Ermənistanın ağaları sülhə imkan vermirlər - RƏY

Azərbaycan Qərbin də, İrəvanın da niyyətini, məqsədini çox yaxşı bilir

Ermənistan bu ay sülh müqaviləsi imzalamağa hazırdır

Paşinyan digər həll olunmamış məsələlərin müzakirəsini gələcəyə buraxmağı təklif edib

  Ermənistan bu ay Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.
Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında deyib.
Onun sözlərinə görə, bu, Ermənistanın rəsmi mövqeyidir.
Bildirilir ki, o, razılaşdırılmış məqamlar üzrə müqaviləni imzalamağı və həll olunmamış məsələlərin müzakirəsini gələcəyə buraxmağı təklif edib.
Paşinyan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri sülh müqaviləsi layihəsinin təsdiqini başa çatdırmaq üçün işi gücləndirmək barədə razılığa gəliblər. O, təfərrüatları açıqlamayıb.
Paşinyan deyib ki, Ermənistan öz ərazisində bütün kommunikasiyaları açmağa, nəqliyyatın keçidini və Naxçıvanla Azərbaycan arasında boru kəmərinin çəkilməsini təmin etməyə hazırdır: “Beləliklə, Ermənistan qarşılıqlı suverenliyə hörmət etməklə sərhəd nəzarəti prosedurlarını sadələşdirməyə hazırdır”.
Hökumət başçısı söyləyib ki, Ermənistan ərazisində təhlükəsiz tranzit bu ölkənin öhdəliyidir: “Və biz bu təhlükəsizliyə zəmanət veririk”.
 Göründüyü kimi Ermənistan tərəfi israrla Azərbaycana COP29-a kimi sülh sazişi imzalamağı təklif edir. Baş nazir Nikol Paşinyan və XİN başçısı Arorat Mirzoyanın ardınca Ermənistan Prezidenti Vaahn Xaçaturyan da bildirib ki, ilin sonunadək Azərbaycanla sülh razılaşmasını imzalamağa ümid edir. O bildirib ki, hazırda müqavilənin 3 müddəası müzakirə mərhələsindədir. Prezident Ermənistanın Azərbaycanla saziş layihəsinin qalan 3 maddəsinin 1 ay ərzində razılaşdırılacağına ümid etdiyini bildirib. Xaçaturyan Türkiyə ilə sərhədlərin üçüncü ölkələrin vətəndaşları üçün açılması üzrə danışıqların "yaxşı getdiyini" açıqlayıb. Bu arada Ermənistanın Nazirlər Kabineti sərhədin delimitasiyası üzrə reqlamenti ratifikasiya üçün parlamentə göndərib. Hələlik ratifikasiya müzakirələrinin tarixi məlum deyil. Qeyd edək ki, İrəvan tərəfi sülh müqaviləsində 19 maddənin olduğunu, 16-sının razılaşdırıldığını, 3 bənd barəsində isə hələlik anlaşma olmadığını söyləyir. Rusiyalı politoloq Stanislav Tarasov deyib ki, İrəvanın bu məsələdə mövqeyi birmənalı deyil. Onun sözlərinə görə, Ermənistan əvvəl müqavilə mətninin hazırlanma forması ilə razılaşır, sonra isə razılaşdırılmamış maddələrin olduğunu deyir. Tarasovun fikrincə, sadəcə razılaşdırılmış detallarla sülh sənədinin imzalanması müqavilənin tamamilə başqa sənəd olmasına gətirib çıxaracaq: "Yəni mövcud vəziyyətdə Azərbaycan formal olaraq haqlıdır". Rus ekspertə görə, sülh müqaviləsinin tam halına imza atması Ermənistan üçün kapitulyasiyanın rəsmən qəbulu deməkdir: "Baş nazir Nikol Paşinyan buna görə 16 maddənin imzalanmasında israr edir. Ümumiyyətlə, dəhlizlə bağlı məsələ sadəcə spekulyasiyadır. Bakı bu mövzunun sənəddən çıxarıldığını açıqlayıb, yəni gecikməyə səbəb deyil. İrəvan sadəcə demaqogiya ilə məşğuldur. Ümumiyyətlə, Ermənistan müharibəni uduzmamalı idi. İndi Azərbaycan qalib tərəf kimi istədiyini tələb edə bilir”. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov da Bakı ilə İrəvan arasında münasibətlərin normallaşmasını şərh edib. O deyib ki, Amerika Birləşmiş Ştatları və bir sıra Qərb ölkələri Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzərində işləmək prosesinə girməyə çalışırlar: "Biz hesab edirik ki, bütün “qaralama işləri” Moskvada edilib".
  Politoloq Zərdüşt Əlizadə "Sherg.az"a deyib ki, böyük güclərin Cənubi Qafqaz uğrunda mübarizəsi bölgədə gedən proseslərə təsir göstərir. Analitik vurğulayıb ki, həmin güclər Ermənistanı da öz oyunlarına alət edirlər: "Belə bir məsəl var, deyirlər "qara qızın dərdi var".

