Ölkə sakinlərinin dörddə biri mühacirdir
Tarixçi-alim: “Belə bir dövlətin bir millətə üstünlük verib, başqa xalqa qarşı olması Kanadanın yürütdüyü siyasətə daban-dabana ziddir"
Azərbaycana qarşı hər zaman qərəzli mövqeyi ilə seçilən Kanadanın Xarici işlər naziri Melani Coli yenə əvvəlki kimi ermənipərəst fikirlər səsləndirməsi ilə gündəmə gəlib. Kanada Erməni Milli Komitəsinin (ANCC) yaydığı məlumat belə düşünməyə əsas verir. Colinin fikrincə, Azərbaycan Ermənistanla "vicdanla işləməli, münaqişəni danışıqlar və sülh yolu ilə siyasi müstəvidə həll etməli, özbaşına saxlanılan erməni məhbusları azadlığa buraxmalıdır". Əslində, xanım nazirin Bakını hədəf alması ilk deyil. Coli bundan əvvəl dəfələrlə Azərbaycana yönəlik ittihamlar səsləndirib. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Kanadanın Ermənistana dəstəyi, xüsusilə Nikol Paşinyanın ölkədə hakimiyyətə yiyələnməsindən sonra xeyli artıb. Əvvəlki dönəmdə Kanada-Ermənistan əlaqələri indiki kimi deyildi. Ekspertlərə görə, əlaqələrin inkişafında, Kanadanın bugünkü ermənipərəstliyində Fransa amilinin mühüm rolu var. O baxımdan hesab olunur ki, Kanadanın beynəlxalq hüququn norma və prinsiplərinə daim sadiq qalan Azərbaycanı demokratiya və ya insan haqları məsələsində ittiham etməyə haqqı yoxdur. Çünki bu cür bəyanatlar heç bir diplomatik əndazəyə sığmır. Həmçinin Kanadanın öz keçmişi heç də parlaq deyil. 2009-cu ildə Kanadanın Saskaçevan əyalətinin yerli icması 751 ədəd kimsəsiz məzar aşkarlamışdı. Məzarların əksəriyyəti azyaşlılara məxsus idi. Məlum olmuşdu ki, meyitlər Kanada hökumətinin yerli əhali üzərində həyata keçirdiyi soyqırımının qurbanlarına məxsusdur. Avropa müstəmləkəçiləri - Britaniya, Fransa və İspaniya bu əraziləri işğal edərkən kütləvi qırğın siyasəti həyata keçirib. Onların diskriminasiya siyasətinə tabe olmayan yerli əhali öldürülürdü. XVIII əsrdən başlayaraq yerli Kanada əhalisi tədricən sıradan çıxarılıb. Bu işdə müstəmləkə dövlətlərinə katolik xristianlar da yaxından kömək göstəriblər. 2008-ci ildə Kanada hökuməti tarixi cinayətlərini etiraf etməli olub. Müəyyən olunub ki, 1883-1996-cı illərdə 150 internat məktəbində yerli xalqlara aid 150 min uşaq öldürülüb. 1950-ci ildə Kanada hökuməti bir qrup inuitləri öz tarixi torpaqlarından 100 km aralığa köçürməyə qərar verib. Köçürülmə zamanı bir çox insanlar ölüb. Bundan sonra daha 3 köçürülmə baş verib.
Tarixçi-alim, Bakı Dövlət Universitetinin Avropa və Amerika ölkələrinin yeni və müasir tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Rövşən Hətəmov "Sherg.az"a açıqlamasında deyib ki, yerli xalqlardan sonra Kanadada 1608-1763-cü illər arasında fransızların, ondan sonra isə ingilislərin dövrü başlayıb və hər dövrdə Kanadanın ayrı-ayrı siyasətləri olub. Tarixçi bildirib ki, Kanada anqlo-sakson mədəniyyətinin mühitində yaranmış bir dövlətdir və bu baxımdan orada baş verənlərdə həm fransızların, həm də ingilislərin məsuliyyəti həddindən artıq böyükdür:
"Son illərdə Kanadada internat məktəbləri haqqında çox faciəli, dramatik faktlar ortaya çıxdı. Zorla ailələrindən qoparılaraq internat məktəbinə göndərilən minlərlə uşaqların məzarları aşkarlandı. Adsız-sansız uşaqların dəfn olunduğu qəbiristanlıq üzə çıxdı. Bunlarla bağlı kifayət qədər materiallar mövcuddur. Burada həm fransızların, həm də ingilislərin günahı var. Maraqlı məqam ondan ibarətdir ki, fransızlar Kanadaya ilk dəfə ayaq basdıqda, yəni XV əsrdə hindularla daha münasib siyasət yürütməyə çalışırdılar. İndiki Kanada hökumətinin hindularla bağlı üzrxahlığı, bəzi qanunlar qəbul etməsi, kompensasiya məsələsini gündəmə gətirməsi və s. Kanadanın məsuliyyətini aradan qaldırmır. Eyni zamanda Kanadada ingilislərin dövründə də hindulara münasibət yaxşı olmayıb. Yəni həm fransızların, həm də ingilislərin dövrünə nəzər salsaq, eyni səviyyədə günahkar olduqlarını görərik".
