Məktəblərdə zorakılıq adi hala çevrilir - Psixoloq əsas səbəbləri açıqladı

  • “Aqressiyanın qarşısını almaq üçün məktəb, ailə və cəmiyyət birgə fəaliyyət göstərməlidir. Yalnız bu halda sağlam nəsil yetişdirə bilərik”

Yasamal rayonundakı 225 saylı orta məktəbdə VII sinif şagirdinin faciəli vəfatı təhlil edilməli, hadisənin hansı səbəblərdən qaynaqlandığı əsas müzakirə mövzusu olmalı idi. Amma belə olmadı. Hadisə yerinə çəkiliş üçün gəlmiş reportyorların bir qrup şəxs tərəfindən -onların məktəbin şagirdləri, yoxsa kənar şəxslər olması hələ tam müəyyənləşdirilməyib - fiziki təzyiqə məruz qalması və döyülməsi faciəni arxa plana keçirdi.

Məktəblərdə zorakılıq, şagirdlərin bir-birinə qarşı fiziki və mənəvi təzyiq göstərməsi son illərdə adi hala çevrilib. Üzücüdür, bəli. Hər dəfə mütəxəssislər məktəb-ailə tandemini önə çəkir, uşaqların təlim-tərbiyəsində təkcə təhsil müəssisəsinin deyil, ailənin də başlıca rol oynadığını bildirirlər.

Hər bir uşaq öz ailəsinin aynasıdırmı? Bu suala müxtəlif cavablar verilir: həm hə, həm də yox. Amma bir məsələdə yekdil fikir var: uşaqlar diqqətdən və nəzarətdən kənarda qalmamalıdırlar.

Aydındır ki, müasir texnologiyalar uşaq və yeniyetmələrin davranışlarına, maraq dairələrinə və psixologiyasına təsir edir. Sosial şəbəkələrdə yayılan aqressiv məzmunlar, videolar, paylaşımlar, oğru aləmi və “yeraltı dünya”nın “qəhrəmanlarından” bəhs edən filmlər yeniyetmələrin davranışlarına mənfi təsir göstərə bilər. Özünü “avtoritet”lərə bənzətməyə çalışan yeniyetmələr zorakılığı adi həyat tərzi hesab edir, “kim güclüdürsə, haqlıdır” prinsipi ilə hərəkət edirlər.

Psixoloq Elmir Əkbər Sherg.az-a açıqlamasında bildirib ki, aqressiyanın yaranmasının bir çox səbəbi var. Bunlara sosial şəbəkələr, uşaqları əhatə edən mühit, məktəblərdə tərbiyə işinin zəifləməsi və, əlbəttə ki, ailə daxildir.

“Ailədə sevgi və diqqət görməyən uşaqlar aqressiyaya meyilli olurlar. Valideynlərin tez-tez mübahisə etməsi yeniyetmələrin psixologiyasına mənfi təsir göstərir. Maddi problemlər də gənclərin davranışlarında gərginlik yaradır. Məktəbdə bullinqə və təhqirə məruz qalan yeniyetmələr aqressivləşə bilirlər. Bəzən gənclər özlərini güclü göstərmək üçün aqressiv davranırlar.

Sosial şəbəkələrdə yayılan zorakılıq videoları da mənfi təsir göstərir. Kompüter oyunlarındakı şiddət səhnələri yeniyetmələrin düşüncə tərzinə təsir edir. Uşaqlar gördükləri davranışları təkrarlayırlar. Əgər uşaq mütəmadi olaraq zorakılıqla qarşılaşırsa və zorakılıq edən insanın istədiyinə nail olduğunu görürsə, o da zorakılığa əl atmağa çalışacaq.

Psixoloji travma yaşayan uşaqların aqressiv davranması təəccüblü deyil. Problem ondadır ki, valideyn uşağının özünə qapandığını, istəklərini dilə gətirmədiyini, saatlarla bir otağa çəkilərək ailə üzvləri ilə ünsiyyət qurmadığını, suallara əsəbi cavab verdiyini, gərgin vəziyyətdə olduğunu görür, amma psixoterapevtə müraciət etmir. Nəticədə uşağın əsəbi və emosional vəziyyəti getdikcə kəskinləşir.

Valideynlər övladlarına qarşı diqqətli olmalıdırlar. İstər qız, istərsə də oğlan uşağı olsun, onun kiminlə dostluq etdiyini, ətrafında kimlərin olduğunu bilməlidirlər. İndi bir çox valideyn oğlan uşaqlarını idmanın müxtəlif növlərini öyrənmək üçün məşğələlərə aparır. ‘Güclü olmalısan, döyülməməlisən’, - deyirlər. Amma nə valideynlər, nə də müəllimlər idmanın əsas missiyasının nə olduğunu uşaqlara başa salırlar.

İdman hücum etmək üçün deyil, ilk növbədə müdafiə olunmaq üçündür. Ancaq bəzi valideynlər övladlarının dalaşqan olması, küçədə və ya həyətdə hansısa uşağı döyməsi ilə fəxr edir, buna sevinirlər. Düşünmürlər ki, sabah həmin dalaşqan uşaq da kimsə tərəfindən ağır şəkildə döyülə bilər. Belə münasibət uşağa zorakılığı adi və məqbul davranış kimi təqdim edir”.

Psixoloq uşaqlarda aqressiyanın azaldılması üçün yaradıcılıq dərnəklərinin faydalı seçim olduğunu bildirib:

“Yaradıcı insanlar daha barışcıl olur, aqressiyanı qəbul etmirlər. Yaradıcılıqla məşğul olmaq onların əqli inkişafına da kömək edir. Yaxşı olar ki, valideynlər övladlarını rəsm, heykəltəraşlıq və musiqi dərnəklərinə aparsınlar. Bu cür məşğələlər yeniyetmələrdə aqressiyanın azalmasına kömək edə bilər.

Aqressiyanın qarşısını almaq üçün məktəb, ailə və cəmiyyət birgə fəaliyyət göstərməlidir. Yalnız bu halda sağlam nəsil yetişdirə bilərik”.