Azərbaycan gələcək onilliklərdə yaşıl dünyanın lider ölkələrindən olacaq
“COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada tanınması və vizyonu baxımından olduqca önəmlidir”
Ölkəmizdə beynəlxalq tədbirlərin təşkili Azərbaycan dövlətinin sülhsevər olduğunu və multikulturalizm siyasətini bir daha dünya ictimaiyyətinə təqdim edir.
Beynəlxalq tədbirlərin keçirildiyi bir ünvana çevrilən ölkəmiz COP29 beynəlxalq tədbirini də uğurla həyata keçirir. Azərbaycan mühüm qlobal konfransa ev sahibliyi etməklə beynəlxalq nüfuzunu və ekoloji gündəliyə sadiqliyini nümayiş etdirir və bununla da, dünya səhnəsində fəal və nüfuzlu oyunçu kimi rolunu gücləndirir. COP29-un Bakıda keçirilməsi ilə bağlı dünya ölkələri tərəfindən qəbul edilmiş qərar beynəlxalq aləmdə Azərbaycana olan dərin etimadın və hörmətin sübutudur. Bu, ölkəmizin qlobal problemlərin həllində məsuliyyətli və etibarlı tərəfdaş statusunu təsdiqləyir. Azərbaycanın COP29-a ev sahibliyi etməsi ilə bağlı qərardan sonra müxtəlif ölkələr, beynəlxalq təşkilatlar və digər xarici tərəf-müqabilləri Azərbaycanla bu sahədə sıx əməkdaşlıq etmək arzularını ifadə edib.
Qeyd edək ki, beynəlxalq miqyaslı tədbirlərin keçirilməsi üçün ölkəmizə olan etimad Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasının göstəricisidir. Ölkə Prezidenti İlham Əliyevin noyabrın 12-də Bakıda COP29-un Liderlər Sammitinin açılış mərasimindəki çıxışı zamanı qeyd etdiyi kimi, “Azərbaycanın COP29-a ev sahibliyi etməsi bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. 200 ölkənin yekdil qərarı ilə Azərbaycana COP29-a ev sahibliyi etmək fürsəti nəsib oldu. Bu, bizim ölkəyə hörmət əlamətidir və bizim fəal rolumuzun beynəlxalq arenada qiymətləndirilməsi deməkdir. COP29-un ölkəmizdə keçirilməsi isə Azərbaycanın bu istiqamətdə daha da tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə böyük töhfə verəcək.
Siyasi şərhçi Sona Əliyeva “Sherg.az"a açıqlamasında deyib ki, COP29 kimi mötəbər bir tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın dünyada tanınması və vizyonu baxımından olduqca önəmlidir:
“Bakı dünyanın bir nömrəli beynəlxalq qurumu sayılan Birləşmiş Millətlər Təşkilatının ekoloji və xoşməramlı missiyasına ev sahibliyi etməklə ölkəmizin regionun lideri olmasını bir daha bütün dünyaya nümayiş etdirdi. Dünya gördü ki, Azərbaycan regionda təhlükəsizlik adasıdır. Bu tədbir çərçivəsində Azərbaycanın dünya ekosisteminə verdiyi töhfələr dünya liderlərinin diqqətinə çatdırıldı. Bir çox ölkələrin başçıları Azərbaycanın yeni innovativ modeli sayılan ASAN Xidmətlə yerindəcə tanış olmaq imkanı qazandılar. Həmçinin COP29-un Azərbaycanda keçirilməsi turizm potensialımızın dünyada tanıdılması və təbliği baxımından önəmli platformaya çevrilib. Bütün bu və ya digər nüanslar Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da güclənməsinə gətirib çıxaracaq. Eyni zamanda iqtisadi investisiya axınının yeni mərhələsinin başlanğıcını qoyacaq.
COP29-a ev sahibliyi edəcək ölkə kimi yekdil qərarla seçilmək Azərbaycan üçün həqiqətən böyük şərəfdir. Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətinin əlaməti hesab edirik”.
S.Əliyevanın sözlərinə görə, Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir və bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir:
“Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq planının mühüm tərkib hissəsidir. Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1.5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.
Digər tərəfdən, Azərbaycan bərpa olunan enerji sahəsində qabaqcıl ölkələr sırasına yüksəlmək əzmindədir. Bu məqsədlə zəngin külək və günəş potensialından istifadə edir. Bu, həmçinin ölkənin 2050-ci ilə qədər istixana qazı emissiyalarını 40 faiz azaltmaq planının mühüm tərkib hissəsidir.
Ölkə 2030-cu ilə qədər elektrik enerjisində bərpa olunan enerjinin qoyuluş gücü üzrə payını 30 faizə çatdırmaq və yaşıl enerji sahəsində lider olmaq üçün mövcud enerji sistemini şaxələndirir. Azərbaycan bu sahədə nümunəvi ölkə olaraq 1.5°C hədəfinə uyğun olaraq növbəti Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr sənədi çərçivəsində öz milli hədəflərini yeniləyəcək.
Azərbaycanın quruda və dənizdə mövcud olan zəngin külək enerjisi resursları dayanıqlı enerji istehsalı üçün mühüm imkanlar yaradır.
Ölkə külək enerjisi üzrə quruda 3 QVt həcmində qiymətləndirilən iqtisadi potensiala, həmçinin dənizdə 157 QVt təşkil edən texniki potensiala malikdir.
Bu potensialın reallaşdırılması istiqamətində mühüm addımlar atılıb. “ACWA Power” və “Masdar” kimi beynəlxalq investorlarla həyata keçirilən layihələr bunun bariz nümunəsidir.
Azərbaycanın iqtisadi cəhətdən səmərəli günəş enerjisi potensialı 23 QVt həcmindədir. Günəşli saatların sayının ildə 2400-3200 saata çatması Azərbaycanı günəş enerjisi istehsalı üçün əlverişli ölkəyə çevirir.
2023-cü ilin oktyabrında 230 MVt-lıq Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Eyni zamanda bir sıra digər layihələr reallaşdırılmaqdadır. Ölkə günəş enerjisi üzrə maraqlı tərəflərlə müqavilələr imzalamağa davam edir.
Azərbaycan günəş enerjisi infrastrukturunun genişləndirilməsi prosesində dövlət və özəl sektordan olan tərəfdaşlar, o cümlədən biznes təmsilçiləri və inkişaf bankları, bir sözlə, COP29 çərçivəsində danışıqların mərkəzi olan maraqlı tərəflər ilə əməkdaşlıq edir”.
Sona xanım həmçinin qeyd edib ki, Azərbaycan 2023-cü ilin fevralında Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə aşağı karbonlu hidrogen istehsalını araşdırmağa başlayıb:
”Ölkə yaşıl hidrogen sektoru ilə bağlı planlarını həyata keçirmək üçün fəal surətdə çalışır. Beynəlxalq investorlarla imzalanan əməkdaşlıq müqavilələri ortamüddətli dövrdə 10 QVt-a yaxın bərpaolunan enerji güclərinin reallaşdırılmasına imkan yaradacaq ki, bu da öz növbəsində yaşıl hidrogen istehsalına töhfə verə bilər. Bütün dünya ölkələri bütün bu faktlarla yerindəcə tanış olmaq imkanı qazandılar. Bu o deməkdir ki, Azərbaycan gələcək onlilliklərdə yaşıl dünyanın lider ölkələrindən olacaq”.