ABŞ Ankaranın Suriyada atacağı addımların analizlərini aparır
“Vaşinqton və Ankara Suriyanın gələcəyi ilə bağlı razılaşma əldə etsə də, Bayden administrasiyası PYD/YPG-ni qorumaq və ən azı zaman qazanmaq üçün proseslərə təsir etməyə çalışır”
ABŞ və Türkiyə Suriyanın gələcəyi ilə bağlı razılığa gəliblər. Bu barədə Türkiyədə səfərdə olan ABŞ dövlət katibi Antoni Blinken bildirib. Amerikanın baş diplomatı qeyd edib ki, əsas diqqəti Suriya xalqına və qarşıdakı fürsətlərə yönəltmək lazımdır: "Suriya xalqını Bəşər Əsədin buxovlarından azad etməyə çalışırıq. Prezident Rəcəb Tayyib Ərdoğan və xarici işlər naziri Hakan Fidanla apardığımız müzakirələr zamanı Suriyanın gələcəyi üçün atacağımız addımlar barədə geniş şəkildə razılığa gəldik".
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsinin Suriyadakı terrorçu silahlı birləşmələrin təhdidləri qarşısında milli təhlükəsizliyini qorumaq üçün tədbirlər görəcəyini bildirib. Ərdoğan bildirib ki, Türkiyə NATO ölkəsi olaraq PKK və ona bağlı qrupların Suriyadakı vəziyyətdən yararlanmaq cəhdlərinə mane olacaq. Ərdoğan Türkiyənin Suriyanın ərazi bütövlüyünü, birliyini və unitar quruluşunu qorumağa ilk gündən sadiq olduğunu və beynəlxalq ictimaiyyətin rəsmi Dəməşqin dirçəldilməsi və yenidən qurulmasında əməkdaşlıq etməli olduğunu bildirib. O, həmçinin qeyd edib ki, rəsmi Ankara Türkiyə-ABŞ əlaqələrinin bütün sahələrdə inkişafı üçün səylərini davam etdirəcək. Xatırladaq ki, Türkiyə 13 ildən sonra Suriyaya yenidən səfir göndərib. Burhan Koroğlu Türkiyənin Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili təyin edilib. Türkiyənin Dəməşqdəki səfirliyi Suriyada baş verən hadisələrlə bağlı 2012-ci ildə fəaliyyətini dayandırmışdı.
Politoloq Asif Nərimanlı "Sherg.az"a deyib ki, A.Blinkenin Ankara səfərində “səbirsizlik” ilk diqqətçəkən məqam oldu. Analitik vurğulayıb ki, dövlət katibinin səfəri 13 dekabrda planlaşdırılsa da, bir gün öncə - 12 dekabr axşam saatlarında gəldi. Maraqlıdır ki, Ərdoğan tərəfindən birbaşa hava limanında qəbul edildi:
"Bu “səbirsizliyin” səfər proqramından qaynaqlandığı ehtimalı zəifdir. Xüsusilə Suriyada baş verənlər və Ankara ilə Vaşinqton arasındakı ziddiyyətlər fonunda. Suriyada mövcudluğunu davam etdirəcək ABŞ yeni dövrdə əvvəlki cəbhələri saxlamağa çalışır. İŞİD-ə qarşı mübarizə vitrini altında Türkiyə ilə eyni tərəfdən çıxış etmək və Ankaranı Moskva-Tehran xəttinə yaxın buraxmamaq. Səfərdən öncə və sonra ABŞ tərəfinin verdiyi açıqlamaların da “İŞİD mövzusu” üzərində qurulması, PYD/YPG amilinin üzərindən keçilməsi diqqət çəkir. Hərçənd, PYD/YPG-yə münasibət Ankara-Vaşinqton xəttində ziddiyyətli məqam olaraq qalır, Blinkenin “tələsik” səfəri də bundan, daha dəqiq desək, Türkiyənin Suriyada atacağı addımlardan qaynaqlanır. Əsədin devrilməsindən dərhal sonra Tel-Rıfat və Menbiç YPG-dən təmizləndi. Növbəti hədəfin Rakka ola biləcəyi gözləntiləri var. PYD və YPG məsələsində Türkiyə üçün problemli ola biləcək amil ABŞ-İsrail cəbhəsinin mövqeyi ilə yanaşı, HTŞ idi. Colani komandası “kürd kartı”na qarşı Ankara ilə anlaşmasa, bu təkcə PYD/YPG-nin əlinin güclənməsi ilə yox, həm də Suriyanın yenidən qurulması və qaçqınların qayıdışının təmin edilməsində proqnozlaşdırılmamış məqamlara yol açır. ABŞ üçün Suriyada addımlarını müəyyənləşdirmək məqamlarından biri də bu idi. Lakin MİT rəhbəri İbrahim Kalının ilk xarici nümayəndə olaraq Dəməşqə səfəri, orada qarşılanması Suriyanın yeni mərhələsində Türkiyənin güclü mövqeyinin mənzərəsini ortaya çıxardı".
Siyasi şərhçiyə görə, Kalının Dəməşq səfəri və yeni rəhbərliklə müzakirəsində əsas mövzulardan birinin PYD/YPG-yə qarşı əməliyyatların olduğu istisna deyil: "Ankaranın Suriyanın yeni rəhbərliyindən istəkləri var. PYD/YPG-yə qarşı eyni mövqedən çıxış etmək, ən azı neytral qalmaq və ərazi bütövlüyünün, unitar quruluşun qorunub saxlanılmasında israrlı olmaq. Bu, Türkiyə üçün iki kontekstdə önəmlidir. Məqsəd Suriyada mümkün “kürd kantonunun” yaradılması planının qarşısını almaqdır. Ərdoğan Blinkenlə görüşdə də “Suriyanın ərazi bütövlüyü və unitar quruluşunun qorunması” vurğusu ilə bu mesajı verdi. PYD/YPG-yə qarşı əməliyyatları həm də Dəməşqin - Suriyanın yeni rəhbərliyinin razılığı ilə davam etdirməkdən söhbət gedir. Bu, post-Əsəd dövründə hərbi müstəvidəki addımların beynəlxalq hüquq prinsiplərinə uyğunlaşdırmaq üçün lazımlıdır. Vaşinqtonda narahatlıq var. Türkiyə Suriyada praktiki olaraq yeganə həlledici gücə çevrildi. Bu, “kürd kartını” böyük ölçüdə neytrallaşdırmaq imkanı verir. Xüsusilə hakimiyyətin təhvil-təslim edilməsinin ABŞ-nin xarici siyasətində yaratdığı boşluqları nəzərə almaq lazımdır. Vaşinqton və Ankara Suriyanın gələcəyi ilə bağlı razılaşma əldə etsə də, Bayden administrasiyası PYD/YPG-ni qorumaq və ən azı zaman qazanmaq üçün proseslərə təsir etməyə çalışır. Lakin Ərdoğan Blinkenin “İŞİD-ə qarşı mübarizə” təklifinə PKK terrorçularını da əlavə etməsi Türkiyənin geri addım atmayacağından xəbər verir".