Azərbaycan indi regionun ən güclü, ən dövlətli, ən qüdrətli dövlətlərindən biridir
27 sentyabr Azərbaycanda Anım Günüdür. Artıq 4-cü ildir ki, məhz bu gün xalqımız İkinci Qarabağ müharibəsində qəhrəmanlıqla döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərini, bütün şəhidlərini dərin ehtiramla anır. 27 sentyabr doğma torpaqlarımızı işğaldan azad etmək, ölkəmizin sərhədlərini təxribatlardan qurtarmaq iradəmizin güclü təməli, Qarabağda erməni hökmranlığını başa çatdıracaq hərbi-siyasi gücümüzün ortaya qətiyyətlə qoyulduğu, milli ruhumuzun, milli həmrəyliyimizin öz sözünü kəskinliklə dediyi şərəfli bir tarixdir. Uzaq keçmişdən başlayan ədalətsiz tarixi prosesi dəyişdiyi gündür. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu. Prezident İlham Əliyev 2 dekabr 2020-ci il tarixdə sentyabrın 27-nin Azərbaycan Respublikasında Anım Günü kimi təsis edilməsi haqqında Sərəncam imzalayıb.
Ermənistanın Azərbaycana qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan xalqı işğal altındakı torpaqların azad edilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsinə başlayıb. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib.
Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində 2907 hərbi qulluqçusu şəhid olub, 7 nəfər itkin düşmüş sayılır. Azərbaycan Ordusunun zəfər yürüşünə tab gətirməyən düşmən təxribatlara əl ataraq, günahsız mülki insanları hədəfə almaqla müharibə cinayətləri törədib. Azərbaycanın ikinci böyük şəhəri, çoxsaylı tarixi və mədəni abidələri olan qədim Gəncə, ərazilərində strateji obyektlər yerləşən və keçən Mingəçevir və Yevlax şəhərlərini, Beyləqan, Bərdə, Tərtər, Qəbələ, Goranboy, Ağcabədi, Abşeron, Xızı və digər rayonlarını ballistik raketlər və digər ağır artilleriya qurğularından atəşə tutulub. Bütün bunlara baxmayaraq, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük “Dəmir yumruq” əməliyyatı ilə torpaqlarını işğaldan azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Zəfər yürüşü sayəsində kəndlər, şəhərlər bir-birinin ardınca erməni işğalçılarından təmizlənib. Oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan qəsəbəsi, oktyabrın 4-də Cəbrayıl rayonu, oktyabrın 9-da Xocavənd rayonunun Hadrut qəsəbəsi, oktyabrın 17-də Füzuli rayonu, oktyabrın 20-də Zəngilan rayonu, oktyabrın 25-də Qubadlı rayonu işğaldan azad edilib.
Azərbaycan Ordusunun həyata keçirdiyi unikal əməliyyatla isə noyabrın 8-də Şuşa şəhəri işğaldan azad olunub. Prezident İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində bəyan edib. Dövlət başçısının 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamla Azərbaycanda 8 Noyabr - Zəfər günü kimi təsis edilib. Müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq 2020-ci il noyabrın 10-da kapitulyasiya aktına imza atıb. Hərbi müstəvidə əldə edilən qələbənin siyasi müstəvidə davam etdirilməsi nəticəsində 44 günlük Vətən müharibəsindən sonrakı 20 gün ərzində 3 rayon – noyabrın 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın Azərbaycana təhvil verilib. Bu münasibətlə Azərbaycan Prezidenti dekabrın 1-də xalqa müraciətində deyib: “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz – Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”. Beləliklə, Ermənistan hərbi birləşmələrinin 4 il ərzində tədricən işğal etdiyi və 30 ilə yaxın dövr ərzində işğalda saxlayaraq ərazisində güclü hərbi istehkamlar, maneələr, müdafiə xətləri qurduğu Azərbaycan torpaqları 44 gün ərzində azad edilib. Azərbaycan Respublikasının ərazi bütövlüyü bərpa olundu, Ermənistan-Azərbaycan münaqişəsi tarixə çevrilib. Vətən müharibəsində Azərbaycan parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. Azərbaycan xalqı və dövləti Vətən uğrunda şəhid olan qəhrəman övladlarının işıqlı xatirəsini əziz tutur, onları daim xüsusi ehtiramla yad edir, qazilərin əməyini yüksək qiymətləndirir və onlarla qürur duyur. Vətən müharibəsi Azərbaycan xalqının Qarabağ həsrətinə son qoydu, işğaldan azad edilmiş ərazilərdə ən müasir standartlarla bərpa və yenidənqurma işlərinə başlanıldı, Qarabağa həyat qayıtdı. Məhz Vətən müharibəsinin nəticəsi kimi Azərbaycanın Ermənistanla sərhəd xəttinin bərpasına başlanılıb. Yaxın zamanda Zəngəzur dəhlizi də tarixi reallığa çevriləcək. Artıq Azərbaycan güclü lideri sayəsində nəinki Cənubi Qafqazda, qlobal miqyasda sayılan, hörmət göstərilən, hesablaşılan qüdrətli dövlətlərdən birinə çevrilib.
