Nazirlərin Antalya görüşündə nəticə alınmayıb - RƏYLƏR

Konstitusiya dəyişikliyi olmadan Ermənistanla sülh müqaviləsinin imzalanması məntiqsizdir

Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında ikitərəfli görüş Antalyada keçirilən Antalya Diplomatiya Forumu çərçivəsində baş tutub. Tərəflər Azərbaycan və Ermənistan arasında Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Sazişin mətninin yekunlaşdırılmasından sonra normallaşma prosesinin hazırkı vəziyyətini müzakirə ediblər. Nazirlər dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər. Ermənistan XİN başçısı yenə də sülh sazişini imzalamağa hazır olduqlarını, lakin Bakının prosesi "uzatdığını", əlavə şərtlər irəli sürdüyünü iddia edib. Ceyhun Bayramov isə həmkarının iddialarının əsassız olduğunu söyləyib və Bakının haqlı tələblərinin nədən ibarət olmasına aydınlıq gətirib. C.Bayramov deyib ki, Ermənistandan fərqli olaraq Azərbaycan Konstitusiyasında Ermənistana qarşı heç bir ərazi iddiası yer almır. Mirzoyan analoji Konstitusiya iddialarının Ermənistan tərəfindən Azərbaycana qarşı qaldırılmasının mümkün olduğunu, lakin İrəvanın belə bir addım atmadığını bildirib. Nazir Ceyhun Bayramov cavabında bildirib ki, Azərbaycan Konstitusiyasında Ermənistandan fərqli olaraq hər hansı ərazi iddiası yer almır və əgər belə bir fakt olsaydı, Ermənistan tərəfi mütləq bu məsələni qaldırardı. Ceyhun Bayramov vurğulayıb ki, Konstitusiya dəyişikliyi olmadan Ermənistanla sülh müqaviləsinin imzalanması məntiqsizdir. Belə ki, heç bir beynəlxalq razılaşma ölkənin əsas qanunu olan Konstitusiyaya zidd ola bilməz. Bu baxımdan sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyü tanınsa belə, o, Ermənistan Konstitusiyasına zidd olacağı üçün hüquqi qüvvəsi sual altında qalacaq. Nazir bu baxımdan Ermənistanın müvafiq Konstitusiya dəyişikliyinin sülh razılaşmasının imzalanmasından öncə baş verməli olduğunu vurğulayıb. XİN rəhbəri onu da əlavə edib ki, Konstitusiya dəyişikliyi ilə dövlətlərarası münasibətlərin tənzimlənməsinə dair analoji hallar da mövcuddur və bu məsələ Azərbaycanın mövqeyinin maksimalist olması kimi qiymətləndirilə bilməz: “Burada qeyri-adi heç nə yoxdur və ya bu, Azərbaycanın mövqeyinin maksimalist olduğu anlamına gəlmir. Nazir Mirzoyanın Ermənistan tərəfinin Azərbaycan konstitusiyası ilə bağlı bənzər narahatlıqları ilə bağlı son arqumentinə gəlsək, hər şeydən əvvəl bu, reallığı əks etdirmir. Azərbaycan Konstitusiyasında müasir Ermənistan Respublikasının hər hansı coğrafi ərazi adı qeyd edilməyib. Düşünürəm ki, bizim erməni həmkarlarımız bunu çox yaxşı bilirlər, əksi olsaydı, onlar əminliklə bu məsələni qaldırardılar. Çünki Ermənistanın, Azərbaycanın və Türkiyənin hüquqi sistemləri az-çox eynidir. Siz ölkənin Konstitusiyasına zidd olan beynəlxalq razılaşma imzalaya bilməzsiniz”. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan qeyd edib ki, Bakı və İrəvan münaqişəni institusional şəkildə başa çatdırmalı və həmin gün Minsk qrupu buraxılmalıdır: “Biz bir neçə dəfə Minsk qrupunun buraxılması prosesinə başlamağa və onu başa çatdırmağa hazır olduğumuzu ifadə etmişik. Münaqişə olmayanda bu strukturu buraxmaq mümkündür. Hazırda münaqişə varmı? Ərazidə yoxdur, lakin sənəd üzərində də razılaşma yoxdur. Bizim üçün qərar aydındır. Biz sazişi imzalamalı, həmin gün münaqişəyə institusional olaraq son qoymalı və Minsk qrupunu buraxmalıyıq. Hansı sənədin daha əvvəl imzalanmasının fərqi yoxdur”. Qeyd edək ki, bu görüş sülh sazişi mətninin razılaşdırılmasından sonra iki ölkə rəsmiləri arasında ilk təmasdır. Son aylar tərəflər arasında təmaslar səngiyib, xüsusilə İrəvanın Bakının tələblərini müzakirə etməmək üçün danışıqlardan yayınması fonunda. Əliyevlə Paşinyan sonuncu dəfə ötən ilin oktyabrında Kazanda qeyri-rəsmi formatda görüşüb. Ondan öncə Paşinyan Londonda keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Əliyevlə görüşdən imtina etdi. Məqsəd Avropa siyasi düşərgəsində təşkil olunan Bakı-İrəvan danışıqlarında balansın yaranmasının, Ermənistanın istəmədiyi situasiyanın formalaşmasının qarşısını almaq idi. Xarici işlər nazirləri isə ötən ilin sentyabrında BMT Baş Assambleyasının Nyu-Yorkda keçirilən 79-cu sessiyası çərçivəsində ABŞ-nin həmin vaxt dövlət katibi olan Blinkenin təşəbbüsü ilə görüşüb. Daha sonra oktyabr ayında İstanbulda keçirilən “3+3” regional məşvərət platforması çərçivəsində bir araya gəlib. Dekabrda ATƏT-ə üzv ölkələrin XİN rəhbərlərinin Malta toplantısında Vaşinqton yeni görüş təşkil etmək istəsə də, Bayden administrasiyasının Ermənistanyönümlü siyasəti təmasın qurulmasına mane oldu. Bu müddətdə yeganə təmaslar Azərbaycan və Ermənistan sərhəd komissiyaları arasında davam edib, digər səviyyədə görüşlər olmayıb. Sülh sazişi mətninin razılaşdırılmasından sonra Ermənistan tərəfi görüşlərin keçirilməsinə ciddi səy göstərir, hətta bütün səviyyələrdə. Məsələn, Ermənistan parlamentinin xarici əlaqələr komitəsinin rəhbəri Sarqis Xandanyan Azərbaycan parlamentinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri ilə görüşmək istəyib, belə bir görüşün sülh sazişinin imzalanmasında nə qədər rol oynaya biləcəyi sual altında olsa da.

Millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu "Sherg.az"a deyib ki, məlumatlar birinci şəxslərdə daha çox olur. Deputatın sözlərinə görə, Azərbaycanın bir nömrəli diplomatı Ceyhun Bayramov, Ermənistanın isə XİN başçısı Ararat Mirzoyandır:

"Sülh prosesi ilə bağlı məlumatları ilkin mənbədən alırıq. Hər şeydən öncə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov birmənalı bəyan edir ki, sülhə mane olan iki məsələ var. Bunlardan biri Ermənistan Konstitusiyasının dəyişməsi, ikincisi isə ATƏT-in Minsk qrupunun ləğv olunmasıdır. Bizim üçün əsas budur. Göründüyü kimi ikitərəfli görüşdə də nəticə əldə olunmayıb. Əgər A.Mirzoyanın fikirlərində həqiqət olsaydı, Ermənistan Minsk qrupunun ləğvinə dair birgə müraciətində səmimi davransaydı, bunu uzatmazdılar. Elə Antalya forumunda nazirlər bəyan edərdilər ki, Minsk qrupunun ləğvinə dair razılıq əldə olundu. Ancaq Mirzoyan deyir ki, hansı sənədin əvvəl, yaxud sonra imzalanmasının fərqi yoxdur. İrəvan özü üçün diplomatiya fəlsəfəsi qurub və onu da mümkün qədər ucuzlaşdırıb. Ermənistanın ciddi arqumenti və mövqeyi yoxdur. Ararat Mirzoyan bildirir ki, "yerdə de-fakto münaqişə yoxdur". Yəni birbaşa "münaqişə yoxdur" deyə bilmir. Çünki münaqişə var. Təsəvvür edin, C.Bayramovla A.Mirzoyan Antalyada görüşür, müzakirə aparırlar, həmin anda şərti sərhədlərdə erməni tərəfi atəşkəsi pozur. Belə halda "münaqişə de-fakto yoxdur" açıqlamasına necə inanaq?! Əgər Ermənistan silahlı qüvvələri intensiv təxribat törədirsə, atəşkəsi davamlı pozursa, deməli, münaqişə qalmaqdadır. Ardınca Mirzoyan siyasi manipulyasiya edir və "faktiki sülhün olmadığını" da söyləyir. Elə zənn edir ki, Forumda ondan başqa ağıllı adam yoxdur".

