik vurğulayıb ki, Qarabağ ermənilərinin qayıtması yalnız Qərbi azərbaycanlıların öz dədə-baba torpaqlarına qayıtması ilə paralel şəkildə müzakirə oluna bilər:
"Çox təəssüf ki, Qərb dairələri və ermənilər bu şərti qəbul etmək istəmirlər. Ancaq onlar istəsələr də, istəməsələr də, Azərbaycan bu mövqeyindən heç vaxt imtina etməyəcək. Cənubi Qafqazda Qərbi ən çox maraqlandıran ölkə Ermənistandır. Çünki Ermənistanın Rusiyaya qarşı tutduğu mövqe, Moskva əleyhinə bəyanatlar ABŞ və Avropanın maraqlarına daha çox cavab verir. Bu səbəbdən erməniləri müdafiə etmək üçün müəyyən addımlar atmağa çalışırlar".