“25 mart 2025-ci il tarixində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Araqçı ilə birgə mətbuat konfransında guya Azərbaycanın sülh müqaviləsinin mətni üzrə razılaşma əldə edildikdən sonra yeni şərtlər irəli sürdüyü barədə iddiaları tamamilə əsassızdır”.
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib. Onun sözlərinə görə, Ermənistan xarici işlər nazirinə yaxşı məlumdur ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müddəanın aradan qaldırılması, habelə Minsk Qrupunun rəsmən ləğvi tələbi son iki il yarım ərzində danışıqlar prosesinin vacib mövzuları sırasında olub.“Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Konstitusiya, Ermənistan milli qanunvericiliyi, məhkəmə iddiaları və siyasi bəyanatlar barədə faktlar hələ 2023-cü ilin may ayında Vaşinqton görüşü zamanı Ermənistan tərəfinə təqdim olunub. Bu barədə üçüncü ölkələr də tam olaraq məlumatlıdırlar. Qeyd edilənləri nəzərə alaraq, Ermənistan tərəfinin guya Azərbaycanın bu şərtləri yeni irəli sürdüyü barədə iddiaları beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıyır və bu taktika heç bir nəticə verməyəcək. Ermənistan tərəfi sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, vaxt itirmədən Konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarından əl çəkməli, Minsk Qrupunun rəsmən ləğvi istiqamətində əməkdaşlıqdan boyun qaçırmamalıdır”.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a bildirib ki, bu gün Ermənistan dövləti real sülh məsələsində üzərinə düşən öhdəliklərdən fikri yayındırmağa çalışır:
“Buna görə də reallığı təhrif edən açıqlamalar verməklə prosesi yubadır. Azərbaycan Ermənistanla sülh üçün hansısa yeni şərtlər heç vaxt irəli sürməyib. Azərbaycanın əsas hədəflərindən biri Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyin olmasıdır. Azərbaycan sülhlə bağlı üzərində düşən bütün öhdəlikləri yerinə yetirir. Ermənistan isə 30 illik işğalçılıq siyasətinin Azərbaycan tərəfindən sonlandırılmasından sonra da eyni pravakasyon siyasi mövqeylərini davam etdirməklə məşğuldur. Ermənistanın apardığı yanlış siyasi xətt və mövqeylər təkcə Cənubi Qafqaz regionu üçün yox Ermənistanın özü üçün ciddi problemlər deməkdir. Ermənistanın regiondakı önəmli layihələrdən özünü təcrid etməsi və dalan dövlətinə çevrilməsi Nikol Paşinyanın dövründə pik həddə çatıb. Paşinyan komandasında təmsil olunanlar hələ də uğursuz siyasi gedişlər edirlər. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Arakçı ilə birgə mətbuat konfransında səsləndirdiyi fikirlər İrəvanın əsas mahiyyətinin nədən ibarət olduğunu bütün dünyaya göstərir. Ermənistanın haqsız fikrinə qarşılıq olaraq Azərbaycan xarici işlər naziri Ayxan Hacızadə layiqli cavab veribdir. Ermənistan konstitusiyasını dəyişmədən və ATƏT-in Minsk qrupunun ləğviylə bağlı real prosesdə iştirak etmədən hansısa sülhdən söhbət gedə bilməz”.