İndiki kontekstdə bu tələbin səslənməsi düzgündür, amma burada bir neçə məqam nəzərə alınmalıdır
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və ərazilərinin beşdə birini 30 il ərzində işğal etməsi ölkəmizdə sosial sosial-iqtisadi sahəyə ciddi ziyan vurub. Azərbaycan özünün sosial-iqtisadi inkişafında onilliklər ərzində bu amillərdən istifadə edə bilməyib. Postkonflikt dövründə münaqişənin fəsadlarının aradan qaldırılması və dəymiş ziyanın ödənilməsi həmişə gündəmdə olub. Keçmiş "Dağlıq Qarabağ" münaqişəsi artıq tarixə çevrildiyindən, Ermənistanın Azərbaycana vurduğu ziyanın ödənilməsi hazırda aktual məsələdir. İşğala məruz qalmış ərazilərdə ümumi dağıntı və dəymiş ziyan təsəvvür olunmayan dərəcədədir. Rəsmi məlumatlara əsasən, işğal nəticəsində 900 yaşayış məntəqəsi, 150 min ev, 7093 ictimai obyekt, o cümlədən 1107 təhsil müəssisəsi, 855 uşaq bağçası, 521 səhiyyə müəssisəsi, 4 sanatoriya və müalicə müəssisəsi, 927 kitabxana, 706 tarixi abidə, 22 muzey, 100 mindən çox muzey eksponatı, 12 dövlət arxivi və 401min dövlət arxiv sənədi məhv edilib, qarət və talan olunub. Bundan əlavə, 2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək Ermənistan silahlı qüvvələrinin məqsədyönlü şəkildə, fərq qoymadan etdiyi hücumlarda 4300-dən çox fərdi ev və yaşayış binası, 548 digər mülki obyekt dağıdılıb. Təcavüz Azərbaycanı işğala məruz qalmış torpaqlarda yerləşən istehsal amillərindən məhrum edərək, ölkənin sosial-iqtisadi itkilərinə səbəb olub. Azərbaycanın işğala məruz qalmış ərazilərində mineral sudoldurma zavodları (Kəlbəcər rayonundakı Turşsu və İstisu zavodları), Qarabağ və Ağdam mərmər zavodları, daş karxanaları, məşhur və yüksək keyfiyyətli Ağdam şərabları və digər şərab məhsullarını istehsal edən zavodlar mövcud olub. Bakıda yerləşən təşkilatların 50-dən çox filialı və 300-dən çox sənaye və tikinti müəssisəsi Azərbaycanın işğala məruz qalmış hissəsində dağıdılıb. İşğala məruz qalmış ərazilərdə 300-dən çox kənd təsərrüfatı müəssisəsi, yüzlərlə kollektiv və təsərrüfatlararası müəssisə, 7000-dən çox hidravlik nasos, 40 nasos stansiyası, 30-dan çox suvarma sistemi və 1200 km təsərrüfatlararası suvarma kanalları məhv edilib. Zəngin tarixi keçmişi və geniş mədəni irsi olan Azərbaycan ərazilərinin 20 faizinin işğalı, mədəni irs üçün də fəlakətli fəsadlara səbəb olub. Ermənistan tərəfindən 700-dən çox tarixi abidə, 22 muzey, o cümlədən 100 min muzey eksponatı, 927 kitabxana, 58 arxeoloji yaşayış yeri, 26 qala və qala divarı, habelə digər mədəni irs abidələri mənimsənilib, məhv olunub və ya talan edilib. Qeyd olunur ki, beynəlxalq hüquqi məsuliyyət mütləq məsuliyyət hesab olunmaqla beynəlxalq hüquq subyektinin digər eyni dərəcəli subyektə qarşı beynəlxalq hüquq öhdəliyinin pozulması nəticəsində vurduğu ziyanı aradan qaldırmaq və vurulmuş ziyanı ödəmək öhdəliyidir. Bu məsuliyyət həm maddi, həm də beynəlxalq hüquqi məsuliyyət qeyri-maddi olmaqla müxtəlif formalara malikdir. Təxminən 800 milyard dollar dəyərində olan ziyanın məbləği çox yüksək olduğu üçün Ermənistan iqtisadiyyatı təbii ki, bu yükü qaldırmaq gücündə deyil. Mövcud şəraitdə Ermənistan təzminatı digər kompensasiya formaları ilə də ödəyə bilər. İkinci Dünya müharibəsində Almaniyada olduğu kimi, Ermənistan da torpaqlarının bir hissəsini Azərbaycana təzminat formasında verə bilər. Burada söhbət əsasən tarixi Azərbaycan torpağı sayılan Qərbi Zəngəzurun geri qaytarılmasından gedir. Bu həm də tarix və beynəlxalq hüquq qarşısında ən ədalətli seçim hesab edilir. Bu variant Naxçıvanla birbaşa əlaqəni təmin etməklə ümumilikdə Türk dünyasının birliyi baxımından mühüm əhəmiyyət daşıyır. Kompensasiyanın geri qalan hissəsi təbii resurs mədənlərindən (qiymətli metallar, dəmir filizi və s.) istifadə hüququnun Azərbaycana verilməsi ola bilər. Bütün bu öhdəliklərin yerinə yetirilməsi üçün beynəlxalq təşkilatların Ermənistana təsirinin artırılması çox vacibdir.
