Ermənistan dövlət olaraq qalıcı sülhə razılaşmalı, hazır olmalıdır -POLİTOLOQ

Paşinyan bu gün var, sabah olmayacaq


Ermənistan Baş naziri Nikol Paşinyan sülhlə bağlı açıqlamalar verib. Baş nazir bildirib ki, Ermənistan Azərbaycanla eyni zamanda sülh sazişi imzalamağa və ATƏT-in Minsk qrupunu ləğv etməyə hazırdır. Paşinyan qeyd edib ki, İrəvan Azərbaycanın ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı irəli sürdüyü gündəliyi başa düşür: "Doğrudan da, əgər biz Qarabağ münaqişəsi ilə bağlı səhifəni bağlayırıqsa, onda onun həllindən bəhs edən format nəyə lazımdır? Biz sülh sazişinin bağlanmasını və eyni zamanda ATƏT-in Minsk qrupunun buraxılmasını təklif edirik - yəni hər iki sənədin eyni gündə imzalanmasını". Baş nazir vurğulayıb ki, Ermənistan Azərbaycana sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması barədə birgə bəyanatı eyni vaxtda imzalamağı təklif edir: "Yəni sülh sazişi və ATƏT-in Minsk qrupunun buraxılması ilə bağlı birgə bəyanatı masaya qoymaq, həm birincini, həm də ikincini eyni yerdə və eyni vaxtda imzalamaq". Paşinyan bildirib ki, əgər Konstitusiya Məhkəməsi sülh sazişinin Ermənistan Konstitusiyasına uyğun gəlmədiyinə qərar verərsə, o zaman Ermənistanın konkret vəziyyəti və sülh ilə münaqişə arasında seçim etmək zərurəti olacaq. 

Politoloq Qulamhüseyn Əlibəyli "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistan Minsk qrupu kimi lazımsız mövzunu özünün "prinsipial məsələ"sinə çevirib. Ekspert vurğulayıb ki, halbuki, bu qurum onsuz da fəaliyyətsiz olan mənasız və faydasız institut idi: 
"Azərbaycan ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı ona görə israrlı mövqe sərgiləyir ki, bu qurum mandatından kənar hərəkətlərə yol verə bilər. Yaxud maraqlı güclər ondan öz məqsədləri üçün sui-istifadə edərlər. Digər tərəfdən mövcud reallıqlar da Minsk qrupunun ləğvini qaçılmaz edir. Məntiqlə Minsk qrupu keçmiş Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün təsis edilmişdi. 5 ildir belə bir münaqişə yoxdur, amma Minsk qrupu hələ də qalmaqdadır. Əslində, bizim üçün qalıb-qalmamasının prinsipial əhəmiyyəti yoxdur. Sadəcə qayəmiz odur ki, kimlərinsə təhriki ilə gələcəkdə burnunu hansısa işlərə soxmasın. Ermənistan hökuməti zənn edir ki, Minsk qrupu qalarsa, o sayədə xarici dövlətlərin regiona nüfuz etməsinə imkan yaranacaq. Görünür, İrəvan da yavaş-yavaş anlayır ki, Minsk qrupundan onlara fayda gəlməyəcək. Ona görə belə bəyanatlar səsləndirirlər. Ancaq Paşinyan hökumətlərinin bəyanatlarına da etimad yoxdur. Zaman göstərir ki, İrəvan hökuməti tez-tez öz mövqeyindən dönə bilir. Əks halda "ölmüş" bir qurumla bağlı birgə müraciəti niyə bu qədər yubadır, uzadırdılar?!".  

Q.Əlibəyli vurğulayıb ki, Ermənistan yenə siyasi manipulyasiya edir:
 "Paşinyan bildirir ki, sülh sazişi ilə bir yerdə Minsk qrupunun ləğvinə dair sənədi də imzalamağa hazırdır. Bununla sülh prosesinin tamamlandığı görüntüsünü yaradırlar. Halbuki, əsas tələbimizdən biri - Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsidir. Azərbaycana qarşı konkret ərazi iddiaları qaldığı müddətcə Ermənistanla sülh yarımçıqdır. Ermənistan Ali Sovetinin 1992-ci ildəki qərarına əsasən İrəvan hökuməti Qarabağın Azərbaycan ərazisində qalmasını əks etdirən heç bir sənədə imza ata bilməz. Həmin qərarı da mütləq ləğv etməlidirlər". 

Siyasi şərhçinin qənaətincə, problem ondadır ki, Ermənistan üzərinə götürdüyü öhdəlikləri icra etmir:
 "Bu ölkəyə etimad sıfırdır. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanata əsasən Zəngəzur dəhlizi açılmalıydı. Üzərindən 5 il ötsə də, hələ də razılıq yoxdur. Hətta dəhliz məsələsi o qədər qəlizləşdi ki, sülh mətnindən də çıxarıldı. Paşinyan ara-sıra "pozitiv" olsa da, Ermənistan hər vasitə ilə sülhdən yayınmağa çalışır. Biz Ermənistanı məğlub etmişik və məhz bu ölkə ilə sülh müqaviləsini imzalamaq istəyirik. Müqaviləni Paşinyanla imzalamırıq ki, baş nazir hansısa vədlər versin. Paşinyan bu gün var, sabah olmayacaq. Ona görə də Ermənistan dövlət olaraq qalıcı sülhə razılaşmalıdır".