Kreml sahibinin hədələri hələ işləmir
Ancaq bu o demək deyil ki, Putin Rusiya ərazisində partlayışlara uzun müddət seyrçi qalacaq
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydeni qabaqladı. ABŞ prezidenti “Ukraynaya verdiyimiz raketlərlə Rusiyanın içərilərinə doğru zərbə vurmağa icazə verək, yoxsa verməyək” sualına cavab axtarana kimi Rusiya rəhbəri ölkəsinin nüvə doktrinasının dəyişdiyini elan etdi. Putin hər hansı dövlətin adi silahlarla Rusiyaya hücum edəcəyi təqdirdə ona qarşı nüvə silahından istifadə edə biləcəklərini açıqlayıb. Yeni doktrinaya görə, Rusiyaya qarşı raket, təyyarə və ya PUA hücumu olarsa, Moskva nüvə silahından istifadə edə bilər. Rusiya prezidenti bəyan edib ki, bu dəyişikliklər "müasir hərbi təhdidlərə qarşı" edilib.
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, Putinin bu qərarı Ukraynaya ABŞ raketlərindən istifadə məsələsində Kiyevə məhdudiyyət qoya bilər. Ancaq məsələ burasındadır ki, Ukrayna ordusu Rusiya ərazisində - Kursk istiqamətində ABŞ və Avropa ölkələrindən aldığı mərmi və raketlərdən istifadə edir:
"Bu halda Putin düyməyə basacaqmı? Kreml sahibinin hədələri hələ işləmir, ancaq bu o demək deyil ki, Putin Rusiya ərazisində partlayışlara uzun müddət seyrçi qalacaq. Putin ətrafındakı şovinistlərdən də çəkinir. Onlar Rusiya ərazisinin bombalanmasına seyrçi qalan Putinin zəif lider olmasına eyham vura bilərlər. Təsadüfi deyil ki, Kremlin televiziyadakı əsas ruporu Solovyov Kreml sahibinin istefasına eyham vuran cümlə işlədib. Putinin nüvə doktrinasını dəyişdirməyə ətrafındakı şovinistlərin əhvali-ruhiyyəsi də təsir edib. Kreml sahibi son qərarıyla həm də Qərb liderlərinə psixoloji təzyiqi artırmağa çalışıb. Müharibə uzanır və Qərbdə yorğunluq əlamətləri özünü göstərir, bəziləri hətta torpaq itkisi hesabına olsa belə, Kiyevə Moskva ilə danışıqlara başlamağı təklif edirlər. Üstəgəl, bəzi Qərb ölkələri Ukraynaya əvvəlki səviyyədə hərbi texnika göndərməkdə çətinlik çəkdiyini açıqlamağa başlayıb. Qərb ölkələrində bu tendensiya güclənərsə, Ukrayna üçün vəziyyət daha da mürəkkəbləşəcək".