 Qara qızın dərdi odur ki, böyük dövlətlər - Rusiya, Fransa, ABŞ Cənubi Qafqazı nəzarətdə saxlamaq üçün çox əlverişli olan Azərbaycan-Ermənistan arasındakı qarşıdurmadan məhrum olmaq istəmirlər. Azərbaycan hər şey edir ki, regionda münaqişə olmasın, əmin-amanlıq, sabitlik formalaşsın. Qərb dövlətləri, əsasən də ABŞ istəyir ki, münaqişə qalsın. Ona görə də İrəvan deyir ki, Azərbaycanla imzalanacaq müqavilələrdə "ermənilərin Qarabağa qayıdışı söhbəti bağlanıb" məsələsi olmasın. ABŞ və Fransa kimi dövlətlər təkidlə, Ermənistanı təhrik etməklə çalışırlar ki, "Qarabağ erməniləri" məsələsi saxlansın. Həmin dövlətlər yaxın və uzaq gələcəkdə "Qarabağda erməni əhali" məsələsini problem kimi gündəmə daşıyaraq, ermənilərin qayıtmaq hüquqlarından danışaraq, Azərbaycanı döyəcləməyə cəhd göstərəcəklər. Bu, bir təzyiq vasitəsi, təsir rıçağıdır. Azərbaycan Qərbin də, Ermənistanın da niyyətini, məqsədini çox yaxşı bilir. Rəsmi Bakı qalıcı və yekun sülh üçün təkliflərini, platformasını ortaya qoyur. Ermənistandan tələb edir ki, ilk növbədə Konstitusiyasını dəyişdirsin, sonra ATƏT-in Minsk qrupunun ləğvi üçün birgə müraciət ünvanlansın. Çünki artıq "Qarabağ münaqişəsi" deyə bir şey yoxdur. Ona görə də İrəvan hökuməti "Qarabağın Ermənistana birləşdirilməsi" müddəasını qanunvericilik aktlarından çıxartmalıdır".
  Z.Əlizadə vurğulayıb ki, Azərbaycanın və Cənubi Qafqaz bölgəsinin təhlükəsizliyi üçün bu şərtlər vacibdir: "Ermənistanın ağaları isə buna imkan vermirlər. Rusiyanın yedək ölkəsi Belarus olan kimi ABŞ-nin də Avropada yedək dövlətləri var. Vaşinqton nə desə, yedək ölkələri də onu təkrarlayırlar. Fransa, Almaniya, Niderland və digər dövlətlərin "Qarabağ erməniləri" məsələsini qabartmasının səbəbi budur. Ancaq İrəvan hökumətinin Bakının şərtlərini qəbul etməməsi təcrid siyasətinin davam etməsi, Türkiyə ilə sərhədlərin bağlı qalmasıdır. Ermənistanın yenidən Azərbaycanla müharibəyə başlaması və ordusunu hazır duruma gətirməsi üçün azı 10 illik zamana ehtiyac var. İndiki halda Ermənistan Azərbaycana baş qaldırmağa cəsarət edə bilməz".