JF-17C təyyarələri Azərbaycanın hərbi gücünə fərqli bir güc qatacaq
Sentyabrın 25-də Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə Pakistan Aviasiya Kompleksi və Chengdu Çin Aviasiya Korporasiyasının birgə layihəsi olaraq hazırlanmış müasir, yüngül çəkili, istənilən hava şəraitinə uyğun, gündüz və gecə rejimli çoxməqsədli JF-17C (Block-III) təyyarələri təqdim olunub. Bu təyyarələr artıq Azərbaycan Hərbi Hava Qüvvələrinin arsenalına daxil edilib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verib. Azərbaycanın müdafiə naziri və Pakistan Aviasiya Kompleksinin sədri vitse-marşal Hakim Raza dövlətimizin başçısına təyyarələrin taktiki-texniki xüsusiyyətləri, istismar qaydaları və digər göstəriciləri barədə məlumat veriblər. Bildirilib ki, JF-17C (Block-III) birmühərrikli çoxməqsədli döyüş təyyarəsidir. Təyyarə hava-hava və hava-yer döyüş qabiliyyətinə, eləcə də orta və aşağı hündürlüklərdə yüksək döyüş manevrinə malikdir, effektiv atəş gücünə görə seçilir. Qeyd edək ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycanda ordu quruculuğu geniş vüsət alıb. Xüsusilə Vətən müharibəsində qazanılan şanlı Qələbədən sonra Azərbaycan Ordusu yeni inkişaf mərhələsinə qədəm qoyub, Silahlı Qüvvələrimizin müasir dövrün çağırışları əsasında komplektləşdirilməsi işləri uğurla davam etdirilir. Dövlətimizin başçısının tapşırığı ilə yeni ordu birləşmələri və qoşun növləri yaradılır, şəxsi heyətin döyüş hazırlığı yüksəldilir. Eyni zamanda Ordumuzun hərbi-texniki təchizatı məsələsi Ali Baş Komandanın xüsusi diqqət mərkəzindədir. Yeddinci çağırış Milli Məclisin ilk iclasındakı nitqində hərbi gücümüzün artırılmasının bir nömrəli vəzifə olduğunu vurğulayan Prezident İlham Əliyev deyib: “İkinci Qarabağ müharibəsindən keçən dövr ərzində öz hərbi gücümüzü böyük dərəcədə artırmışıq. Ordumuzun döyüş qabiliyyəti artır, texnika ilə təchizat lazımi səviyyədə təmin edilir və təmin ediləcəkdir”. Milli müdafiə sənayemizin inkişaf etdirilməsi, eyni zamanda xarici ölkələrlə hərbi sahədə əməkdaşlıq, yeni müqavilələrin imzalanması da xüsusi vurğulanmalıdır. Azərbaycanın müxtəlif istiqamətlərdə, o cümlədən hərbi sahədə əməkdaşlıq etdiyi ölkələrdən biri də qardaş Pakistandır. Prezident İlham Əliyevin bu ilin iyulunda Pakistana dövlət səfəri iki ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinə yeni təkan verib. Azərbaycan və Pakistan beynəlxalq platformalarda daim bir-birinə qarşılıqlı dəstək göstərir və həmrəylik nümayiş etdirirlər.
Ehtiyatda olan polkovnik, hərbi ekspert Elxan Şıxalıyev "Sherg.az"a deyib ki, Bakıda keçirilən “ADEX-2024” sərgisində Pakistan istehsalı olan JF-17C döyüş təyyarələri də nümayiş etdirildi. Ekspertin sözlərinə görə, Azərbaycan silahlı qüvvələrinin Aviasiya Parkının yenilənməsində əsas prioritetlərindən biri döyüş təyyarələrinin silahlanmamıza daxil edilməsidir:
"Bununla bağlı Azərbaycan-Pakistan arasında 1.6 milyard dollar həcmində müqavilə imzalanıb. Növbəti mərhələdə döyüş təyyarələri parkımızda əsas prioritet JF-17C təyyarələri olacaq. Bu təyyarələrin taktiki texniki xüsusiyyətləri incələndikdə görürük ki, öz sinfində döyüş təyyarələri ilə rəqabət etmək gücündədir. Bir nəfər ekipajdan ibarətdir. Uzunluğu 14,3 metr, hündürlüyü 4.6 metrdir. 1910 km.saat sürətlə hərəkət etmək qabiliyyətinə malikdir və havada yanacaqla doldurula bilir. Perimetr-radius üzərindən 200 km. məsafədə hədəfləri aşkar edə bilir. 3482 km.dək bir dəfəyə uçuş həyata keçirə bilir. 13.5 ton yük götürə bildiyi üçün üzərində kifayət qədər hava-hava və hava-yer tipli raketlərin daşınması mümkün olur. Bu da onların uçan tank sinfinə aid olmasını əsaslandırır. Düşünürəm ki, çox uğurlu bir seçimdir. Döyüş təyyarələri adətən hansı ölkəyə ixrac edilirsə, məxfi sistemlərin idarəetməsi, kəşfiyyat bazasında məlumatların qorunması da mühüm məsələ kimi əsas götürülür. Onların raket sistemlərinin komplektləşdirilməsinin davamlı olması da əsas prioritet məsələlərdəndir. JF-17C təyyarələri Azərbaycanın hərbi gücünə fərqli bir güc qatacaq".