Millət vəkili Naqif Həmzəyev "Sherg.az"a deyib ki, Azərbaycan keçmiş münaqişənin sülh yolu ilə həll olunması üçün bütün mümkün vasitələri işə saldı və beynəlxalq ictimaiyyətin BMT-nin 4 qətnaməsinin qeyri-şərtsiz yerinə yetirilməsində Azərbaycanın haqlı mövqeyini müdafiə edəcəyinə ümid bəslədi. Deputatın sözlərinə görə, təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət, xüsusilə də Ermənistanın havadarları münaqişənin dondurulması və Azərbaycanın məğlubiyyətlə torpaqlarının itirilməsi ilə barışmasını istəyirdi:
"Ermənistan lobbisi, eyni zamanda Ermənistan siyasi hərbi rəhbərliyi işğala son qoymaq istəmirdi və Azərbaycana qarşı təzyiqləri artıraraq bizi daha çətin vəziyyətə salmağı düşünürdülər. Ancaq Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan iqtisadiyyatı yenidən quruldu. Ordumuz yenidən formalaşdırıldı və problemin sülh yolu ilə həll olunmayacağı təqdirdə müharibə yolunun seçiləcəyi dəfələrlə beynəlxalq tribunalardan dilə gətirildi. Əfsuslar ki, Ermənistan hərbi siyasi rəhbərliyi işğalı dayandırmaq əvəzinə 2020-ci ildə Azərbaycanın Tovuz istiqamətində yeni yüksəklikləri və əraziləri ələ keçirməyə cəhd etdi. Nəticədə Tovuz hadisələri baş verdi və aydın oldu ki, ermənilər sülh yolu ilə münaqişənin həllində maraqlı deyillər. Əksinə, Azərbaycanı daha çətin vəziyyətə salmaq və Azərbaycanın digər torpaqlarını işğalda saxlamaq istəyirlər. Şükürlər olsun ki, Azərbaycanın rəşadətli Ordusu, Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin əmri ilə hərəkətə keçdi. Azərbaycan xalqı illərdir münaqişənin həll olunmasını və torpaqlarımızın azad edilməsini arzu edirdi. Azərbaycan Silahlı Qüvvələri düşmənə qarşı əks-həmlə hücumlarına başladı".
Parlament üzvü deyib ki, məhz 27 sentyabr tarixindən başlanılan bu şərəfli hücum əməliyyatları nəticə etibarilə 44 günlük Vətən müharibəsinin uğurla başa çatmasının əsası oldu: "Qarabağı görməyən, ancaq Qarabağ həsrəti ilə yaşayan bizim gənc əsgər və zabitlərimiz, Azərbaycan Silahlı Qüvvələrinin hər bir fərdi ölümün gözünə dik baxdı. Torpaqlarımızı işğaldan azad etmək üçün şücaət göstərdilər, geri çəkilmədən sona qədər vuruşdular. Erməni silahlı qüvvələri arasında 10 mindən çox fərari var idisə, Azərbaycan Silahlı Qüvvələrində bir nəfər belə olsun fərarilik hadisəsinə rast gəlinmədi. Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrindən və separatçılardan fərqli olaraq ədalətli, ləyaqətli və şərəfli döyüş apardılar. Bir nəfər dinc sakinin burnu qanamadı. Ermənilər isə növbəti dəfə 90-cı illərin əvvəllərində təkrarladıqları quldurluğu və hərbi cinayətləri məhz 44 günlük Vətən müharibəsində təkrarladılar. Gəncə şəhərinə, Mingəçevirə, Naftalana, Bərdəyə uzaqmənzilli raketlər atdılar. Döyüş bölgəsindən uzaq olan bu əraziləri təşvişə salmaq və dinc əhalini qırmaq niyyətini ortaya qoydular. Bir sözlə, 44 günlük Vətən müharibəsinin gedişi Azərbaycan dövlətinin gücünü, Azərbaycan Ordusunun qəhrəmanlığını ortaya qoydu. Xalq və lider vəhdəti Zəfəri şərtləndirdi və qələbə ilə yekunlaşdırdı. 27 sentyabr - Azərbaycan tarixinə şərəfli Anım Günü olaraq yazıldı. 2023-cü ildə yarımçıq qalan işimiz də həllini tapdı, 23 saatlıq antiterror əməliyyatları nəticəsində Qarabağdan separatçılıq təmizləndi. Bütün torpaqlarımızda, o cümlədən Xankəndi, Xocalı, Ağdərədə, Xocavənddə bayrağımız dalğalandı. Azərbaycanın suverenliyi tam bərpa edildi".
N.Həmzəyev əlavə edib ki, hazırda Qarabağ və Şərqi Zəngəzurda quruculuq, abadlıq işləri həyata keçirilir: "Zəfərdə əməyi olan, canı-qanı bahasına torpaqlarımızın azad olunmasında yaxından iştirak edən bütün zabit və əsgərlərimizə hər zaman minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, onların ruhu qarşısında baş əyirik. Şəhid ailələrinə Allahdan səbr diləyirik və qazilərimizə şəfa arzu edirik. Şükürlər olsun ki, alnımızdakı qara ləkələri təmizlədik. 27 sentyabrda başlayan bu proses nəticə etibarilə Azərbaycanın daha da qüdrətlənməsinə və regionda yeni reallıqlar yaratmasına gətirib çıxartdı. Azərbaycan regionun ən güclü, ən dövlətli, ən qüdrətli dövlətlərindən biridir. İnanırıq ki, Ermənistan tərəfi də reallıqları dərk edəcək. Bu günə qədər buraxdıqları səhvdən doğru düzgün nəticə çıxaracaqlar, Azərbaycan xalqından üzr istəyəcəklər və nəhayət ki, sülhün imzalanması üçün töhfələr verəcəklər".