2027-ci il aprel ayının 1-dən etibarən istənilən şəxs öz maaş hesabını heç bir əlavə ödəniş etmədən istədiyi banka keçirə biləcək.
Bu yenilik Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun bu gün bir qrup iqtisatçı ilə görüşündə səslənib. Görüşdə iştirak edən iqtisadçı Natiq Cəfərli bu barədə sosial şəbəkə hesabında qeyd edib. İqtisadçı bildirir ki, növbəti addım təqaüdçülər üçün də eyni qaydanın tətbiqi olacaq və onlar da istədikləri bankı seçə biləcəklər:
- Bu da banklar arasında yeni müştəri cəlb etmək üçün rəqabət yarada, hesabını daşıyanlara yaxşı güzəştlər təklifi verməyə sövq edə bilər. Əslində bu qaydanın tətbiqinə bu ildən başlanmalı idi, amma növbəti ilin aprelindən tətbiq ediləcək. Digər yenilik isə 14 dövlət-hökumət qurumuna cərimə, ödəniş edərkən vətəndaşdan bank xidməti haqqı tutulmasının ləğvi ilə bağlıdır. Yeni ilin yanvar ayınadək bu məsələnin həll olunması gözlənilir. Bu həll olunsa daha vətəndaş əlavə xidmət haqqı ödəməyəcək.