Əgər belə olmasa, Qərbin müharibə təzyiqləri qarşısında ağır duruma düşə bilər
“Çünki Yaxın Şərqdə alovlanan müharibə Cənubi Qafqaz regionunda da hiss olunacaq”
İsrail intensiv və planlı hücumları İranın bütün "qırmızı xətləri"ni darmadağın edir. Həm Livana qarşı əməliyyatlar keçirən, həm də SEPAH, HƏMAS və “Hizbullah” liderlərinin məhv edən İsrailə adekvat cavab verməkdə çətinlik çəkən İran rəhbərliyi Yaxın Şərqdə və ölkə daxilində nüfuzunu sürətlə itirməkdədir. İsrailin öldürdüyü Süleymani, Haniyə və Nəsrullah Yaxın Şərqdə üstün ictimai imicə sahib idilər və İran onları yetişdirmək üçün böyük resurslar sərf etmişdi. Hazırda Tehran regional lider çatışmazlığı ilə bərabər Əli Xameneinin də təhlükəsizliyini təmin etmək problemi ilə qarşılaşıb. Çıxılmaz vəziyyətdə qalan İran prezidenti BMT tribunasından dünya ictimaiyyətinə səslənir. Pezeşkian etiraf edir ki, İranın vurulması ölkənin parçalanmasına və 4 yeni dövlətin, o cümlədən Cənubi Azərbaycanın, dolayısı ilə Turanın yaranması ilə nəticələnəcək. Başqa sözlə desək, Pezeşkian deyir ki, onu qoruyun, o, türk dünyasının birləşməsinə mane olacaq. Erməni analitik Arman Abovyan da deyib ki, Yaxın Şərqdə baş verənlər Cənubi Qafqazdakı vəziyyətə birbaşa təsir edir. Onun sözlərinə görə, İsrailin son hücumlarından sonra İranın onu təhdid etməsi çətinləşir: “İran Yaxın Şərqdə “mini hegemon” olmaq üçün bütün strategiyasını məhz bu istiqamətdə qurub. Lakin İsrailə müqaviməti getdikcə daha da çətinləşir. Təl-Əvivin həmlələrinə qarşılıq olaraq isə Tehran on milyonlarla müsəlmanın gözlədiyi cavabı vermir, yəni vəziyyət gərgindir. İsrail müharibənin uzanmasını deyil, məsələnin tez zamanda həll olunmasını istəyir. Təl-Əviv və Vaşinqtonun Tehranı daxildən parçalamaq imkanları var. Belə olan halda isə Ermənistanın regiondakı əsas rəqibi sıradan çıxır. Bu zaman Türkiyə və Azərbaycanın “Turan yolu” (Zəngəzur dəhlizi - red.) ideyaları da maneəsiz gerçəkləşə bilər. Beləlikə, dəhliz üzərində Bakı-Ankara gücü daha da artacaq. İrəvan isə hazırkı situasiyada çox qeyri-real reaksiyalar verir. Həqiqət budur ki, hökumətin addımları dəhliz planını dəstəkləyir”.
Milli Cəbhə Partiyasının sədr müavini Tural İrfan "Sherg.az”a açıqlamasında deyib ki, Yaxın Şərqdə alovlanan müharibə ümumiyyətlə dünyada təsirsiz ötüşməyəcək. Siyasi şərhçinin qənaətincə, yaşanan proseslər Cənubi Qafqaz regionunda da hiss olunacaq:
"Məlum savaşda İranın müharibəyə cəlb edilməsinə ciddi cəhdlər var. Ancaq İrana və proksi qüvvələrinə İsrailin vurduğu zərəri ABŞ İranın nüvə proqramına razılıq verməklə əvəzləmək istəyir. Əslində bu, İranı müəyyən qədər ləngitmək cəhdidir ki, zamanla İsrail HƏMAS, "Ənsarullah" və "Hizbullah" kimi İrana bağlı qüvvələri tam sıradan çıxarsın. Sonra isə ABŞ-nin nüvə anlaşmasını pozması asan məsələdir. Hər halda hazırda müharibəyə birbaşa daxil olmaq İranın özünə də sərf etmir. Tehran bunu özünə qurulmuş tələ hesab edir. İranda hökumət hazırda ikiyə ayrılmış haldadır. Bir qism mühafizəkarlar radikal cavab tədbirlərində qərarlıdırlar və İsrailə zərbə endirməyin vacibliyini irəli sürürlər. Bir qisim də indiki Prezident də daxil olmaqla təmkinli davranaraq, Fələstinin, Livanın deyil, İranın öz maraqlarının təmin olunmasını şərt hesab edirlər".
Ekspertə görə, savaşa birbaşa müdaxilə təbii ki, bölgədə vəziyyəti gərginləşdirə bilər:
"İsrail və ABŞ qüvvələri də İranın nüvə obyektlərinə zərbə endirməyə fürsət axtarır. İkindi halda da gərək İran Rusiya, Azərbaycan, həm də digər region dövlətləri ilə münasibətləri, qarşılıqlı maraqları təmin etsin ki, Qərblə də anlaşa bilsin. İran rejimi hazırda qərarsız görünür, onu düşündürən hazırda öz təhlükəsizliyidir. Zəngəzur dəhlizindən xoflanan rejimin bu kritik zamanda qərarından dönməsi ehtimalının uzaq olduğunu demək olar. Çünki özünü, dövlətini, proksi qüvvələrinin liderlərini, qonağını, hətta prezidentini belə tam qoruya bilməyən, xarici mənbələrə görə İsrail kəşfiyyatının içinə sızdığı bir müdafiə sistemi olan ölkəni Zəngəzur dəhlizi daha da qorxudur. Şübhəsiz, əsl mahiyyətini ya anlamaq iqtidarında deyillər, ya da anlamaq istəmirlər. Yəni bu dəhliz, əslində, İranın da digər ölkələrlə müsbət əlaqələrinə, eyni zamanda müəyyən mənada təhlükəsizliyinə zəmin yaradacaq. Çünki Rusiya da işin içindədir. Amma İran burada tam aqressiv siyasət aparır".
T.İrfan hesab edir ki, heç olmasa, indiki dövrdə İran Zəngəzur məsələsində mövqeyinə yenidən baxmalıdır:
"Müsəlmanların birliyindən danışıb müsəlman Azərbaycan dövlətinin dəhlizinə imkan verməmək özü-özünü inkar etməkdir. Əgər regional məsələlərdə İran mövqeyinə yenidən baxmasa, Qərbin müharibə təzyiqləri qarşısında ağır duruma düşə bilər. İslahatçı qismində çıxış edən hazırkı Prezident Məsud Pezeşkianın da bu məsələdə fikri tam aydın deyil. Ola bilsin, həm Türkiyə, həm Azərbaycan rəsmiləri ilə görüşlər, münasibətlər davam etdikcə, İran prezidenti bu məsələdə mövqeyini bildirə bilər".