Azərbaycan isə sülhsevər siyasətini davam etdirir və dost olmayan ölkələri də ədaləti dəstəkləməyə dəvət edir
İşğaldan azad edilmiş bölgəmizdə yaşayanların 30 il ərzində öz doğma yurd-yuvalarından zorla məcburi köçkün düşmələrinə biganə qalan ABŞ-nin ermənilərin qayğısına qalması təsadüfi deyil. Erməni lobbisinin maliyyəsi hesabına Konqresdə oturan Frank Palloneni və onun kimiləri, əslində, heç ermənilərin taleyi də maraqlandırmır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Ağ Ev administrasiyası Azərbaycanın iradəsini qıraraq rəsmi Bakını özünün geosiyasi oyunlarında istifadə edə bilmir. Vaşinqton “İnsan hüquqları” və “demokratiya” adı altında Azərbaycan hakimiyyətinə təzyiq göstərməyə çalışır, onu Rusiyanın əleyhinə yönəltməyə və bölgədə yeni münaqişə ocağı yaratmağa cəhd edir. Ermənistanın silahlandırılması da təsadüfi xarakter daşımır. Cənubi Qafqaz respublikalarını müstəqil siyasətdən döndərib Rusiyaya qarşı istifadə etməyə çalışan ABŞ öz müttəfiqlərini də işə qoşub. Avropa İttifaqı son 4 ildə Ermənistana 270 milyon avro məbləğində qrant ayırıb. Bu qrantlar təbliğata və hərbi gücün artmasına yönəldilir ki, regiondakı vəziyyət gərginləşsin. Son illər ərzində Ermənistan mətbuatı “söz azadlığı” adı altında ABŞ-dən göstərilən maliyyə yardımları ilə Rusiyaya qarşı əsaslı təbliğat apararaq, iki ölkə arasında qarşıdurma yaradıb. Oxşar proseslər Gürcüstanda da davam edir. 2025-ci il üçün Ağ Ev Konqresdən Gürcüstana 116,5 milyon dollar vəsait ayırmağı tələb edib. Bu vəsait heç də infrastruktur layihələrə, əhalinin sosial vəziyyətinin yaxşılaşmasına deyil, aksiya iştirakçılarına, yalan materiallar dərc edən qəzet və internet resurslarının inkişafı üçün nəzərdə tutulub. ABŞ Gürcüstanın iqtisadi inkişafında maraqlı olsaydı, Qara dəniz sahilində yeni limanın tikintisinə etiraz etməzdi. ABŞ Dövlət katibinin Avropa və Avrasiya işləri üzrə köməkçisi Ceyms Obrayn rəsmi qaydada Gürcüstan hökumətindən Çin ilə birlikdə liman tikintisini dayandırmağı tələb edib. Gürcüstan özünün iqtisadiyyatını dirçəltməyə və əhalisinin sosial vəziyyətini yaxşılaşdırmağa çalışdığı bir zamanda ABŞ-nin liman tikintisini dayandırmağı tələb etməsi hansı məntiqin nəticəsidir? Vaşinqtondakılar çox gözəl bilirlər ki, Ermənistan Azərbaycanın Qarabağ bölgəsini işğal etmişdi. Lakin erməni lobbisinin hesabına vəzifə tutan amerikalı siyasətçilər Azərbaycana humanitar yardımları qadağan edən “907-ci düzəlişi” qəbul etmişdi. İnsanlıq əleyhinə olan bu düzəliş Azərbaycanı yardımsız qoymuşdu. İndi bənzər münasibətin şahdiyik. Məsələnin səbəbi açıq-aydındır. Azərbaycan müstəqil siyasət aparır və heç kimdən heç nə tələb etmir. Amerika Azərbaycanı öz geosiyasi oyunlarında istifadə edə bilmədiyi üçün təzyiq yoluna əl atır. Lakin Azərbaycan xalqının iradəsi ABŞ və onun müttəfiqlərinə tutarlı cavabdır.
Millət vəkili Azər Badamov deyib ki, ABŞ hazırda açıq şəkildə ölkəmizə qarşı Azərbaycanofob və İslamofob siyasətini davam etdirir. Deputatın sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn pozulmasından ən çox əziyyət çəkən ölkələrdəndir:
"Torpaqlarımızın işğal altında olduğu 30 ildə ABŞ və Fransa Azərbaycanın işğalla barışmasına və alçaldıcı sülhə razılaşmasına çalışırdı. Ermənistan işğal illərində 300-dən çox yaşayış məntəqəmizi yerlə yeksan edəndə, milli-mədəni irsimizi yer üzündən silərək bir milyon azərbaycanlını öz yurdlarından qaçqın və məcburi köçkün salanda ABŞ haqq səsimizə dəstək vermədi. Bunun əvəzinə ölkəmizə sanksiyalar tətbiq edərək işğalçı və cinayətkarlara heç bir təzyiq göstərmədi. Münaqişənin sülh vasitəsilə tənzimlənməsi üçün yaradılan ATƏT-in Minsk qrupu 28 ildə BMT Təhlükəsizlik Şurasının qətnamələrini icra etdirmək əvəzinə siyasi teatr səhnələri quraşdıraraq pozulmuş hüquqlarımızın bərpası istiqamətində heç bir iş görmədi. ABŞ-nin dövlət katibi bir yandan Azərbaycan-Ermənistan sülh müqaviləsinin tezliklə imzalanmasına çağırışlar edir, digər yandan da Amerika Dövlət Departamentinin Dövlət katibinin təşəbbüsü ilə Konqresin 60 üzvü ölkəmizə növbəti sanksiyalar tətbiq etmək üçün hökumətə müraciət ünvanlayır. Bu da ABŞ-nin nə qədər riyakar və ikiüzlü olduğunu göstərir. Suveren ərazilərini işğaldan qurtarıb, ermənilərin viran qoyduqları yerləri bərpa edib uzun illər çətin məcburi köçkünlük həyatını yaşamış insanların öz yurdlarına qaytarılması nə vaxtdan hüququn pozulması olub? Əgər suveren ərazilərin azad edilməsi cinayətdirsə, niyə Ukraynaya silahlar verilir və Rusiya ağır sanksiyalara məruz qalır? ABŞ ölkələrin ərazi bütövlüyünün pozulmasını qəbuledilməz saysa da, Azərbaycanın suverenliyini təmin etməsindən narahatdır. Bu baxımdan da əli dinc insanların qanına batmış canilərə haqq qazandıran ABŞ onların törətdikləri cinayətlərə də bir növ şərik olur".
Parlament üzvü vurğulayıb ki, Azərbaycan sülhsevər siyasətini davam etdirir və dost olmayan ölkələri də ədaləti dəstəkləməyə dəvət edir: "Bununla yanaşı, öz gücünü artıran dövlətimiz onunla təzyiq dilində danışmağın mümkün olmayacağını da açıq şəkildə bildirir. Azərbaycan beynəlxalq təzyiqlərə qarşı dözümünü nümayiş etdirərək ev sahibliyi etdiyi beynəlxalq tədbirləri də yüksək səviyyədə keçirəcək".