Qazaxıstan, Özbəkistan və Azərbaycan arasında sənədlərin imzalaması qarşılıqlı inteqrasiyamıza töhfədir -ANALİZ

Noyabrın 13-də Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev üçtərəfli görüş keçirərək, hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında mühüm bir saziş imzalayıblar.
Görüş zamanı hər üç lider bərpa olunan enerji sahəsində əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulayıb. Prezident İlham Əliyev sazişi üç ölkə arasındakı münasibətlər üçün "tarixi hadisə" adlandırıb. "Bu gün Azərbaycan, Qazaxıstan və Özbəkistan tarixində əlamətdar bir an yaşanır. Bu saziş əməkdaşlığımızı yeni səviyyəyə yüksəldərək, Mərkəzi Asiya və Qafqaz regionlarında yeni imkanlar açacaq," deyə Əliyev çıxışında bildirib.
Əliyevin çıxışından sonra Qazaxıstan Prezidenti Tokayev və Özbəkistan Prezidenti Mirziyoyev çıxış edərək, yaşıl enerji sahəsində əməkdaşlığın daha da dərinləşdirilməsi öhdəliklərini təsdiqləyiblər.

Siyasi şərhçi Azər Həsrət “Sherg.az”a söyləyib ki, Qazaxıstan və Özbəkistanla Azərbaycanın istənilən sahədə yaxınlaşması və sənədlər imzalaması qarşılıqlı inteqrasiyamıza növbəti töhfədir:

“İstənilən platformada dövlətimizin Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Türkiyə və digər türk dövlətləriylə bir araya gəlməsi qarşılıqlı şəkildə çox faydalıdır. Yəni maddi tərəflərlə yanaşı mənəvi yaxınlığın daha da dərinləşməsi və tarixi bağların oyadılması cəhdləri mövcuddur. Azərbaycanla Qazaxıstan və Özbəkistan arasında imzalanan üçlü anlaşma həmin dövlətlər və onların xalqları arasında münasibətlərin sıxlaşmasına səbəb olacaq. Türk dövlətləri mümkün qədər sürətlə inteqrasiya olunmalıdır. Dövlətlərin öz müstəqilliklərindən imtina edib vahid şəkildə birləşməsini demirik. Sadəcə Avropa Birliyi kimi bir birliyin daha cəld şəkildə qurulmasının tərəfdarıyıq. Beləliklə vahid valyuta, əlifba və ortaq dil məsələləri kimi mühim mövzuları həll etmək olar. Eyni zamanda qarşılıqlı gediş-gəlişin daha da asanlaşdırılması həll oluna bilər. Ümumiyyətlə türk dövlətlərinin bütün sahələrdə ortaqlaşması vacibdir”.