TDT-nin yeni bayrağı qəbul edilib
Noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkekdə Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçılarının 11-ci Zirvə görüşü keçirilib. Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevi, digər dövlət və hökumət başçılarını qarşılayıb və Zirvə görüşünün işinə uğurlar arzulayıb. S.Japarov çıxışında yaxın günlərdə Azərbaycanda keçiriləcək COP 29 konfransına diqqət çəkib: “Tezliklə Azərbaycanda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 keçiriləcək. Hörmətli Azərbaycan Prezidenti belə bir böyük Zirvə toplantısına ev sahibliyi edəcək və biz Azərbaycan hökumətinə bu mövzu ilə bağlı hər cür dəstək göstərməyə hazırıq”. Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev də Türk Dövlətləri Təşkilatının türk xalqlarını daha da yaxınlaşdırdığını bildirib. Tokayev ortaq türk əlifbasının yaradılması, iqtisadi-ticari əlaqələrin daha da genişləndirilməsi istiqamətində görülən işlərin əhəmiyyətini vurğulayıb. Zirvə görüşündə Azərbaycan Prezidenti İlham Əliyev də çıxış edib və önəmli məqamlara toxunub. Dövlət başçısı bildirib ki, bu il Türk Dövlətləri Təşkilatının əsasını qoymuş Naxçıvan Sazişinin 15-ci ildönümüdür. Qeyd edib ki, təşkilat bu dövr ərzində uğurlu inkişaf yolu keçib: "İyul ayında Şuşa şəhərində keçirilmiş Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanmış Qarabağ Bəyannaməsi əməkdaşlığın daha da dərinləşməsinə töhfə verir. Azərbaycan Türk Dövlətləri Təşkilatının möhkəmlənməsi istiqamətində səylərini bundan sonra da davam etdirəcək. Türk Dövlətləri Təşkilatının mövcud büdcəsi qarşıya qoyduğumuz hədəflərin həyata keçirilməsi üçün yetərli deyildir. Ümid edirəm ki, Azərbaycanın Türk Dövlətləri Təşkilatının Katibliyinə 2 milyon və Ağsaqqallar Şurasına 100 min ABŞ dolları məbləğində maliyyə dəstəyi təşkilatın potensialının daha da güclənməsinə töhfə verəcək. Hazırda dünyada artan təhlükələri nəzərə alaraq müdafiə, təhlükəsizlik və müdafiə sənayesi sahələrində əməkdaşlığımız böyük əhəmiyyət daşıyır. Son dövrlər hüquq-mühafizə və təhlükəsizlik orqanlarımız arasında əməkdaşlıq daha da genişlənib. Ölkələrimizin silahlı qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirilir. Hərbi təhsil müəssisələrimizdə qardaş ölkələrin müdavimlərinin təhsil alması qarşılıqlı etimadın və dostluğun göstəricisidir. Son dövrlər Şərq-Qərb nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisi üzrə daşımalar daha da artıb. Mərkəzi Asiya ölkələri ilə Türkiyəni Azərbaycan üzərindən bağlayan bu dəhlizin ötürmə qabiliyyətinin yüksəldilməsi üçün Azərbaycan öz sərmayələrini artırır. 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin yanvar-sentyabr aylarında üzv və müşahidəçi dövlətlər ilə tranzit daşımalarının həcmində 15 faizə yaxın artım müşahidə edilir". Dövlət başçısı əlavə edib ki, hazırda Orta Dəhlizin rəqəmsallaşdırılması və ticarətin asanlaşdırılması istiqamətində bir sıra layihələr icra olunur: "Bu layihələr logistika səmərəliliyinin artırılmasına və xərclərin azaldılmasına təsir edəcək".
Zirvə çərçivəsində TDT-nin yeni bayrağı da qəbul edilib. Türk xalqlarını birləşdirən ortaq tarixi və mədəni dəyərlər nəzərə alınaraq, çoxşaxəli əməkdaşlığın, qarşılıqlı tərəqqinin, birlik və həmrəyliyin gücləndirilməsinə sadiqlik təsdiq edilib. Həmçinin, TDT-yə üzv ölkələrin Mərkəzi Banklarının Şurası da yaradılıb. Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov bildirilib ki, bununla bağlı memorandum imzalanıb: "Memorandum mərkəzi banklar arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsinə və bir çox sahələrdə qurumlar arasında bilik və təcrübə mübadiləsinin təşviqinə töhfə verəcək".
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Türk Dövlətlərini ŞKTC-ni tanımağa, Türk Dövlətləri Təşkilatına üzv qəbul etməyə çağırıb.Tatar deyib ki, Şimali Kipr Türk Cümhuriyyətinin üzvlüyü ilə Türk dünyasının Aralıq dənizi ilə əlaqələri daha da güclənəcək. O ŞKTC-nin dəniz və hava limanlarının Türk dövlətlərinin ticarət əlaqələrinin inkişafında mühüm rol oynayacağını vurğulayıb: “ŞKTC Aralıq dənizində strateji bir mövqeyə malikdir və biz imkanlarımızı qardaş dövlətlərə təqdim etməyə hazırıq. ŞKTC-nin tanınmasında Türk dövlətlərinin dəstəyi böyük önəm daşıyacaq”. E.Tatar ŞKTC-də təhsilin inkişafına da diqqət çəkib və bu sahədə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.
Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında vurğulayıb ki, Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində yeri və rolu get-gedə artmağa başlayır. Deputatın sözlərinə görə, Azərbaycan Prezidenti andiçmə mərasimində demişdi ki, 2024-cü ilin fevral ayında Türk Dövlətləri Təşkilatı mühüm beynəlxalq qurumlardan birinə çevrilməkdədir və bu istiqamətdə də çox strateji addımlar atılır:
"Bişkekdə keçirilən Zirvə toplantısında Azərbaycan Prezidenti bir daha Türk Dövlətləri Təşkilatının daha dərindən institutlaşması üçün ortaq maraqların, xüsusilə ziddiyyətlərin artdığı bir dünyada təhlükəsizlik maraqlarının qorunması üçün mühüm istiqamətlər təklif edib. Əminik ki, bunlar gerçəkləşəcək. Çünki hazırda qaba güc olmadan, yəni hərbi siyasi güc olmadan milli məqsədləri və milli təhlükəsizliyi təmin etmək çətindir. Azərbaycan Prezidenti vurğulayıb ki, "türk dünyası bizim ailəmizdir, çünki başqa ailəmiz yoxdur". Belə olan halda bu ailənin təhlükəsizliyi də ortaq qorunmalıdır".
Parlamentari qeyd edib ki, dövlət başçısının təhlükəsizlik, müdafiə sahəsində əməkdaşlığın daha da dərinləşməsi ilə bağlı səsləndirdiyi fikirlər strateji əhəmiyyətlidir:
"Bu, Türk Dövlətləri Təşkilatının əslində, gələcəyini təyin edir. Doğrudan da, bu məsələlər reallaşdıqdan sonra Azərbaycan Prezidentinin Şuşada keçirilən beynəlxalq konfransda dediyi kimi, Türk Dövlətləri Təşkilatı artıq çoxqütblü dünyada güc mərkəzlərindən birinə çevrilə bilər. Bu da hər üzv ölkənin həm təhlükəsizliyi, həm də inkişafı baxımından tarixi bir hadisəyə çevriləcək".