Qərbi Azərbaycan İcmasının təşkil etdiyi beynəlxalq konfransda daha bir panel keçirilib

Qərbi Azərbaycan İcmasının təşkil etdiyi beynəlxalq konfrans çərçivəsində daha bir panel keçirilib.
APA xəbər verir ki, “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təşviqi” mövzusunda Qərbi Azərbaycan İcmasının təşkil etdiyi II beynəlxalq konfrans çərçivəsində keçirilən paneldə sülhün və sabitliyin təmin olunmasında diplomatiyanın və düşünülmüş addımların vacibliyindən bəhs edilib.


Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyevin moderatorluğu ilə keçirilən paneldə çıxış edən nümayəndələr Qərbi Azərbaycana qayıdış mövzusu ilə yanaşı, öz ölkələrindəki cari vəziyyət, oxşar problemlər və həll yolları barədə fikirlərini bölüşüblər.


Türkiyə Böyük Millət Məclisinin üzvü, Ədalət və İnkişaf Partiyasının sədr müavini Zəfər Sırakaya qayıdış hüququ və bunun Qərbi Azərbaycan məsələsinə tətbiqindən danışıb: “Qayıdış hüququ beynəlxalq hüquqda tam qəbul edilmiş müddəadır. Yaşadığı ərazilərdən köçkün düşmüş azərbaycanlıların hüquqları bərpa edilməlidir. Aidiyyəti tərəflərin iştirakı ilə müfəssəl yanaşma təklif edilməlidir. Biz gələcək nəsillər qarşısında məsuliyyət daşıyırıq. Bu məsuliyyət Qafqazda sülhü bərqərar etməyə əsaslanır”.


Xorvatiyanın İnkişaf və Beynəlxalq Münasibətlər İnstitutunun aparıcı eksperti Krsevan Antun Duymoviç, Kommunikasiya strateqi və jurnalist Klaus Peter Ralf Yürgens, Brüssel Enerji Klubunun baş nümayəndəsi Marat Terterov, İspaniyanın Deusto Universitetinin professoru Susana Manqana panelin mövzusuna uyğun qənaətlərini konfrans iştirakçıları ilə bölüşüblər.