İlham Əliyev Tirana sammitini də Azərbaycanın uğur faktına çevirməyi bacardı -ANALİZ

Albaniyanın paytaxtı Tirana şəhərində Avropa Siyasi Birliyi 6-cı Zirvə toplantısının açılış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak edib. Builki Zirvə toplantısında ümumilikdə 50-yə yaxın ölkədən dövlət və hökumət başçıları iştirak ediblər. Tədbirdə innovasiya, enerji və sənaye davamlılığına keçid yolu ilə rəqabətqabiliyyətli və iqtisadi təhlükəsizlik, miqrasiya, Avropanın yeni dünya kontekstində lider mövqe tutması kimi mövzular müzakirə olunub. Qeyd edək ki, Avropa Siyasi Birliyi təhlükəsizlik, iqtisadi sabitlik və demokratik idarəetmə kimi sahələrdə əməkdaşlığı gücləndirmək məqsədilə həm Avropa İttifaqı daxilində, həm də ondan kənarda kiçik və böyük ölkələr arasında siyasi və iqtisadi koordinasiyanı təşviq etməyə yönəlmiş hökumətlərarası platformadır. Birliyin məqsədi ümumi maraq doğuran məsələlərin həlli üçün siyasi dialoqu və əməkdaşlığı inkişaf etdirmək, Avropa qitəsinin təhlükəsizliyini, sabitliyini və rifahını gücləndirməkdir. Prezident İlham Əliyevin Tiranada bir çox ölkə lideri ilə yanaşı, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə də görüşü olub. Antonio Koşta və Ursula Fon der Lyayen Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini deyiblər. Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu vurğulandı. Bununla yanaşı, ölkəmizin regionda və onun hüdudlarından kənarda sülhün və sabitliyin təmin olunmasında müxtəlif tərəflər arasında dialoqun aparılması üçün platforma rolu oynadığı da məmnunluqla qeyd edilib. Prezident İlham Əliyev Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrə mühüm əhəmiyyət verdiyini deyərək, ölkəmizin Avropanın enerji təhlükəsizliyində roluna toxunub. Dövlət başçısı ölkəmizlə Avropa İttifaqı arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivlərin olduğunu dedi, bu gün Avropanın 10, o cümlədən Avropa İttifaqının 8 ölkəsinin enerji təminatında Azərbaycanın rolunu vurğulayıb. Ölkəmizin Orta Dəhlizdə oynadığı vacib rola toxunan Prezident İlham Əliyev bu dəhlizin inkişafı məqsədilə Azərbaycanda yaradılmış nəqliyyat infrastrukturuna qoyulmuş investisiyaları və bu istiqamətdə aparılan işləri qeyd edib. Dövlətimizin başçısı Orta Dəhlizlə yüklərin daşınma həcminin artdığını da deyib. Söhbət zamanı Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentləri səviyyəsində Xəzər dənizi vasitəsilə Mərkəzi Asiyanın bərpaolunan enerji resurslarının ötürülməsi sahəsində imzalanmış strateji tərəfdaşlıq haqqında Sazişə, həmçinin Qara dənizin dibi ilə bərpaolunan enerji resurslarının ixracı üçün elektrik kabel xətti layihələrinə toxunulub. Avropa İttifaqı ilə əməkdaşlıq üçün bu istiqamətlərdə geniş imkanların olduğu qeyd edilib. Görüşdə Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində aparılan müzakirələrə toxunuldu, bu sahədə də Avropa İttifaqı ilə əməkdaşlıq üçün böyük perspektivlərin mövcud olduğu vurğulanıb. Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Azərbaycan siyasi, geosiyasi, enerji, nəqliyyat sahələrində,  ümumilikdə, dünyada qlobal problemlırin aradan qaldırılmasında etibarlı tərəfdaş kimi bir daha görünür və qəbul edilir. Bir müddət əvvəl düşünülə bilərdi ki, Azərbaycanın Aİ ilə əlaqələri geriyə doğru gedir. Aİ-nin əvvəlki administrasiyası tərəfindən Azərbaycana münaaibətdə haqsızlıq var idi. Ancaq Azərbaycanın qəti mövqeyi bunun aradan qaldırılmasına səbəb oldu. Aİ də başa düşür ki, onun Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə siyasətinin həyata keçirilməsində Azərbaycan etibarlı tərəfdaşdır. Kaya Kallasın Azərbaycan səfəri, Koştanın cənab Prezidentlə telefon danışığı, Ursula fon der Lyayenin də Koşta ilə birgə Prezident İlham Əliyevlə görüşdə iştirakı Aİ nin Azərbaucana verdiyi əhəmiyyətin bariz nümunləridir. Bu gün Aİ ilə Azərbayca arasında siyasi münasibətlər tamamilə bərpa olunub və normal məcradadır. Ermənistan Aİ ilə münasibətlərində regionda əlahiddə və inhisarçı mövqeyə sahiblənməyə, ayırıcı xətlərin yaranmasına  çalışırdı. Aİ-də də bu cəhdləri dəstəkləyən qüvvələr də vardı. Amma Prezident İlham Əliyevin qətiyyətli siyasəti bu kimi faktorların aradan qalxmasına səbəb oldu. Səfər çərçibəsində Prezident İlham Əliyevin Avropa ölkələrinin liderləri ilə ikitərəfli görüşləri Azərbaycana olan marağı və ölkəmizə verilən əhəmiyyəti, əməkdaşlıq etmək istəyənlərin böyük miqyasını nümayiş etdirdi. Bir tərəfdən Azərbaycan Çinlə hərtərfli strateji tərəfdaşlıq əlaqələri qurdu. Mərkəzi Asiya, Yaxın Şərq  ölkələri ilə əlaqələrini inkişaf etdirdi. Digər tərəfdən də Aİ ilə münasibətlərini normal məcrada, qarşılıqlı maraqlara cavab verən formada inkişaf etdirir.

