Alyans Azərbaycanın bölgədə favorit olduğunu qəbul edir
Oktyabrın 2-dən 5-dək NATO Beynəlxalq Hərbi Qərargahının baş direktoru, general-leytenant Yanuş Adamçak Ermənistanda səfərdə olub. İrəvanda olarkən Yanuş Adamçak hərbi rəhbərlər və yüksəkvəzifəli şəxslərlə görüşüb. Onların müzakirələrinə hərbi əməkdaşlıq, müdafiə islahatları və regional təhlükəsizlik və sabitliyin gücləndirilməsi daxil olub. General bildirib ki, Ermənistan son iki ildə NATO ilə əməkdaşlıq səviyyəsini yüksəldib: "Bura Kosovodakı KFOR missiyamıza əlavə qoşun töhfələri də daxildir". O, Ermənistan silahlı qüvvələrinin Baş qərargah rəisi general-leytenant Edvard Asryan ilə görüşündə NATO-nun Ermənistanla tərəfdaşlığı inkişaf etdirməyə hazır olduğunu vurğulayıb. Xatırladaq ki, NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru İrəvandan sonra Bakıya səfər edib və Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşüb. K.Vəliyev NATO ilə münasibətlərin cari vəziyyətini yüksək qiymətləndirib və qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Baş Qərargah rəisi şərti sərhədin Ermənistan ərazisində Avropa İttifaqının müşahidəçi missiyasının yerləşdirilməsi, habelə regiondan kənar bəzi ölkələrin, xüsusilə Fransanın Ermənistanı silahlandırmasının orada revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması və sülh prosesinə əngəl yaratmaqla Cənubi Qafqazda vəziyyətin gərginləşdirilməsinə səbəb olduğunu xüsusi vurğulayıb.
Siyasi şərhçi Bəybala Mirzəyev deyib ki, erməni təhlilçilər NATO-nun Beynəlxalq Hərbi Qərargahının Baş direktoru general-leytenant Yanuş Adamçakın yalnız İrəvana səfər etdiyini düşünərək, bunu Qərbin Ermənistana xüsusi üstünlük verməsi kimi qələmə verməyə çalışırdılar. Lakin general-leytenant Adamçakın Ermənistandan sonra Azərbaycana da səfər etməsi və onun bu səfərin nəticələrindən məmnunluğunu ifadə edərək, Azərbaycan Ordusunun hərbi qulluqçularının NATO ilə tərəfdaşlıq çərçivəsində bütün sahələrdə fəaliyyətini yüksək qiymətləndirməsi ermənilərin pafoslu dəyərləndirmələrini növbəti dəfə alt-üst etdi:
"NATO Cənubi Qafqazda təkcə Ermənistanla deyil, Azərbaycanla da əməkdaşlığa xüsusi önəm verir və istər hərbi, hərbi təhsil sahəsində, istərsə də regional təhlükəsizlik və digər məsələlər üzrə ölkəmizlə əməkdaşlığı daha da genişləndirmək fikrindədir. Çünki bu hərbi alyans reallıqla hesablaşır və Azərbaycanın bölgədə favorit olduğunu qəbul edir. Səfər çərçivəsində NATO nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş 20 Yanvar və Birinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsini dərin hörmət və ehtiramla yad edib. NATO generalları həmçinin Hərbi Qənimətlər Parkında olub, 44 günlük İkinci Qarabağ müharibəsi zamanı düşməndən qənimət götürdüyümüz atıcı silahlara, zirehli texnikalara, artilleriya qurğularına, raket kompleksləri və digər hərbi təyinatlı vasitələrə də baxıblar. Beləliklə, NATO generalları Cənubi Qafqazda kimin kim olduğunu bilmək və gerçək güc sahibini müəyyən etmək üçün əla imkan qazanıblar".