Latviya, Litva və Estoniya prezidentləri Gürcüstana səfər edə bilərlər

Litva, Latviya və Estoniya prezidentləri Gitanas Nauseda, Edqars Rinkeviç və Alar Karis dekabrda Gürcüstana birgə səfərin mümkünlüyünü müzakirə ediblər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Litva mətbuatı məlumat yayıb .

Bildirilib ki, liderlər hələlik konkret qərar qəbul etməsələr də, Polşa prezidenti Andjey Dudanın də səfər proqramında iştirakını müzakirə ediblər.

"Bəli, biz dekabrda Gürcüstana səfər etmək imkanını da müzakirə etdik, bu imkan açıqdır və biz bunu Polşa Prezidenti ilə müzakirə edəcəyik", - Gitanas Nauseda bildirib.

Nausedanın sözlərinə görə, Baltikyanı ölkələrin liderləri Tbilisidəki iğtişaşları və Gürcüstanın Avropa istiqamətini dəyişməsini müzakirə ediblər.