R.Hətəmov Kanadanın Azərbaycanı ittiham etməsi məsələsinə də münasibət bildirib:
"Kanadanı "iki millətin bir dövləti" kimi qəbul etmək lazımdır. Kanadada fransız və ingilis qruplar var - anqlo-kanadalı və frank-kanadalı. Kvebek Kanadanın baş ağrısıdır və Kanadanın tərkibindən çıxaraq müstəqil dövlət yaratmağa yönəlik dəfələrlə cəhdlər edilib. 1980-ci ildə referendum keçirilib. 1995-ci ildə axırıncı referendum keçiriləndə 0.6 faiz fərqlə uduzdular. Yəni Kvebekdə separat əhvali-ruhiyyəsi o qədər güclüdür ki, onlar dünyanın hər yerində separatizm hərəkatlarına böyük simpatiya ilə yanaşırlar. Kanada dövləti yarananda Xarici İşlər Nazirliyi heç bir halda frank-kanadalıya verilmirdi, yalnız anqlo-kanadalıya verilirdi. XX əsrdə onların siyasəti dəyişdi. İndiki xarici işlər naziri də frank-kanadalıdır. Onun ermənilərə simpatiyası birmənalıdır. Bir şeyi vurğulamaq lazımdır ki, Kanadada XX əsrin əvvəllərindən üzü bəri erməni məsələsi ilə bağlı daha çox kilsənin təbliğatı müstəsna rol oynayıb. Kanadalıların düşüncəsinə görə, biz "barbar, vəhşi", ermənilər isə "inkişaf etmiş sivilizasiya xalqı"dır, guya biz onları "qırırıq" və s. Yəni bu şəkildə informasiyalar təbliğ olunur. Hətta Azərbaycanda 1988-ci ildə başlamış milli azadlıq hərəkatını belə kanadalı jurnalistlər Moskva xəbərlərindən götürmüşdülər, Bakıya gəlib bu məsələləri araşdırmamışdılar".
Alim diqqətə çatdırıb ki, Kanada həm Frankafoniya təşkilatında, həm də Böyük Britaniyanın Millətlər Cəmiyyətində təmsil olunur: "Frank-kanadalı siyasi xadimlər Fransanın xəttini daha çox müdafiə edirlər. Kanada xarici işlər nazirinin verdiyi bəyanat formal xarakter daşıyır və Fransa siyasətini təsdiqləyir. Kanadanın Parlamentində Azərbaycanın tərəfdarları, ümumiyyətlə, ədalət tərəfdarı olan kifayət qədər siyasi xadimlər var. Biz Kanadanı Azərbaycana düşmən hesab edə bilərik. Kanada multikulturalizm siyasəti yürüdür, xalqların hansısa birinə üstünlük verməsi barədə düşünmürlər. Sadəcə siyasətçilər arada bu cür bəyanatlar səsləndirirlər. Ona görə də hər hansı siyasətçinin mövqeyini bütün Kanada cəmiyyətinin Azərbaycana münasibəti kimi qəbul etməməliyik. Kanada mühacirlər dövləti sayılır, ölkə sakinlərinin dördə biri mühacirdir. Belə bir dövlətin bir millətə üstünlük verib, başqa xalqa qarşı olması Kanadanın yürütdüyü siyasətə daban-dabana ziddir".
Tarixçi bildirib ki, Avropa qurumları bəyan edirlər ki, ermənilər Qarabağa geri qayıtmalı, onların hüquqları tanınmalıdır. Alimin qənaətincə, onlar bir növ xristian təəssübkeşliyindən irəli gələrək öz missiyalarını həyata keçirməyə çalışırlar: "Kanadanın Cənubi Qafqazda elə bir güclü rolu yoxdur. Kanadanın xətrinə dəyən məsələ başqadır. 44 günlük müharibədə biz "Bayraktar" PUA-larından istifadə edərkən onların kamera-çəkiliş sistemi Kanada şirkətinə məxsus idi. Türkiyə Kanadadan həmin avadanlıqları alanda söz vermişdi ki, ölkədən kənarda istifadə etməyəcək. PUA-lar Suriyada istifadə olunarkən də Kanada qıcıqlanmışdı. 2020-ci ildə ermənilər Kanadada hay-küy qaldırdılar ki, "Bayraktar" erməniləri bombalayır. Kanada hökuməti əl-ayağa düşdü və sanksiya tətbiq etdilər, Türkiyəyə kameraların satışını dayandırdılar. Sonrakı dövrdə ermənilərin ittihamları qarşısında bir az özlərinə bəraət qazandırmaq üçün bu tipli bəyanatlar verirlər. Yenə deyirəm, Kanadanın bizə təzyiq imkanları yoxdur. Sadəcə olaraq Fransa ilə ağız-ağıza verib bizə qarşı nələrsə söyləyirlər. Bunu da ciddi qəbul etmək lazım deyil".