Bunu şərti olaraq “Nəsimi diplomatiyası” da adlandırmaq mümkündür
Prezident İlham Əliyev 4-cü Antalya Diplomatik Forumunda iştirak etmək üçün bu ölkəyə işgüzar səfər edib. Dövlət başçısı səfər çərçivəsində bir sıra görüşlər keçirib. Diqqətçəkən təmaslardan biri Prezident İlham Əliyevin Antalyada Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əş-Şara ilə görüşü oldu. Prezident görüş zamanı onu Azərbaycana rəsmi səfərə dəvət etdi. Dəvət minnətdarlıqla qəbul olundu. Ekspertlərə görə, Əhməd əş-Şaranın keçmişi müəyyən qədər tənqidə açıq olsa da, o, hazırda Suriya Ərəb Respublikasının keçid dövrü prezidentidir. Onun Azərbaycana münasibəti müsbətdir və əməkdaşlığa marağı isə aydındır. Bu, Bakı üçün də məqbul yanaşmadır.

Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Bakı-Dəməşq münasibətləri nə Hafiz Əsədin, nə də Bəşər Əsədin dövründə yaxşı olmayıb. Ekspert bildirib ki, xüsusilə Bəşər Əsədin açıq ermənipərəst siyasəti iki ölkə arasındakı münasibətləri son dərəcə gərgin vəziyyətə salmışdı:
"Lakin Əsəd rejimindən fərqli olaraq, Əhməd əş-Şara Bakı ilə əməkdaşlıq etməkdə maraqlıdır. Türkiyənin müttəfiqi olan Azərbaycan ilə Ankara tərəfindən dəstəklənən Suriyanın yeni hakimiyyəti arasında körpü formalaşmaqdadır. Ankara Əhməd əş-Şaranın beynəlxalq ictimaiyyət qarşısında özünü müsbət mənada göstərməsini, yeni Suriyanın əvvəlkindən fərqli olduğunu sübut etməsini istəyir. Azərbaycan bu baxımdan əvəzsiz tərəfdaşdır.
Azərbaycan türk dünyasında, islam aləmində və beynəlxalq ictimaiyyətdə nüfuz sahibi, sözünə etibar edilən bir dövlətdir. Rəsmi Bakı beynəlxalq münasibətlərdə hüququn aliliyinə, etibarlı əməkdaşlığa və balanslı siyasətə önəm verir. O mənada Azərbaycan–Suriya münasibətlərinin normallaşması bu ölkənin beynəlxalq imicinə də müsbət təsir göstərə bilər".
Ekspert əlavə edib ki, Bakı ilkin mərhələdə Əhməd əş-Şara və keçid hökumətinə ehtiyatla yanaşsa da, Türkiyənin səyləri nəticəsində hazırda əməkdaşlığa maraq göstərir:
"Azərbaycanın Talibanla münasibətlərindəki ehtiyatlı və mərhələli yanaşmanın Suriyaya da tətbiq olunacağı ehtimalı böyükdür. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi: “Suriyada baş vermiş dəyişikliklərdən sonra Azərbaycan nümayəndə heyəti ən qısa müddətdə bu ölkəyə göndərilib və Əsəd rejiminin siyasəti səbəbindən uzun müddət fəaliyyətsiz qalmış Azərbaycanın Suriyadakı səfirliyi fəaliyyətini bərpa edib”. Bakı-Dəməşq münasibətlərinin formalaşması və inkişafı hər iki ölkə üçün müsbət nəticələr vəd edir. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Suriyanın sabitliyinin möhkəmləndirilməsi üçün bu ölkənin bərpasında iştirak etməyə hazırdır. Həmçinin, Suriya yaxın gələcəkdə Azərbaycanın enerji siyasətində də yer ala bilər. Rəsmi Bakı son illərdə Avropanın enerji təhlükəsizliyində əhəmiyyətli oyunçuya çevrilib. Avropaya nəql edilən təbii qazın həcmi ildən-ilə artır. Lakin bu, hələlik kifayət deyil. Azərbaycan bu istiqamətdə İraqla (xüsusən İraq Kürdüstanı ilə) əməkdaşlıq imkanlarını dəyərləndirir. Suriyanın da Türkiyə ilə quru sərhədinə malik olması onun gələcəkdə TANAP və TAP layihələrinə çıxış imkanlarını artırır. Bu sahədə əməkdaşlıq Dəməşqə ciddi maliyyə vəsaiti gətirə bilər".
T.Rzayev diqqətə çatdırıb ki, Azərbaycan həmçinin Suriyanın təhlükəsizliyi baxımından da mühüm rol oynaya bilər: "Məlum olduğu kimi İsrail Suriyadakı hadisələri yaxından izləyir. Ankara ilə Dəməşq arasında əməkdaşlığın Təl-Əvivə qarşı yönəlməsi İsraili narahat edir. Bu mənada Azərbaycanın İsrail-Suriya münasibətlərində vasitəçi rolunu oynaması mümkündür. Məsələn, Azərbaycanın vasitəçiliyi ilə Türkiyə və İsrail arasında Suriyada arzuolunmaz insidentlərin qarşısını almağa yönəlmiş gərginliyin azaldılması mexanizminin formalaşdırılması üçün razılıq əldə olunub. Bənzər razılaşma gələcəkdə Dəməşq və Təl-Əviv arasında da mümkün ola bilər. Əvvəllər də qeyd etdiyim kimi, Suriya ilə Azərbaycan arasında mühüm diplomatik yenilik gözləniləndir. Bunu şərti olaraq “Nəsimi diplomatiyası” adlandırmaq mümkündür. Məlum olduğu kimi, 1417-ci ildə Hələbdə vəfat etdiyi bilinən Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin məzarı Suriyadadır. Nəsiminin qalıqlarının Azərbaycana gətirilməsi iki ölkə arasında mədəni və diplomatik əlaqələrin inkişafına ciddi töhfə verə bilər".