Politoloq Cəmaləddin Quliyev "Sherg.az"a deyib ki, hələ 44 günlük savaşın gedişində belə bir fikirlər səslənmişdi. Ekspertin sözlərinə görə, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı tərəfindən təzminat olaraq Zəngəzurun Azərbaycana qaytarılması gündəliyə gətirilmişdi:
"Bu gün müxtəlif bəhanələrlə icrasından boyun qaçırdıqları üçtərəfli bəyanatda kommunikasiyaların açılması haqda tələblərin olması, əslində, Ermənistanı təzminat tələbinin ortaya çıxmasından xilas etdi. İndi Azərbaycanın haqlı tələbləri, istər Ermənistan Konstitusiyasındakı ərazi iddiaları ilə bağlı müddəaların dəyişdirilməsi, istərsə də Zəngəzur dəhlizi ilə bağlı tələblərin yerinə yetirilməsi ərazi təzminatı məsələsini aktuallaşdırır. Bəzi Qərb dairələrinin Qarabağın keçmiş erməni əhalisi ilə bağlı manipulyasiyaları da kontrtələb kimi bu məsələnin gündəliyə çıxmasına səbəb olur. Cənab Prezident rusiyalı jurnalist İqor Korotçenkoya müsahibəsində təzminat davaları qaldırılmamasının səbəbini beynəlxalq instansiyalara inamsızlıqla əlaqələndirmişdi. Amma madam ki, ərazisi işğal altında saxlanan Azərbaycana qarşı kompensasiya tələbləri, erməni qaçqınların geri qaytarılması məsələsi yenidən ortalığa atılır, bizim müvafiq qurumlar, eləcə də əhali qrupları fərdi qaydada Ermənistana qarşı mülki iddialar qaldırmalıdır".
"Bəs Zəngəzur, kompensasiya olaraq geri qaytarıla bilərmi" sualına siyasi şərhçinin münasibəti belə olub: "İndiki kontekstdə bu tələbin səslənməsi düzgündür, amma burada bir neçə məqam var. Birincisi, Azərbaycanın yenidən militarisat irredent siyasətdə suçlanmasına bəhanələrə imkan verməmək üçün tələbləri mümkün qədər əsaslandırılmış şəkildə ifadə etmək lazımdır. İkincisi, Zəngəzurun Azərbaycan bolşeviklərinin bir imzası ilə itirildiyini, parlamentin yığılıb məsələni xətm edəcəyini düşünmək yanlışdır. Zəngəzurun taleyini Njdenin qondarma rejimi (Dağlıq Ermənistan) ilə bu rejimi faktiki legitim kimi qəbul etmiş Sovet Rusiyası arasında anlaşma həll edib. Nəhayət, indi savaşların yekunlarının 19-cu əsr rus-türk müharibələrinin yekunları kimi həll olunmadığını unutmamaq və böyük gözləntilər də yaratmamaq lazımdır. Sadəcə, bu tələblər əks tərəfin və ya tərəflərin yersiz iddialarını neytrallaşdırmaq üçün kontr-addımlardır, davamlı olaraq səslənməlidir".