Analitik: Prezident həmişə olduğu kimi bu dəfə də çox ciddi mesajlar verdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda Zəfər parkının açılışında ölkəmizə qarşı qarayaxma kampaniyalarından əl çəkməyən Qərb dövlətlərinə açıq mesajlar verdi. Zəfər parkında Azərbaycanın üçrəngli Dövlət Bayrağını ucaldan, xalqımızı, Silahlı Qüvvələri Zəfər bayramı münasibətiylə təbrik edib, şəhidlərin ruhuna rəhmət diləyən dövlət başçısı qeyd etdi ki, bəzi Qərb dövlətləri 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbəni hələ də həzm edə bilmir, hər fürsətdə Azərbaycana iftira atmağa çalışırlar: “Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir. Onu bizə bağışlaya bilmirlər. Ona görə Qərbdə Azərbaycana qarşı geniş, çirkin kampaniya aparılır. Ölkəmizi gözdən salmaq, olmazın iftiralarını uydurmaq, öz əlinin altındakı saxta xəbər mənbəyi olan media resurslarından, qeyri-hökumət təşkilatlarından istifadə edərək Azərbaycanı qaralamaq, şantaj etmək, ləkələmək, təhqir etmək, bax, o özünü alçaldılmış sayan Qərb dövlətlərinin və uğursuz Qərb liderlərinin məqsədidir və onların çirkin üsuludur”.

Siyasi şərhçi, Əməkdar jurnalist Azər Həsrət “Sherg.az”a açıqlamasında qeyd etdi ki, cənab Prezident həmişə olduğu kimi bu dəfə də çox ciddi mesajlar verdi, Ermənistana və onun havadarlarına növbəti dəfə sözünü açıq dedi: 

- Özəlliklə də Ermənistanı silahlandıran, onu qızışdıran və yeni müharibəyə sürükləmək istəyən qüvvələrə cənab Prezident açıq şəkildə bildirdi ki, 1 dəfə, 2 dəfə bunu etmisiniz, hər dəfə də uduzmusunuz, burnunuz ovularaq geri çəkilmisiniz, növbəti dəfə etsəniz, yenə layiqli cavab alacaqsınz. Bundan Ermənistanı qızışdırıb üzərimizə göndərmək istəyən dövlətlər nəticə çıxarmalıdırlar. COP-29 günlərində də üzərimizə gələnlər yenə olacaq. Çünki irəli çıxırıqsa, arxamızca gərəkli-gərəksiz danışanlar da olacaq. Nəzərə alaq ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, xüsusən də son illərdə çox sürətlə irəli çıxan dövlətdir. Bu da bizim bədxahlarımızı təbii ki çox ciddi narahat edir. Eyni zamanda, ümumiyyətlə onlar Azərbaycanın qarşısını kəsmək üçün gecəli-gündüzlü çalışırlar. Biz də boş dayanmırıq və dayanmamalıyıq. Prezidentin  çıxışından belə qənaətə gəldim ki, bu, həm də bizə çağırış idi ki, üzərimizə gələnlərə layiqli cavab verməliyik. Nə etməliyik, necə etməliyik? Taktikanı mümkün qədər dəyişmək lazımdır.  Lap əvvəllər biz  üzərimizə gələnlərə cavab verirdik, sonrakı mərhələdə yavaş-yavaş  önləyici tədbirlər aldıq. Xəbər platformalarında, qlobal müstəvilərdə özümüz  önə çıxdıq, gözləmədik ki cavab verək, əksinə, boşluqları doldurduq. Nəticəsi də çox gözəl oldu. İndi bundan sonrakı mərhələdə də belə davam etməliyik, harada boşluqlar varsa vaxtında doldurmalıyıqı ki bizə qarşı çıxmaq istəyənlər o boşluqlardan yararlana bilməsin. Yəni biz, cavab verən qismində deyil, yol, çığır açan qismində çıxış etmliyik ki əleyhdarlarımız da məcburiyyət qarşısında arxamızca gəlsinlər. Cənab Prezidentin Zəfər parkının açılışındakı çıxışında mən şəxsən bu istiqaməti sezdim. Ən ağıllı, düzgün istiqamət budur.  Biz dayanmamalıyıq, necə irəliləmişiksə, bu istiqamətdə də irəliləməliyik.