Nazir Hakan Fidan ABŞ-lı həmkarı Rubio ilə görüşdü

Türkiyə Xarici işlər naziri Hakan Fidan, NATO Xarici İşlər Nazirlərinin Antalyada keçirilən qeyri-rəsmi toplantısı çərçivəsində ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb.

Sherg.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələrdən əldə olunan məlumata görə, görüşdə dövlət başçıları səviyyəsində planlaşdırılan qarşılıqlı səfərlərlə bağlı görülən hazırlıqlar müzakirə olunub.

Görüş zamanı Rusiya-Ukrayna müharibəsinin həllində dialoqun ön plana çəkilməsi və münaqişənin danışıqlar yolu ilə bitirilməsi istiqamətində fikirlər səsləndirilib. Bu məqsədlə son dövrlərdə Türkiyə və ABŞ arasında aparılan diplomatik təmasların əhəmiyyətinə toxunulub və tərəflərin birbaşa danışıqlar aparması üçün səylərin davam etdiriləcəyi vurğulanıb.
Fələstindəki vəziyyətin də gündəmə gəldiyi görüşdə, nazir Fidan Qəzzadakı humanitar şəraitin yaxşılaşdırılması üçün təcili tədbirlər görülməsinin vacibliyini qeyd edib və bu məsələdə birgə səylərə ehtiyac olduğunu bildirib.
Görüşdə həmçinin İranın nüvə proqramı ilə bağlı ABŞ ilə İran arasında aparılan danışıqlar prosesi müzakirə olunub. Bununla yanaşı Suriyadakı son vəziyyət də dəyərləndirilib. Cənubi Asiyada gərginliyin azaldılması və sabitliyin təmin olunmasının önəmi qeyd edilib. ABŞ Prezidenti Donald Trampın Körfəz ölkələrinə səfəri də müzakirə mövzusu olub.