Politoloq Əlisahib Hüseynov Sherg.az-a deyib ki, Azərbaycan Prezidentinin “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısında iştirakını sözün bütün mənalarında triumfal səfər hesab etmək olar. Ekspertin sözlərinə görə, dövlət başçısı “Avropa Siyasi Birliyi”nin 6-cı Zirvə toplantısına bütün istiqamətlərdə - həm sahədə, həm masada, həm də geosiyasətdə həlledici üstünlük qazanmış ölkənin qalib lideri kimi qatılmışdı:
 "Səfər zamanı kuluarlarda və toplantı zalında yaşanan olduqca maraqlı anları da yəqin ki, hamınız izlədiniz. Prezident İlham Əliyevin Avropa Ittifaqı (Aİ) Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşü zamanı hər iki Aİ lideri Azərbaycanın Avropa İttifaqının vacib və etibarlı tərəfdaşı olduğunu bildirərək, ölkəmizin xüsusilə Avropanın enerjiyə ehtiyacı olan zaman göstərdiyi dəstəyi yüksək qiymətləndirdiklərini bildirdi. Eyni zamanda, Azərbaycanın Mərkəzi Asiya regionu ilə əlaqələri və Orta Dəhlizdə aparıcı rolu xüsusilə vurğulandı. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İlham Əliyev və Nikol Paşinyanla söhbət edərkən, Ermənistanın uğurlu gələcəyinin yalnız Türkiyə və Azərbaycanla normal münasibətlər qurmaqdan asılı olduğu həqiqətini bir daha Ermənistan baş nazirinin diqqətinə çatdırdı. O, həm də əsl ağsaqqal ədasıyla və təcrübəli siyasət qrossmeyestri kimi Paşinyanı başa saldı ki, bundan sonra kənar yerlərdə havadar axtarmasın".

Analitik vurğulayıb ki, eyni ovqatı Fransanın Prezidenti Emmanuel Makronun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə də müşahidə etdik:
  "Belə ki, İlham Əliyev Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edərkən, Emmanuel Makron İlham Əliyevə yaxınlaşaraq onunla isti görüşdü və həmçinin, əliylə kənarda dayanmış Paşinyanı göstərərək səmimi söhbət etdi. Makron sanki bu hərəkəti ilə demək istəyirdi ki, indi Ermənistanın taleyi artıq Parisdən yox, Bakıdan asılıdır. Bu, həm də Fransanın Cənubi Qafqaz siyasətinin iflasa uğramasını təsdiqləyən anlar idi. İlham Əliyevin Paşinyanla ikili söhbəti də əsl qalib lider performansına uğun görüntülərlə müşayiət olundu. Bəli, bu görüş əsnasında Azərbaycan Prezidentinin davranışında, oturuşunda, danışığında xalqına və özünə böyük güvən diqqəti cəlb edirdi. Bu fikrimi yəqin ki, bədən dili mütəxəssisləri də təsdiqləyərlər. Qlobal xaosun hökm sürdüyü, yeni dünya düzəninin formalaşmasının təlatümlü proseslərlə müşayiət olunduğu hazırkı kritik məqamda Azərbaycan Prezidenti maksimum dəqiqliklə hesablanmış optimal xarici siyasət yürütməklə ölkəmizin geosiyasi mövqelərini daha da gücləndir və Azərbaycanın Qərblə Şərq, Qlobal Cənubla Qlobal Şimal arasında etmad körpülərinin qurulmasında, tərəfdaşlığın gücləndirilməsində, regional təhlükəsizliyin qorunmasında rolunu getdikcə artırır. Bütün bunlar da öz növbəsində İlham Əliyevə özünü daha əmin-arxayın, güclü və özgüvənli hiss etməsinə imkan verir. Beləliklə, qürurla deyə bilərik ki, İlham Əliyev Praqa sammitindən sonra Tirana sammitini də Azərbaycanın növbəti uğur faktına çevirməyi bacardı".