Bakı Təşəbbüs Qrupu Sen Martin ilə memorandum imzalayacaq

"Bakı Təşəbbüs Qrupu müstəmləkə ərazilərindəki əhaliyə dəstək məqsədilə dördüncü memorandumu Sen Martin ilə imzalayacaq".
APA xəbər verir ki, bu fikirləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov jurnalistlərə açıqlamasında bildirib.

O əlavə edib ki, rəhbərlik etdiyi təşkilat Sen Martinin təmsil olunduğu ilk beynəlxalq platformadır:

“Bildiyiniz kimi, bugünkü beynəlxalq konfransımız Karib Hövzəsində yerləşən Sen Martin Adasına həsr olunub. Sen Martin Adası 1648-ci ildə iki yerə bölünüb. Bu gün həmin ada dövlətindən olan elm adamları, millət vəkilləri, qeyri-hökumət təşkilatlarının, müxtəlif ada dövlətlərinin rəsmiləri burada Sen Martinin vahid xalq və vahid ərazi üçün apara biləcəyi mübarizəni müzakirə edirlər. Bakı Təşəbbüs Qrupunun dəstəyi ilə keçirilən bu konfrans onlar üçün ilk beynəlxalq platformadır. Bakı Təşəbbüs Qrupu bu il müstəmləkədən əziyyət çəkən ölkələrə dəstək xarakteri daşıyan dördüncü memorandumu imzalayacaq. Bu memorandum Sen Martindən olan Vahid Sen Martin Assosiasiyası ilə imzalanacaq. Memorandumda ilk növbədə Sen Martində siyasi, iqtisadi və təsir istiqamətlərində əməkdaşlıq məsələləri təsbit olunacaq".