Politoloq İlyas Hüseynov da "Sherg.az"a deyib ki, heç bir sənəd, heç bir kağız parçası dövlətlərarası sülhü, münasibətləri formalaşdırmır. Ekspertin sözlərinə görə, sülh üçün konseptual yanaşma lazımdır: 

"Düşüncədən tutmuş davranışlaradək hər şey sinxronluq təşkil etməlidir. Sülh mətninin sonda razılaşdırılmış iki maddəsində də müəyyən məqamlar açıq qalmaqdadır. Məsələn, maddələrdən birində nəzərdə tutulur ki, şərti sərhədlərdə üçüncü qüvvələr olmamalıdır, geri çəkilməlidir. Bu gün Avropa İttifaqının "mülki missiyası" Ermənistandadır və binokl diplomatiyasını həyata keçirirlər. Monitorinq adı altında Azərbaycanın mövqeləri izlənilir, kəşfiyyat məlumatları toplanılır. Ermənistanın əsas məqsədi diqqəti yayındırmaq, müxtəlif manipulyasiyalar etmək və revanş üçün bazisi formalaşdırmaqdır. Gələcək nəsillərin hazırkı vəziyyəti dəyişmək uğrunda mübarizəsinə rəvac verməkdir. Azərbaycan isə buna imkan vermir. Bütün revanş elementlərini, problem və məsələləri vahid prosesin içində həll etməyi düşünür. Düzdür, tərəflər sülh müqaviləsinin maddələrini razılaşdırıblar. Amma legitim, beynəlxalq hüquqa əsaslanan, ədalətə söykənən tələblərimiz var". 

Analitik vurğulayıb ki, Minsk qrupunu sadəcə iki dövlətin siyasi iradəsi ilə ləğv etmək asan deyil: 

"Çünki ATƏT-in özü konsensus əsasında fəaliyyət göstərir. Təşkilat çərçivəsində digər dövlətlərin də bu məsələyə səs verməsi labüddür. Ola bilsin, 1992-ci ildə Minsk qrupunun təsis olunmasında qanun pozuntularına yol verilib, amma reallıqda bu qrup 30 ilə yaxın "fəaliyyət" göstərib. Hər iki tərəf status-kvonun dəyişməsi ilə bağlı ATƏT-in katibinə müraciət ünvanlamalıdır. Lakin İrəvanın bu istiqamətdə praktiki addımı yoxdur. Bəyanatlar müstəvisindən o yana keçilmir. O cümlədən, Ermənistan Konstitusiyasının dəyişməməsi Azərbaycana qarşı ərazi iddilarının hələ də hüquqi zəmində saxlanılması deməkdir. Bunlar İrəvanın iddia etdiyi kimi yeni deyil, lap əvvəldən gündəmdə olan fundamental, hüquqi, siyasi və tarixi əhəmiyyətli tələblərdir. Ermənistanın kommunikasiyalarla bağlı mövqeyi də aydın deyil. Elə bu məsələ çıxılmaza getdiyi üçün onu sülh mətnindən kənarlaşdırdılar, sonraya saxlanıldı. Azərbaycanın mövqeyi problemləri "asandan çətinə doğru" həll etməkdir, çünki əks halda yol qət etmək mümkün olar".